Bu günə təsədüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq. Qeyd etdiyimiz kimi, bu gün görkəmli xanəndəmiz Əbülfət Əliyevin anadan olmasının 95 illiyidir. SSRİ adlı keçmiş vətənimizin də qurulmasının bu gün 30 illik yubileyidir. Bu iki hadisə barədə ayrıca qeydlərimiz var, odur ki, digər hadisələrə keçək.
30 dekabr
Kerosin lampasındakı şeir
Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.
Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirəm, bekonun üstünə soda səpib yemək mümkündürmü.
Səddamdan Həbibədək
2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.
Tanınmış alimimizin yubileyi
30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin 95 illiyidir. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.
Varisin “Həftənin təqvimi” yazısından