Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, neçə gündür ki, dünyaca ünlü «Öz xəstəliyini sev» kitabının müəllifi Sinelnikovdan danışırıq. Onun sözügedən kitabında müalicə metodundan gətirilən bir nümunəni də diqqətinizə çatdırmaq istəyirəm:
Demək, onun qəbuluna bir ortayaşlı kişi gəlir. Ağciyər soyuqlamasının şiddətlənməsi diaqnozu ilə. Artıq orqanizm antibiotik qəbul edə bilmir. Vəziyyət ümidsizdir. Ondan həyatının son dönəmini öyrənirlər. Məlum olur ki, xəstəliyin şiddətlənməsindən bir qədər əvvəl kişinin işdə rəhbərliklə ciddi konflikti olub. Nəticədə onun qəlbində rəisə qarşı bərk inciklik yaranıb, sonra da bu inciklik bütün kollektivə, bütün dünyaya qarşı olub.
Həkim ona deyir:
- İnciklik bir insana, onun bütün nəslinə sənin şüuraltı gizli ölüm arzundur. Bu məhvedici proqram sonradan onun müəllifinə, yəni sənə xəstəlik kimi qayıdıb.
Və başa salır ki, xəstəlik – insanın fikir və emosiyalarının fiziki səviyyədə xarici əksi, nəticəsidir. Fikir – xüsusi enerji, kodlaşdırılmış informasiyadır. Və ona müvafiq olaraq fiziki planda insan orqanizmində nəsə dəyişiklik olmalıdır. Əgər fikir dağıdıcıdırsa, məsələn, inciklik, ittiham, nifrət həddindədirsə, onda fiziki planda ona müvafiq xəstəlik də peyda olur.
Kişinin: «Bəs indi mən nə edim?», - sualının qarşılığında «Bu proqramı neytrallaşdırmağın yeganə yolu rəisi bağışlamaq, hətta ona minnətdarlıq bildirməkdir», - cavabı verilir. Həkim onun təəccübünə rəğmən bildirir ki, sənin incikliyinin mənbəyi rəisində deyil, sənin özündədir (Kişi vəzifəsinin yüksəldilməsini, əməkhaqqının artırılmasını istəyirmiş, halbuki özü də etiraf edir ki, buna, əslində haqqı çatmırmış).
Kişi vəziyyətinin ümidsiz olduğunu görüb dərhal həkimlə razılaşır. Elə ki həmin andan etibarən o, əvvəlki həyatına tövbə edir, növbəti günlərdə üzrxahlıq və minnətdarlıqla öz neqativ şüuraltı proqramını neytrallaşdırır, özünə, işinə, rəhbərliyə münasibətini tam dəyişir, təbii ki, pəhrizin, müalicəvi otların da köməyi ilə xəstəlik də tədricən yox olur.
Kainatın qanunları səmavi kitablarda yer alıb, hər bir kəsdən, sadəcə, bunları anlamaq tələb olunur. Əvvəllər insanlar daha çox dinə inanır, müqəddəs kitabların tövsiyələrinə əməl etməyə çalışırdılar. Əfsus ki, hazırkı «sivilizasiya» dünyasında əsas güc maddiyyata verilir, dini inkişafa elə də diqqət yetirilmir.
Hazırda insanın energetik imkanları xeyli artıb, halbuki onun sevgini, xeyir işləri, ilahi bilgiləri qavramaq səviyyəsi əvvəlki təki qalıb. Bu da bəşəriyyəti qəza təhlükəsi ilə üzbəüz qoymaqdadır. Vanqalar və Vanqa kimi digər öncəgörənlər də məhz buna görə həyəcan təbili çalmaqdadırlar.
Demək, əziz oxucularım, əgər siz xəstələnmisinizsə, bu o deməkdir ki, sizin şüuraltı əqliniz sizə şüuraltınızda kainat qanunları ilə konfliktə girən hansısa bir davranış, fikirlər barədə məlumat ötürür. Birincisi, müalicə üçün ilk öncə müəyyənləşdirməlisiniz ki, bu hansı davranış, hansı fikirlərdir. İkincisi, özünüz kainat qanunlarını dərk etməli, həqiqəti tanıyıb ona tapınmalısınız.
Və sonda onu da deyim ki, mən şəxsən həmişə xəstələnəndə ənənəvi tibb üsullarını qeyri-ənənəvi üsullarla əvəzləyərək sağalıram. Və buna şüurumdakı qorxu, inamsızlıq, ümidsizlikdən ibarət neqativ fikir tüğyanını büsbütün inam, iradə güc və dözüm kimi pozitivliklərə dəyişməklə nail ola bilirəm.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)