“Sən heç pəncərələrin ağlamağını görmüsənmi?” - 10 SUAL KAMRAN YUNUSLA Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının sevimli qonağı dəyərli sənətkarımız Kamran M. Yunisdir.

Kamran Yunis 5 dekabr 1974-cü ildə Bakıda anadan olub, əslən Balakəndəndir. 

1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlunun, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarında iştirak edib. “Odlar Yurdu Azərbaycan” filmi "ARRİ" mükafatına layiq görülüb. 

2015-ci ildə Türkiyədə “Xəlvətdə qalmış müdrik” filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi “Rami” filmi 2007-ci ildə Hindistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. “Rami” filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb. 

2012-ci ildə Azərbaycanda ilk olaraq Redyard Kiplinqin "Mauqli" (8 saat) audio kitabını ərsəyə gətirib, bu da gözdən əlil və fiziki imkanları məhdud olan uşağlar üçün nəzərdə tutulmuşdur. 

2019-cu ildə isə Vaqif Səmədoğlunun  şeirlərindən ibarət " Xatirəni… gəl özün apar" audio kitabının müəllifi də məhz Kamran M. Yunisdir. 

Sənətçi Kamran M. Yunis 2006-cı ildən (AzTV) dublyaj sahəsində çalışır və 5000-ə yaxın filmin ana dilimizdə səslənməsində zəhməti var. Onun Azərbaycan poeziyasından səsləndirdiyi 2500 dən çox şeir, poema, nağıl dinləyicilərin ruhunu oxşayır.

 

-Əziz Kamran bəy, L. Tolstoy çox gözəl söyləyib ki: " Güclü insanlar həmişə sadədir." Sizi tanıyanlar güclü olduğunuzu anında qəbul edirlər. Bu gün xalqın sevimli obrazı Kamran  M. Yunis qonağımız olduğu üçün biz də sevinirik, elə səbirsiz, ərköyün suallarımız da. Bu dəqiqə sıradakı  o biri suallar 1- ci suala paxıllıq edirlər, axı sırada birinci olduğu üçün Sizinlə ilk o görüşəcək. Elə isə o sualları bir az da hövsələdən çıxarmayım. Əziz Kamran bəy, 1- ci sualımız ürək döyüntüləri ilə Sizə yaxınlaşır.

 

-Salam, xoş gördüķ, rubrikaya dəvətiniz üçün minnətdaram, keçək suallara.

 

1) 

-Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)

Dəyərli sənətkarımız, bu ifadə ilə bağlı nə söyləmək istərdiniz?

 

-Mən axır vaxtlar tez- tez bir söz söyləyirəm. "Nə yaxşı ki aktyor olmadım." 

Təbii ki, burada bildiyimiz Azərbaycan aktyorundan söhbət gedir, çünki başqa yerlərin aktyorlarını az- az görmüşəm. Mən bizim məmləkətin aktyorlarına oxşamaqdan qorxuram. Hamısını söyləməyəcəyəm, çox cüzi sayda istisinalar var ki, onları çıxmaq şərtilə..

“Mən aktyor ola bilmədim." Mən səhnədə yaxşı oynadım, amma həyatda aktyor ola bilmədim. Amma bir sənətçi kimi heç vaxt tərif ummadım, lakin dəyər umdum, dəyərləndirilmək istədim. Haqq elədiyim dəyəri almaq istədim, duymaq istədim. Ustadlarımdan bu dəyəri aldım. Bundan sonra elə bir insan yoxdur ki, bəlkə də, mənə dəyər verəcək və bundan xoşbəxt olacağam. Lakin tərif ummamışam. Əsl insan olmaq arzusundayam. Əsl insan bir ömür yaşayıb son nəfəsində də əsl insan kimi bu dünyadan köçən insana deyilir. Hər dünyaya gəlib bu gün bir yaxşılıq elədi, sabah bir yaxşılıq etdi, bu əsl insan demək deyil. Əsl insan sözün əsl mənasında insandır. Hər anı gözəlliklərlə dolu hər saniyəsi yaxşılıqla, sevgi, sevinclə dolu, təkcə öz sevdiyinə yox, bütün  dəyərli insanlara dəyər verməklə bəzənmiş insan əsl insandır. 

İnsan sevgisizlikdən məhv olar. Dünyamız bu gün sevgisizlikdən məhv olur, başqa şeydən yox, mümkün deyil.

 

2) 

Sən heç pəncərələrin ağlamağını görmüsənmi?

Səssiz-səssiz, için-için...

Görmüsən bilirəm.

Bilirsən niyə danışdım bu boyda saçmalamanı?

Çünki mən də hərdən-hərdən, eləcə

səssiz-səssiz, için-için...

ağlayıram... eynən pəncərələr kimi.

Dərdimi, kədərimi kimsəyə danışa bilmədən.

Sadəcə və sadəcə ağlayıram.

Ağlayıram damla-damla,

pəncərələr kimi. 

(Kamran Yunis)

 

Əziz Kamran bəy,  " qaynar ürək" "buz tutmuş" hisslərdən uzaq  ürəyə bağlanırsa, o pəncərə kimi ağlamağa məhkummu, səssizlik içində fəryadı hər ürək duya bilirmi?

 

- Bəzən sevdiyimiz insanlar- bizə ən dəyərli olanlar belə, o ürəyin fəryadını, hisslərini incəliyinə kimi, zərifliyinə kimi duya bilmirlər. Elə, bəlkə də, insanı qocaldan, insanı öldürən budur. Duya bilsəydi, anlaya bilsəydi, hiss edə bilsəydi, bəlkə də, insan 100- 150 il yaşayardı. Xoşbəxt o insandır ki, bir- birini duya bilir, bir- birini hiss edir, hətta bir nəfəsdən, bir baxışdan, bir toxunuşdan belə anlayır. Bu xoşbəxtlikdir, amma xoşbəxtlik də nisbi anlayışdır. Ümumiyyətlə, dünyamız, nisbi dünyadır, hər şey nisbidir bu dünyada. Təəssüf ki, çox təəssüf ki, haqqında danışdığımız o sevgilər belə, nisbidir.

 

3) 

Sadəlöv könlümdən mən cana gəldim, 

Cəfakeş canımdan fəğana gəldim.

Mənsiz də dünyanın işi keçərdi,

Əcəba, nə üçün cahana gəldim?!

(Ömər Xəyyam)

 

Kamran Yunis özü- özünə, çox güman ki, bu sualı verib və indi biz də o cavabı eşitmək istəyərdik. “Əcəba, nə üçün cahana gəldim?!”

 

- Ömər Xəyyam, demək olar, ən çox dəyər verdiyim, dünyanın ən çox hiss edib dəyər verdiyi, məmləkətimizin cahillikdən dolayı dəyər vermədiyi, bədbəxtlik ucbatından 

"alkaş" kimi qələmə verdiyi Ömər Xəyyamdır.

Əcəba, nə üçün cahana gəldim?! Ona görə ki, Allah Tala atamın qarşısına anam kimi bir dəyərli insan çıxardı, anamın qarşısına da atam kimi dəyərli insan çıxardı. O sevgidən, sevgisizlikdən yox, o sevgidən dünyaya gəldik. Nə xoş ki, sevgidən dünyaya gəldik. Xoşbəxt o insandır ki, sevgidən dünyaya gəlir. Bax bugünkü dünyamızda böyük problemlər, bilirsinizmi, niyə var? Çünki insanların çoxu sevgisizlikdən dünyaya gəlir.

Mən nə üçün cahana gəldim?

Mənə elə gəlir ki, Allah Tala mənə bir missiya verib ki,  Azərbaycan mədəniyyəti, Azərbaycan sözü, Azərbaycan şeiri, Azərbaycan nəfəsi, Azərbaycan hərfi, bax bütün bunların fonunda bir missiya verib ki, bu gün o missiyanı yerinə yetirirəm, bəlkə də, ondan ali nöqtədə Azərbaycan mənəviyyatı, Azərbaycan əxlaqı gəlir. 

Bəli, dünyaya xeyli peyğəmbərlər gəlib. Onlar dünyanı düzəldə bilmədilər, mən də dünyanı düzəldə bilmərəm, amma nə isə edə bilərəm. Əgər 10 milyonluq Azərbaycanda 1 insanı pis  yolundan döndərib 1 insanın mənəviyyatında 1 işıq yandırıb, ruhunda 1 şam, içində 1 ocaq  qalaya bilmişəmsə, bilirəmsə və qalaya biləcəyəmsə, nə xoş mənə. Bax o zaman deyəcəyəm ki: " Cahana buna görə gəldim."

 

4) 

Hara gedirsən get...

getdiyin yol sənin yolundur,

gəldiyin yol da sənin yolundur -

biri səndən gedir,

biri də sənə gedir...

əsas odur YOL olsun, hərdən gedib gəlməyə...

fərqi nədir?,

(Kamran M. Yunis)

 

Sevimli sənətkarımız, bəs yolumuza  tikanlı kollar çıxırsa, o kollardan necə “qurtulaq" ki, canımız acımasın? Mümkündürmü?

 

-Xeyr, əgər insansansa, mənəviyyatın varsa, mümkün deyil. Çünki aliliyə gedən yol  tikanlardan keçir. Aliliyə gedən yol hər zaman əzablardan, ağrılardan keçir. Bir uşaq dünyaya gəlirsə, ananın ağrılarından gəlir, Sağlam ağaca  qulağımızı qoysaq, o ağacın içərisində qəribə səslər eşidiləcək sanki yer yarılırmış kimi, yer aralanırmış kimi. Bu da ağacın ağrılarıdır. O ağrılar ağacın inkişafına şərait yaradır. Mümkün deyil, ağrısız- acısız, kolsuz- kossuz aliliyə gedib çıxa bilmərik. Bugünkü  Kamranı var eləyən,  bugünkü Kamranı Kamran kimi cüzi də olsa, mənəvi dəyərlərlə bir insan kimi var eləyən yalnız yaşadığı ağrı və acılarıdır. Allaha  şükrlər olsun ki,  məni bu ağrı- acılardan keçirib gətirib. Bir nöqtəyə gətirib çıxarıb, hansı nöqtədə olduğunu bilmirəm. Ağrı- acısız heç nə mümkün deyil. Çörəyi bişirmək üçün xəmir yoğurursan, bir uşağı tərbiyə etmək üçün qulağını dartırsan, arada acı söz də söyləyirsən.  Hər bir şey o "ağrılı kol- kosdan" keçir.

 

5)

“Vicdan haqqı"nın Yusifi  ilə Kamran Yunisin oxşarlıqları və fərqliliklərinə misal gətirsəydiniz, necə müqayisə edərdiniz?

 

- Hamısı elə Kamrandır, oynadığım rolların hamısı mənəm, pisi də mənəm, yaxşısı da mənəm. Pisi Kamranın pis tərəfləridir, yaxşısı Kamranın yaxşı tərəfləridir. Sadəcə, Kamran insan olaraq nəfsini cilovlayıb, əxlaqının mənfi tərəfini cilovlayıb və mənfi xüsusiyyətləri atın yüyənini dartıb saxlayan kimi saxlayırıq ki, mənfi tərəflər ortaya çıxmasın. Amma bəzi insanlar o mənfi xüsusiyyətləri dartıb cilovlaya bilmirlər. Onlar nəfsini saxlaya bilməyəndə nəfsinin köləsinə çevrilir və öz nəfsinin əlində itə, rama gəlməyən ata dönüb nəfsinin qulu olur. Ali insan özündə mənfiləri yığışdırıb müsbətləri saxlayır. O ki qaldı Yusifə, Yusif hələ mənim özüməm, mənim özümdə olan dəyərli xüsusiyyətlərim Yusifdə daha çox görünür.

 

6) 

Dəyərli Kamran bəy, uşaqlığınızdan bu saniyəyə qədər haqqınızda film çəkilsəydi, bu filmin adı nə olardı?

 

- Bu sual mənə çətin və eyni zamanda maraqlı gəldi.  Bilmirəm.. Heç vaxt bu barədə düşünməmişəm. Yəqin ki, "3 nöqtə" qoyardım.  Və ya " K" - dən başlayıb " S"- da dayanan bir ömür- Kamran Yunis.  Xəyallarımda, həyatımda, ömrümdə var olan o SƏN, o böyük SƏN hansı ki, bu gün yaşamağımda, ömrümə- günümə o işıq salan SƏN də 3 nöqtədir, 3 hərfdir. Onu yalnız mən bilirəm, o mənim dünyamdır. Mən o dünyamda var oluram. Bəlkə, o 3 nöqtə Allahdır, atamdır, anamdır. Amma 3nöqtə olardı, çünki sevdiyimiz insanlar bizi var edir. Allah bizi xəlq etdi, amma bizi var eləyən dünyada olsalar, olmasalar da, ata- anamızın ruhu və sevdiyimiz insandır.

 

7) 

Dünyaya zinyətdir təmiz insanlar, 

Dünyaya bir dərddir xəbis adamlar.

Heyif ki, qalıbdır hələ cahanda

İnsan qiyafəli iblis adamlar.

(Xəlil Rza Ulutürk)

 

Kamran Yunis bu iblislərin donunu necə çıxarıb çılpaqlığı ilə təsvir edir?

 

- İblislərin donunu çıxarmaq mümkün deyil ki, İblislər bu dəqiqə elə gözəldirlər ki.. Yol gedirik rastmıza gözəl- gözəl gözəldən də gözəl xanımlar çıxır. İçində İblis yatır. Onu necə oradan çıxarmaq olar ki?!

O özü onu istəməsə? 

Yol gedirik, rastmza enlikürəkli, yaraşıqlı oğlan çıxır, xanım çıxır, xatun çıxır və həyat onu silkələyir. Görürsən ki, içində bir İblis yatır, içində bir şeytan yatır. Onları ifşa etmək mümkün deyil, onları haqq dünyasında da Allah Tala  ifşa etmir. Sadəcə, bu dünyadan götürüb o dünyanın "Qaynar qazanına" atır ki, gedin orada yanın. Onları ifşa etmək mümkün deyil, çünki simasızdılar. 1simasını çıxarırsan ikincisi gəlir, ikincisini çıxarırsan üçüncüsü gəlir.

 

8) 

Əziz Kamran bəy, Sizi özünüzdən çıxaran 3 səbəb nədir?

 

- Bəlkə də, nankorluq, insanların çörəyi dizinin üstündə olması, sevgisizlik, dəyərsizlik, qiymətsizlik. Məni özümdən çıxara bilməz amma. Çünki onlara  öyrəşmişəm.

Artıq məni heç nə özümdən çıxarmır. Yaxşı mənada məni özümdən çıxaran səbəb - sevdiyim insanı 1, 2, 3  saat eşitməyəndə, duymayanda, hiss etməyəndə özümdən çıxıram. 3, 4, 100 səbəbim o ola bilər, ayrı heç nə.. O qədər şərəfsizliklər, nankorluqlar, ləyaqətsiz insanlar görmüşəm ki, artıq  öyrəşdiyim üçün onlar məni özümdən çıxarmır. Yəqin ki, bu da kamilliyə gedən yolun növbəti pillələrindən biridir. Ona görə də yalnız sevdiyim insanları duymayanda özümdən çıxa bilərəm. İnsanları deyəndə sevdiyim "yek"-dir, mənəm, mənimdir.  Qardaşlarım, dünyanın ən gözəl varlığı olan qızım - sevdiklərimdir.

 

 

9) 

Dəmiri aynatək parladan insan, 

Pası silməlidir öz vicdanından. ( Nizami Gəncəvi)

Bəs Kamran Yunis “vicdanları pas tutmuşlara" nə söyləyərdi?

 

- Nə söyləyərdim onlara?

Deyərdim, "yazıq adamsız",  çox bədbəxt adamsınız, yeri gəlmişkən, bundan hardasa yarım saat qabaq özüm bir "cızma- qara",  şeir yazdım. Bir hissəsini oxuyacağam.

 

Bir gün də çıxasan ucadan da uca qaya üstünə,

Sanki dənizə baş vururmuş kimi

baş vurasan içinə.

Dalğıclar kimi uzun- uzadı üzəsən,

özün adlı dəryada..

Yaralarına məlhəm qoyasan, dərdlərinə ağlayasan, üzüləsən.

Kibirini süpürüb atasan, nifrətini söküb atasan.

 

Bax, yalnız ali insan özü- özünün içinə varıb xəyali də olsa, murdarlıqdan özünü təmizləyir. Pis, paslı insan nə bilsin ki, o paslıdır. Özü bilsə, bəlkə də, dəli olar. Əxlaqsız bilsə ki, əxlaqsızdır… Əxlaqsız üçün, bəlkə də, biz əxlaqsızıq. Vicdanı paslıların o pasdan xəbəri olmadığı üçün heç vaxt o pası silə bilməyəcək.

 

10) 

Hə, bir də...

Bu gözlərin dərinliyində, 

Taaam ürəyə yaxın yerdə, 

Bir təbəssüm yatır, gülüm...

O təbəssümü də sevməyə dəyər...

Yalnız Səninçün doğulur, Hərdən-hərdən... gözlərimdə, dodaqlarımda. 

(Kamran Yunis)

 

Dəyərli Kamran bəy, gözlərin və qəlbin təbbəssümü sevgidirmi, ruhuna yaxın ruhla qovuşmağın, xəyallarındakı obraza sarılmağın sevgidirmi, nədir sevgi Kamran bəy?

 

- Nəyahət 10- cu suala gəlib çatdıq.

Bu sual 2 "qola" ayrılıb.

Gözlərin və qəlbin təbbəssümü...  Gözlər və qəlb çox şeydən xoş hal olub sevinə bilər. Gözəl təbiətdən, gözəllik dolu bir dənizdən də gözlərə təbbəssüm dola bilər. Amma sevgi o qədər incə, o qədər zərif, o qədər xırda bir nöqtədir ki, o nöqtə özü boyda bir dünyadır. Bir insanın gözlərindəki, sevdiyi insanın o təbbəssümüdür. Sevdiyim insanın gözlərindəki o gülümsəyişdir sevgi. Sevdiyim insanın qolları arasındadır o sevgi. Sevdiyim insanın nəfəsidir sevgi. Bir insandır sevgi ki, o insan özü boyda bir dünyadır. O insanla ikimiz bir yerdə bir dünyayıq. Ayrı nə varsa, bir illüziyadır, ilğımdır. Sevgi 1nəfərdir. Bir insanla xoşbəxtsənsə, o sevgi varsa, o zaman sevirsən. Bir insanı sevib başqasında nəsə axtarırsansa, bu əxlaqsızlıqdır. Mənə elə gəlir ki, hər kəsin ömründə bir dünya boyda sevgisi var olur. Nə xoş o insanın halına ki, o insanı, o dəyəri, o dünyanı, o neməti, o xəzinəni, o ocağı, o istiliyi, o KAİNATI, o CAHANI qoruya bilir. İnsan buna deyilir. Yoxsa... 

 

-Əziz Kamran bəy, baxmayaraq ki, ömür saatlarınız çox məşğuldur- iş rejiminiz çox gərgindir, amma Əbülfəzqızının " 10 sualına" vaxt ayırdınız. Bunun üçün Sizə minnətdarıq. Bəs hansı sualımızı daha çox bəyəndiniz? 

 

- Mən Sizə təşəkkür edirəm. Əllərimdə 10 barmaq var, ayıra bilərəmmi!? "10 sual" - ın hamısı gözəl idi, barmaqlarımı ayıra bilmərəm. Suallar sistemli olaraq maraqlı söhbətə səbəb oldu, bunun üçün sizə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.