Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün tanınmış el şairi Rasim Kərimlinin doğum gününü qeyd etdik (01.05.1932, Düz Qırıqlı, Tovuz - 24.06.1996)
Ruhu şad olsun!
Şairi özünün dillər əzbəri olan, mahnılar bəslənən şeirləri ilə sayğılarla yad edək:
MİN YAŞASIN
Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.
Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.
Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.
El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.
Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.
QURBAN OLUM
Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin
Qeyrətinə qurban olum
Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu
Şöhrətinə qurban olum
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə
Sərvətinə qurban olum
Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin
Hikmətinə qurban olum
Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli
Rasim deyər, dağ ürəkli
Millətinə qurban olum
SƏNDƏN SAVAYI
Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.
Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.
Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı.
ƏLİNDƏN
Hər incə mətləbi anlamaz naşı,
Tez düşər, tez düşər kaman əlindən.
Könlüm zirvələrlə görüşmək istər,
Yol tapa bilmirəm duman əlindən.
Ziyarət etdirən bağı bar imiş,
Ən uca dağların başı qar imiş.
Nə yaxşı, dünyada yaxşı var imiş,
Yoxsa tərk olardıq yaman əlindən.
Rasim, bu dünyanın nurudur insan,
Kim bilməz qədrini yaratsan, yansan.
Sən elin, Vətənin haqqını dansan,
Yıxılsan tutarmı zaman əlindən?
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)