29-31 dekabrın təqvimi Varisin təqdimatında
Hər vaxtınız xeyir! Beləcə, 2021-ci ilin son üç gününə gəlib çatdıq. Yeni il ərəfəsi dünya hansı bayramları, əlamətdar günləri qeyd edəcək?
29 dekabr
“Tik Tak” günü
Bu bayram insanları bu müddət ərzində qarşılarına qoyduqları və həll etmədikləri planları həyata keçirmək üçün zamandan maksimum istifadəyə çağırır. Atalarımız gözəl deyiblər, bu günün işini sabaha qoyma. Biz bu günün onlarca işini sabaha qoyuruq, üst-üstə qalaqlanırlar, problemlərə çevrilirlər, sonra da altında qalıb inləyirik. Odur ki, təqvim başbilənlərinin elan etdikləri bu Tik-Tak günündən tam yararlanmağa çalışaq gəlin.
İndi isə tik-tak sözünün mənşəyindən danışım. Tik-takı çoxunuz tik-tokla qarışdırdınız, amma elə söz olaraq tik-tok da tik-takdan əmələ gəlib. Bir yaddaşınızı qurdalayın, marketlərdə görün nə qədər “Tik-tak” adlanan məhsulla rastlaşmısınız indiyənətən. Qigiyenik vasitələr, uşaq sabunları, əl kremləri, dünyaca məşhur İtaliya qənnadı brendi Ferreronun yumru şokoladları...
Tik-tak sözü saatın işlədikcə çıxardığı səsdir, bügünkü bayramın da əsil adı “vaxtın, zamanın qədrini bilin!”dir, əziz dostlar.
Monqolustanın müstəqilliyi günü
Sovetlərdən üzübəri gələn ənənə ilə kimlərəsə “tupoy manqol” deyib keylikdə qınayırıq, aşağılayırıq, əlbəttə ki bu, yanlış bir hərəkətdir, heç bir xalqı aşağılamaq olmaz. Və üstəlik, bu “tupoy manqol” dediklərimiz əsrlərlə dünyanın ən böyük imperiyalarına sahib olan, ən güclü dövlətləri belə çökdürüb öz itaəti altında saxlayan monqol-tatarların varisləridir. Monqol sərkərdəsi Çingiz xan dünya tarixinə ən böyük imperiyanın qurucusu kimi düşüb, o, 25 ildə Roma İnperiyasının 400 ildə qazandığından çox torpaq sahələri qazanıb.
Milliyyətcə monqol olan yazıçı dostum, “Minilliyin şairi” titulunu daşıyan Xaada Sendonu bu bayram münasibəti ilə təbrik edərək ondan monqollar və Monqolustan barədə o qədər maraqlı bilgilər aldım ki. Məsələn, Çingizxanın harda dəfn olunması bilinmir. Kitabələrin yazdığına görə, onu həddən artıq çox sevən əsgərləri dünyaya qan uddurması səbəbindən öləndən sonra qəbrinin açılacağı, murdarlanacağı qorxusu yaşayıblar, bu səbəbdən dəfnə gələn adamların hamısını Çingizxanın harada basdırıldığı sirrini açmasınlar deyə öldürüblər, sonra isə özləri də bu sirri açmasınlar deyə intihar ediblər. Maraqlıdır, deyilmi?
Keçək digərlərinə. İndiki monqolların əcdadları Monqolustanda eradan 85 min il əvvəl məskunlaşıblar; Dünyaca məşhur Orxon abidələri də bu ərazidə yerləşir;
Sahəsinə görə dünyanın ən böyük 16-cı dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı cəmi 2,8 milyon nəfərdir, Monqolustan dünyada ən az əhali sıxlığı olan lider dövlətdir; Dənizə çıxışı olmayan dövlətlər arasında sahəsinə görə Monqolustan Qazaxıstandan sonra ikinci ən böyük dövlətdir; Dini baxımdan əhali buddistdir, monqollar induslardan sonra heç bir dinə etiqad etməyən ikinci ən böyük xalqdır; Dünyanın sahəsinə görə ən isti 3-cü səhrası Qobi Monqolustanda yerləşir; Ulan-Bator dünyanın ən soyuq paytaxt şəhəridir; Dünyada ən böyük abidə də Monqolustanda, patyaxtdan 54 kilometr aralıda qərarlaşıb. Bu, atını şahə qaldıran Çingizxanın abidəsidir. Postament 10 metr, abidənin hündürlüyü isə 40 metr olmaqla bu əllimetrlik abidənin ən yüksək hissəsində - atın başında seyrangah yaradılıb, insanlar həmin hündürlükdən ətrafa açılan gözəl panoramı seyr edirlər.
Hələ davamı da var. Monqolustanda insanların daimi qeydiyyatı aparılmır, belə ki, insanlar indinin özündə də köçəri həyat keçirir, paytaxt Ulan-Bator istisna olunmaqla digər yerlərdəkilər öz mal-qaralarını otara-otara tez-tez yerlərini dəyişirlər; Monqolustan adambaşına düşən mal-qara sayına görə dünyanın lider dövlətidir, burada 45 milyon mal-qara var; Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində SSRİ-nin təsir dairəsində olan sosialist Monqolustanında kişilərinin böyük qismini spirtli içkilərə aludə etməklə sanki ruslar onlardan tarix boyu yaşanan işğal olaylarına görə qisas alıblar, kişilər xroniki alkoqolizmdən əziyyət çəkiblər, sürətlə sayları azalıb. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir, Monqolustanda başlıq üçün mal-qara verilir.
Monqolların qəribə adət-ənənləri də var. Bir adamın ayağını taptalayanda onun əlini sıxmaq ənənəsi də dünyaya monqollardan gəlib. Qədim monqol inancına görə, sən ayağını taptadığın adamın əlini sıxıb onunla dostlaşmasan mütləq düşməninə çevriləcəksən; Monqollar fit çalmırlar, çünki miflərə görə fit çalınanda qəddar ruhlar gəlirlər; Hər yerdə qonağı duz-çörəklə qarşılayırlar, amma monqollar qonağı isti südlü çayla və duzla qarşılayırlar; Hər il Monqolustanda Min dəvə festivalı keçirilir. Məqsəd dünyaya sübut etməkdir ki, əsl dəvə ikihürgüclü olmalıdır. Halbuki indi dünyada yalnız birhürcüclü dəvələr yayılmaqdadır.
Monqolustanda ən populyar idman növü Bex adlanan güləş növüdür. Güləşçilər xüsusi kostyumlarda xalça üzərinə çıxıb güləşirlər, sinələri də açıq olur. Bunu ona görə ediblər ki, qabaqlar monqol qadınlarının Bex yarışmalarına qatılıb kişilərə qalib gəldiyi də olub, bu isə kişilik adına bir utancdır, ona görə də qadınlar yarışmalara qatılmasınlar deyə onların qadınlığını izhar edəcək sinəsiaçıq libas tətbiq olunur.
Və ən önəmlisi və təəccüblüsü: dünyada təhsilə ən çox diqqət yetirən monqol xalqı hesab edilir, belə ki, əhalisi köçəri həyat sürsə belə hakimiyyət köçəri təhsil proqramı yeridərək köçəri məktəblər və müəllimlər praktikasından istifadə etməklə uşaqların savadlanması qayğısına qalır, savadlıların sayına görə (98 faiz) Monqolustan dünya liderləri sırasında qərarlaşıb. Bu da sizin üçün “tupoy manqol”.
Xalq yazıçısı Əzizə Çəfərzadənin 100 illiyi
İcazənizlə, Əzizə xanım barəsində nisbətən geniş danışacağam. Ədəbiyyat tariximizdə iz qoyan yazıçılardan biri, tarixi romanları ilə sevilən, şəxsiyyəti ilə ziyalılığa nümunə olan, 1989-cu ildə mənə də Bakı Dövlət Universitetində dərs demiş Əzizə Cəfərzadə əslən şamaxılıdır, 1921-ci il dekabr ayının 29-da Bakı şəhərində anadan olub. Qara gələn 1937-ci ildə əski əlifba ilə yazılan kitabların yandırılması əmri veriləndə Əzizə Cəfərzadə evlərindəki kitabları kisəyə yığaraq aparıb basdırıb ki, ələ keçməsinlər.
İlk gəncliyində pilot olmaq istəyib, aviasiya klubuna yazılıb, orada gələcək həyat yoldaşı ilə tanış olub. Müharibə başlayan ildə - 1941-ci ildə gənclər ailə qurublar, bir qızları dünyaya gəlib. Tale Əzizə Cəfərzadəyə qarşı amansız olub, uşaq qundaqda ikən Əzizənin əlindən düşüb, baş zədəsi alaraq tələf olub. Bir daha övladı olmayan qadın məcbur qalıb qardaşı oğlu Turanı oğulluğa götürüb.
Dövlət Universitetinə qəbul olan Əzizə əmək fəaliyyətinə çox erkən başlayıb, təhsil ala-ala müharibə illərində Ağsu rayonundakı Çaparlı kəndində müəllimlik edib. 1945-ci ildə o, növbəti zərbəni alıb, əlində ərəb əlifbası ilə çap olunan türk ədəbiyyatına aid kitab olduğuna görə universitetdən xaric edilib. Amma sonradan hər halda ekstern yolla universiteti bitirə bilib. Müharibəyə görə kişi kadrların çatışmadığı dönəm idi, Əzizə kimi savadlı xanımlara da zəruri ehtiyac yaranmışdı, 1944-1946-cı illərdə Əzizə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin rəisi, sonra 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri olub. İki il respublika xaricində çalışıb, uzaq Kamçatkada Pedaqoji İnstitutda dosentlik edib, 1957-1974- cü illərdə Azərbaycan EA Əlyazmalar İnstitutunda şöbə müdiri, 1974-cü ildən isə BDU-nun professoru olub.
Əzizə xanım ədəbi fəaliyyətə 16 yaşında başlayıb, 1937-ci ildə “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilib. Və çox maraqlı bir detal. Əzizə Cəfərzadə Azərbaycan Sovet ədəbiyyatında azadfikirli kimin tarixə düşən azsaylı yazarlardan biridir. Onun 1948-ci ildə nəşr edilmiş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunaraq yandırılıb. O, Anna Axmatova kimi “burjua lirikasını” tərənnüm etməkdə günahlandırılıb.
Əzizə Cəfərzadənin əsərləri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevrilmişdi, yüzlərlə oçerk, elmi tədqiqat və publisistik məqalələri dövri mətbuatda çap edilirdi. Klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində elmi tədqiqat işləri də aparırdı bu fədakar insan.
1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirib. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonorarını xərcləyib. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satası olub.
Həyat yoldaşı Qana prezidentinin baş pilotu təyin olunanda Əzizə xanımın ömrünün Afrika dönəmi başlayıb, o zaman o, “Qızıl səyahət” adlı kitab yazıb. Ona yazıçı kimi şöhrəti isə Seyid Əzim Şirvaninin həyatından bəhs edən “Aləmdə səsim var” romanı gətirib. “Vətənə qayıt”, “Bakı-1501”, “Cəlaliyyə”, “İşığa doğru” kimi tarixi roman və povestləri də məşhur olub. Əsərləri bir çox xarici dillərə - rus, fars, tacik, ərəb, qazax və s. tərcümə edilib.
Əzizə Cəfərzadə biz tələbələrinə Azərbaycanı işğal etmiş Çar Rusiyası, Sovet imperiyası barədə həqiqətləri açıb söyləməkdən belə usanmırdı, hətta məlumat var ki, xüsusi orqanlar onun dərslərini izləmək üçün auditoriyalarda səsyazma cihazları gizlədirmişlər.
1981-1989-cu illərdə Əzizə xanım Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışıb, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib, 2001-ci ildə “Azərbaycan anası” və “Xalq yazıçısı” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Yazı makinasına “sevgilim” deyərmiş. Ömrünün axırlarında yazı makinası ilə yaza bilmirmiş, barmaqları gücdən düşübmüş. Ona makinaçı tapsalar da, sonralar bundan imtina edib. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürürmüş. Son Füzuli haqqında “Eşq sultanı” adlı romanını da diktofona diktə etmişdi.
Ürək çatışmazlığı varı idi, amma ailə üzvlərindən bunu gizlərdi. Sonralar bədəninə su yığılıb, 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edib. Onu vəsiyyətinə əsasən Hacıqabulun Tağılı kəndində - bir vaxtlar məktəb inşa etdirdiyi həmin kənddə dəfn eləyiblər.
Ruhu şad olsun bu böyük, aləmdə səsi qalan ziyalımızın!
Xalq şairi Nüsrət Kəsəmənlinin 75 illiyi
Mənim yeniyetməlik illərimin sevgi şairi, şeirlərini əzbərlədiyimiz, o şeirlərdən saf sevgi duyğuları aşıladığımız Nüsrət Kəsəmənli barədə necə qısa danışasan? 1946 -cı il dekabr ayının 29-da Qazaxda, Kəsəmən kəndində anadan olan Nüsrət Kəsəmənli bədii yaradıcılığa XX əsrin 60-cı illərində başlayıb, şeirlərinin əsas mövzusu məhəbbət olsa da, insanpərvərliyə, yеr üzərində əminamanlığa, vətənə, torpağa aid müxtəlif əsərlər yaradıb. Onun “Dəli bir ağlamaq kеçir könlümdən”, “Biri vardı, biri yox”, “Oğru olmaq istəyirəm” kimi şeirlərinin dillər əzbəri olması fenomenini isə heç kəs aça bilmir, Nüsrət Kəsəmənli Səməd Vurğundan sonra şeirlərini dillər əzbəri etmək missiyasını uğurla davam etdirib.
Nüsrət Kəsəmənlinin lirikası o qədər axıcı, gözəldir ki, hər şeiri özlüyündə bir mahnıdır sanki, təsadüfi deyil ki, “Dünya köhnə dünyadır”, “Unut kədərini”, “Allahım, ayırma bizi”, “Unuda bilməyəcəksən”, “Özümü aldadıram”, “Biri vardı, biri yox...” kimi yüzlərlə şeirinə musiqi bəstələnib.
Fəal ictimaiyyətçi olan Nüsrət Kəsəmənli 1981- 1984-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, Poeziya şurasının sədri seçilib, 1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor kimi çalışıb, 1982-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub.
Əfsuslar olsun ki, böyük şair çox az ömür yaşayıb, 2003-cü il oktyabr ayının 16-da 57 yaşında müalicə aldığı Təbriz şəhərində vəfat edib.
Nüsrət Kəsəmənli yüz minlərin yaddaşındadır, ədalətsizlik edib xalq şairi titulunu ondan əsirgəsələr də o, həqiqətən xalqın şairidir. Əminəm ki, ədalət haçansa bərpa ediləcək, ona ölümündən sonra Azərbaycanın Xalq Şairi fəxri adı veriləcək. Çox inanıram!
Könlünə dəydiyim, incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən, alışıb yana bilərəm.
Don desən, yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt! Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.
Makintoş günü
29 dekabrda Azərbaycan iki məşhur ədibinin yubileyini qeyd edərkən ukrainlərdə ordunun informasiya-media strukturları, İrlandiyada Konstitusiya, ABŞ-da isə Milli ətlə və tərəvəzlərlə ədvalı şorba günü qeyd olunacaq.
1891-ci ildə Tomas Edison Radionu ixtira edərək patentləşdirib. 1845-ci ildə Texas Meksikadan müstəqillik alaraq ABŞ-a ştat kimi birləşib. 1791-ci ildə Rusiya imperiyası Krımı işğal edib. 1775-ci ildə indiki Sankt-Peterburqdakı ən gözəl binaları tikmiş italiyalı memar Karl Rossi doğulub. 1766-cı ildə hazırkı makintoş adıyla məşhur parçanı kəşf edən şotland kimyaçısı Çarlz Makintoş dünyaya gəlib. 1709-cu ildə isə 1-ci Pyotrun qızı, rus impetatritsası Yelizaveta doğulub.
Bu yerdə ölməz aktyorlarımız Bəşir Səfəroğlu ilə Əliağa Ağayevin ifasındakı məşhur səhnəcik yadıma düşdü. Kabibetinin yanmasından təşviş keçirən Əliağa Ağayev soruşur ki, bəs yanğın zamanı mənim təzə makintoş plaşım nə oldu? Bəşir Səfəroğulu da cavab verir ki, hamısı yavaş-yavaş yandı, amma sənin makintoş plaşın birdən yandı.
30 dekabr
SSRİ-nin yaranması günü
Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.
Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.
Kerosin lampasındakı şeir
Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.
Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirəm, bekonun üstünə soda səpib yemək mümkündürmü.
Məşhur xanəndə Əbülfət Əliyevin 95 illiyi
Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb, 1 saylı şəhər məktəbinin musiqili dram dərnəyinə yazılıb. 1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinski muğam sinfi açanda kənd-kənd gəzib istedadlı uşaqlar axtarırmış, Əbülfəti dinləyib bəyənərək onu da məktəbə yazıb. 1942-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü münasibətilə Əbülfəti həmyaşıdları ilə birgə Bakıya - Opera və Balet Teatrında keçirilən konsertə dəvət ediblər. Konsertdə onu məşhur tarzən Qurban Pirimov müşayiət eləyib. Bu konsertdə iştirak ona böyük uğur gətirib, 16 yaşından başlayaraq o, tarzən Məşədi Nərimanla, kamançaçı Elman Bədəlovla Qarabağın toylarına çağırılıb.
Sonra Əbülfət Bakıya gəlib, Respublika radiosunda solist işləyib, radiodakı çıxışları onu bir xanəndə kimi məşhurlaşdırıb. 1945-ci ildən o, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova kimi məşhur müğənnilərlə birgə çalışmağa başlayıb. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnıları var idi. Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, “Şur”, “Hümayun”, “Bayatı Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və televiziyanın fonotekasında qiymətli irs kimi saxlanılır.
Əbülfət Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də fərqlənib, o, 75 dəfə “Leyli Məcnunda”, 25 dəfə “Əsli və Kərəm”də, 2 dəfə “Şah İsmayıl”da baş rollarda məharət və istedadını nümayiş etdirib. “Leyli və Məcnun” operası Ə.Əliyevin iştirakı ilə lentə alınaraq Azərbaycan Respublikası radiosunun qızıl fondunda saxlanılır.
Ə.Əliyev YUNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ona 1958-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları verilib. Məşhur xanəndə 1990-cı il dekabr ayının 27-də vəfat edib, ruhu şad olsun.
Səddamdan Həbibədək
2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.
30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin 95 illiyidir. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.
31 dekabr
İlin son günü
Hər kəs məhz bu son gündə oturub bütün ilinə yekun vurur, gələn ilə planlar qurur. 2021-ci il heç də uğurlu il olmadı xalqımız üçün. Əslində tək bizim yox, bütün dünyanın aktivinə deyil, passivinə yazıldı bu il. Pandemiya davam etdi, korona olayları bitmədi ki bitmədi, insanlar bu kabusdan qurtulacaqlarını təxmin edən zamanda isə yeni hoqqa ortaya çıxdı, omikron adında. Bəzi qabaqcıl dünya alimləri haqq səslərini ucaldaraq bu yeni ştammın süni olmasını elan etdilərsə də onlar susduruldular.
2021-ci ildə dünyada iqtisadiyyatlar bir qədər də çökdü, insanların güzəranı bir qədər də pisləşdi. Təsadüfi deyil ki, hamı ümidlərini yeni – 2022-ci ilə bağlayır. Allah hamımızın köməyi olsun!
Dünya Azərbaycanlılarının Həmrəylik günü
30 ilə yaxın tarixə malik olan Həmrəylik Gününü azərbaycanlılara Heydər Əliyev ərməğan edib. Hələ Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məslisinin sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürmüşdü. 1991-ci ilin dekabr ayında Muxtar Respublikanın Ali Məclisinin bu barədə qəbul etdiyi qərar çox keçmədən bütün Azərbaycan üzrə keçərli oldu və ümumilikdə dünya azərbaycanlılarını əhatə etdi.
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinə ciddi diqqət yetirən Heydər Əliyevin bu sahədə atmış olduğu daha bir mühüm addım 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi oldu. Bu qurultay bir tərəfdən Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısının göstəricisi idisə, digər tərəfdən soydaşlarımızda onların arxasında güclü bir Azərbaycan dövlətinin dayandığı əminliyinin, güvəninin yaranması idi. Artıq soydaşlarımızla iş, onların birlik və bərabərliyi, həmrəyliyi istiqamətində aparılan siyasət çoxşaxəli xarakter daşıyır. Dünya azərbaycanlılarının həmrəyliyinə töhvə verən qurum kimi Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin ortaya qoyduğu əməyi də mütləq qeyd etməliyik. Və bu prosesdə dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da xüsusi fəallıq nümayiş etdirirlər. Bu baxımdan Heydər Əliyev Fondunun çoxşaxəli və uğurlu fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası da xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyi, həmrəyliyi istiqamətində atılan mühüm addımlardan biri hesab edilə bilər. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın məhz bu kampaniya çərçivəsində birlik və həmrəylik nümayiş etdirməsinin nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklər soyqırım kimi tanınıb. Yeri gəlmişkən, mənim “Qırmızı ləçəklər” adlı romanım da bu kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünyada yayılması işinə xidmət edir.
Yaşasın dünya azərbaycanlılarının həmrəyliyi!
On iki üzüm günü
İspandilli ölkələrin çox maraqlı bir bayramları var, demək, onlar günorta saat on ikidən başlayaraq on iki saat ərzində hər saatın tamamında bir müxtəlif növ üzüm dadırlar, nəticədə, yeni il onlara ən faydalı, ən qədim və ən dadlı meyvənin timsalında uğur gətirir. İlk dəfə İspaniyada qeyd edilən bayram sonradan Cənubi və Mərkəzi Amerikanın bütün ispandilli ölkələrinə siyarət edib.
Maraqlıdır, biz də cənub, üzüm ölkəsiyik, bizdə də on iki növ üzüm tapıb dadmaq olarmı? Özümüzün çox dadlı üzüm növlərimiz var. Mən son vaxtlar qəhətə çıxmış məşhur ağ və qara şanı növünün və ağadayı növünün adını çəkə bilərəm, mədrəsə, dərbəndi, təbrizi və bayanşirə növlərini də tanıyıram. Neçə oldu? 7. 5-ni də gəlin xarici növlərdən seçək. Şardone, rislinq, kaberne-sovinyon, pino-nuar... 12-cini gətirə bilmədim. Özünüz internetdən tapın.
Orijinal bayramlar
Bu gün dünyanın müxtəlif ölkələrində olduqca orijinal bayramlar qeyd edilir. Fasiləsizlik günü. İlin son günündə hər dəqiqənin qədrini bilmək tövsiyə olunur. Hər dəqiqəni fasiləsiz, doya-doya yaşamaq lazımdır yəni. Yemanji bayramı. Bu, braziliyalılara xas olan bayramdır, bu ölkədə spiritizm hələ də güclüdür, mövhumata çox inanırlar braziliyalılar. Onlar hər il dekabrın 31-də dəniz sahillərinə gəlib sahil boyu ağ çiçəklər düzür, şamlar yandırırlar, “Balıqların anası” Yemanjinin ruhunu çağırırlar. Mövhumata görə, Yemanji ruzi-bərəkət və xoşbəxtlik gətirir. Şotlandlar – viski ölkəsinin sakinləri Hogmanau gününü qeyd edirlər. Hər bir kəs əlinə məşəl alıb yürüş edir, məşəllərlə əylənmək də aktual olur. Onları atıb-tutanlar, atıb altından keçənlər, ardıcıl yandırıb söndürənlər öz ustalıqlarını nümayış etdirirlər. Və bütün bu ayinlər “viski selində çimməklə” həyata keçirilir. Polyaklarda isə bu gün Silvester günü qeyd olunur, onlar da rəngbərəng maskalarda, atəşfəşanlıq edə-edə yeyib-içir, çalıb-oynayır, mifik obraz olan Silvesterdən uğurlu yeni il arzulayırlar.
Düşündünüz ki, yəqin Amerikada da nəsə orijinal bir bayram qeyd olunacaq ayın 31-də? Xeyir, qərblilər adətlərinə xilaf çıxmadan növbəti mətbəx bayramı keçirəcəklər. Bu dəfə Milli Şampan şərabı gününü.
Pəncərə vergisi
İngilislərinsə bu günlə bağlı heç də xoş olmayan xatirəsi var. 1695-ci ilin 31 dekabrında İngiltərə Krallığında pəncərə vergisi tətbiq etməyə başlayıblar. Hər cür vergi boyunduruğu altında qalmış əhaliyə indi də pəncərə vergisi tətbiq edilməsi özbaşınalığın son həddi olub. Sən pəncərədən küşəyə boylandınsa, zəhmət çək, vergi ver. Məmurlar əllərində siyahı camaatın üstünə tökülüşüblər.
Boşuna pul itirmək istəməyən sadə insanlar qorxudan pəncərəyə yaxın durmasalar belə bunu məmurlara sübut edə bilmirdilər, “baxmısan” hökmü ilə pul ödəməyə məcbur edilirdilər. Naəlac qalan insanlar pəncərələrini kərpiclə hörməyə başladılar, yalnız bu yolla bu ədalətsiz vergidən yayınmaq mümkün oldu. Şəhərlər öz gözəlliklərini itirdilər, ölkəyə başdan-başa pəncərəsiz evlərlə zülmət çökdü.
Xalqa çox zülüm vermək də bir şey deyil.
Yubileylər günü
Qısaca yubilyarlar barədə də söz açmaq istəyirəm.
Niyazi Səmədov 105. 1971-ci ildə professor elmi rütbəsini alan Niyazı Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Niyazi Səmədovun Azərbaycan entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olub. Niyazi Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox böcək növü aşkar edilib, o, bunların da 30-unu zərərverici kimi ilk dəfə təsdiq edib. O, Azərbaycan Ensiklopedyası və Qırmızı Kitablarının müəlliflərindən biridir. Onun 8 əsəri Avstriya, İngiltərə, Almaniya, Fransa və Çexoslovakiyada çap olunub, rəhbərliyi altında yeddi elmlər doktoru, 40 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1982- ci ildə “Şərəf nişanı” ordeni və səkkiz medalla təltif edilən Niyazi Səmədov 1989-cu il may ayının 23-də Bakıda vəfat edib, ruhu şad olsun.
Ələkbər Süleymanov – 105. 1962-ci ildə “Azərneft” Birliyinin rəisi, 1965-ci ildə Azərbaycan neft və qazçıxarma nazirinin birinci müavini, 1972-ci ildən “Xəzərdənizneft” Birliyinin, 1976-cı ildən 1978-ci ilə qədər “Xəzərdəniz neftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin baş direktoru, 1980-ci ildən ömrünün sonunadək “Dənizneftqazlayihə” İnstitutunun direktor müavini işləmiş Ələkbər Süleymanov “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə professor elmi rütbəsini daşıyıb. O, Xəzər dənizinin neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin nəzəriyyə və təcrübəsinə böyük töhfələr verib, onun sayəsində çoxlaylı dəniz yataqlarının çoxlu məhsuldar horizontları, ayrı-ayrı tektonik sahə və blokları aşkar edilib. Onun iştirakı ilə həm quruda, həm də dənizdə bir çox böyük neftqaz yataqları – Günəşli, QumDəniz, Bahar, Sanqaçal-dəniz-Xara-Zirə, BullaDəniz, Qarabağlı, Kürsəngə, Muradxanlı, Cənub-1, Cənub-2 və s. açılıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin hazırlanmasında və həyata keçirilməsində əməyi olub.
Görkəmli neftçi və alim “Şərəf nişanı” ordeninə, “Azərbaycan Respublikası Dövlət Mükafatı”na layiq görülüb, bir sıra medallarla təltif olunub. Ələkbər Süleymanov 2000-ci il iyulun 27-də vəfat edib, ruhu şad olsun.
Tamilla Musayeva – 90. Azərbaycanda xalq təhsilinin inkişaf tarixinin elmi cəhətdən əsaslandırılmış dövrləşdirilməsi, onun əsas mərhələlərinin müəyyən edilməsi, xalq təhsilinin yaranmasının spesifik xüsusiyyətlərinin təhlili, xalqımızın keçdiyi tarixi yolun xüsusiyyətlərinin öyrənilməsi ilə Tamilla Musayeva Azərbaycan tarixşünaslığına dəyərli töhfə verib. O, həm də Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir, üçcildlik “Azərbaycan tarixi” kitabının müəlliflərindən biridir, 2003- cü ildə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir.
Professor Tamilla Musayeva 1984-cü ildə “İnqilab və Azərbaycanda xalq təhsili” monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adını alıb. O, 2019-cu il yanvar ayının 24-də vəfat edib, ruhu şad olsun.
Ağalar Abbasbəyli – 80. M.V.Lomonosov adına Moskva Dövlət Univer- sitetinin tələbəsi və aspirantı olmuş, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1988-ci ildə tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor elmi rütbəsini almış alimimiz 1974-1976-cı illərdə xarici ölkələrdə Sovet səfirliyində müşavir, 1981-1988- ci illərdə Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan KP Təşviqat Komissiyasının sədr əvəzi vəzifələrində çalışıb, 1987-1988-ci illərdə Azərbaycan Respublikası Təhsil naziri olub, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və Azərbaycan Respublikası Sülh Fondunun sədri olub, 550 məqalənin, 42 monoqrafiyanın, 55 dərslik və dərs vəsaitinin müəllifidir. 32 elmlər namizədi, 10 elmlər doktoru yetişdirib, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, Beynəlxalq münasibətlər ixtisası üzrə 50 nəfər magistrin ərsəyə gəlməsində mühüm rol oynayıb. 1991-ci ildən BDU-nun Beynəlxalq münasibətlər kafedrasına rəhbərlik edir.
Qəti qərarlar günü
Və ən nəhayət, sonda təqvimə salınan daha bir bayram barədə söz açmaq istəyirəm. Bu gün həm də Qəti qərarlar günü qeyd olunur. Yeni il gəlir, həyatını dəyişmək üçün bu gün qəti qərar qəbul etməlisən. Yeni ili yeni əhval-ruhiyyədə, yeni ideyalarla, işgüzarlıqla başlamalısan. Uğur düstürü yalnız budur.
Hər kəsin ömründə 2022-ci ilin xoşbəxtliyə doğru dəyişikliklər ili olması arzusu ilə. Yeni iliniz mübarək!