İqbal Nəhmətin sevdiyi şeir Bəxtiyar Vahabzadənin “İllər” şeiridir Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı: 

"Gəl gedək günəşin batdığı yerə,

Gündüzlə-gecənin yatdığı yerə,"

-söyləyən  şair İqbal Nəhmətdir.

 

-Xoş gördük, əziz İqbal bəy.

Poeziya daxilimizin səsidir, hisslərin danışmasıdır. Hisslərin söz yığını məngənəsindən azad olub zərgər dəqiqliyi ilə poetik sapa düzülməsidir.

İqbal Nəhmətin şeirlərində də poetizmin gözəlliyini duyuruq.

Bu an üçün İqbal bəydən xahiş etsək ki: "Sevdiyin şeiri gəl mənə söylə"- o bizə hansı şairdən şeir söyləyər?  O şeiri eşitmək istərdik.

 

-Salam Ülviyyə xanım, çox təşəkkür edirəm ki, bu gözəl lahiyənizə məni də qonaq etdiniz. Məncə, hər bir insanın həyatında iz buraxan, xatirindən silinməyən şeirlər var. Bilmirəm, bəlkə, sənin oxuduğun, xoşladığın şeir və yaxud müəllif başqasına maraqlı olmasın. Amma elə şairlər var ki, dünyalarını dəyişsələr də, öz yaradıcılıqları ilə, ictimai   həyatları ilə əbədi olaraq insanların yaddaşında qalır və oxunur. Çox sevdiyim bir şeiri demək imkanım olduğu üçün ustad şairimiz Bəxtiyar Vahabzadənin  “İllər” şeirini deyə bilərəm. Bu şeirdə şair insanın illərlə söhbətini, giley və duyğularını çox gözəl ifadə etmişdir. Buyurun dinləyin.

 

Bəxtiyar Vahabzadə

 

İLLƏR

 

Böyümək eşqiylə uşaqlıqda mən

Boyumu ölçərdim gündə yüz kərə

Çox vaxt gileylənib kiçikliyimdən,

Qibtəylə baxardım mən böyüklərə.

 

Özümü həkimə, gah müəllimə,

Gah da mühəndisə mən bənzədirdim.

Atamın hər kiçik hərəkətini 

Böyük bir həvəslə təqlid edərdim.

 

“Üzüm tüklənəcək, bəs nə vaxt?” deyə

On dəfə baxardım gündə güzgüyə

Yaşımı deməyə mən utanırdım,

Özümdən böyüyü xoşbəxt sanırdım...

 

Böyümək istərdim mən gündə bir yaş,

İstərdim tez keçsin aylar, fəsillər,

Həftələr ötdükcə hey yavaş-yavaş,

“Nə yaman ləng keçir” deyərdim, illər...

 

İllər ləng keçmədi, hər anda illər

Min insan ömründən kam aldı keçdi

Bir zaman gördüm ki, otuz yaşım var,

İllər saçlarıma dən saldı keçdi...

 

Dəyişir insanda məhəbbət, həvəs,

İllər də ömürdən getmir boş yerə,

Bu gün böyüklərə deyil, nədən bəs,

Qibtəylə baxıram mən kiçiklərə.

 

Başımız işlərə qarışır yaman

Heç bilmirik axşam nə zaman düşür

Yamyaşıl gördüyün dünənki yarpaq,

Bir də görürsən ki, budaqdan düşür.

 

İllər çox sürətlə ötür dalbadal

Bir anda dağların qarı sel olur,

Gözümüzü yumub-açınca dərhal,

Həftələr ay olur, aylar il olur.

 

Min gediş, min gəliş olur bir anda,

Qovur bir-birini sanki nəsillər.

Mən hər təzə ili qarşılayanda,

“Nə yaman tez keçir” deyirəm, illər...

 

Deyin, hara belə tələsirsiniz?

Sizsiniz ömrümün yelkəni, illər!

Mən sizi qovardım uşaqlığımda,

İndi qovursunuz siz məni, illər!...

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.