Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bizim uğursuzluq təsnifatımızda «Xüsusi uğursuzluq» (XU) bölümündə yer alan «xəstəlik» mövzusunda danışmaq zamanı yetişdi. Sağlamlığın fəsadı, orqanizmin fəaliyyətinin pozulması anlamını daşıyan xəstəlik patogen faktorların həmləsi nəticəsində insanın həyat fəaliyyətini pozur, onun əmək qabiliyyətini, sosial faydalılığını əlindən alır.
Hippokrat xəstəliyin səbəbi kimi orqanizmin dörd əsas mayesinin (qan, selik, öd, venoz qan) qeyri-düzgün qarışığında görürdü. Demokrit atomun formasının dəyişməsini və düzgün yerləşməməsini xəstəlik törədən səbəb elan etmişdi. İbn Sina xəstəliyin arıq və kök, gödək və hündür adamların fərqli bədən quruluşunda daha fərqli inkişaf keçməsini mikroorqanizmlər barədə dolayısı ilə danışmaqla izah etmişdi. Sonra zaman-zaman alimlər və mütəxəssislər xəstəliyə fərqli-fərqli səbəblər göstərmiş, təriflər vermişlər.
Görünən dağa nə bələdçi. Gün kimi aydındır ki, hansı tərif verməyindən, yaranmasına nələri səbəb gətirməyindən asılı olmayaraq xəstəlik həyatı büsbütün rənglərindən məhrum edən bir nəsnədir, istər mexaniki, istər fiziki, istər kimyəvi, istər bioloji, istər də psixogen – yaranışı hansı səbəbdən olursa-olsun xəstəlik sonda insanı yataq xəstəliyinədək, ölümədək aparıb çıxara bilir.
Xüsusən ətraf mühitin kəskin hücumunu şərtləndirən (ekoloji tarazlığın pozulması, informasiya-kommunikasiya texnologiyalarının məişətdə hədsiz dərəcədə nüfuzu, kimyəvi qida əlavələri ilə tədrici zəhərlənmələr və s.) hazırkı durumda bu və ya digər xəstəliklərin sürətlə artması, immun sistemi və müqaviməti get-gedə zəifləyən stasistik insanın bu hücuma qalxan qaldıra bilməməsi 3-cü minilliyin insanını fakt qarşısında qoyur. Bu gün insana həm molekulyar, həm xromosom, həm hüceyrəvi, həm orqan xəstəlikləri hərtərəfli basqı edir. Son onillikdə dünyada insan ömrünə son qoyan ən əsas xəstəliklər formalaşıb ki, onların sırasında ürəyin işemik xəstəliyi, insult, aşağı nəfəs yollarının respirator infeksiyaları, ağciyərin xroniki obstruktiv xəstəliyi əsas yer tutur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünya üzrə təkcə ağciyər xərçəngindən və diabetdən 4 milyona yaxın insan həyatını itirir.
Bu gün insanların uğursuzluq sindromunda, həyatdan küskünlüyündə xroniki xəstəliklərin böyük çəkisi var. İnsanlar əllərində qorxulu diaqnoz barədə həkim epikrizi, rentgen şəkli tutaraq bəzən, sadəcə, ölümlərinin gəlişini gözləyirlər. Amma bir şeyin fərqində deyillər: hətta müalicəsi tibb elminə bəlli olmayan xəstəliyə belə təslim olmadan yaşamaq və ömür sürmək mümkündür. Əvvəlki hissələrdən birində, xatırlayırsınızsa, sizə 82 yaşında prostat vəzi xərçəngindən qurtulmağı bacaran Uorren Battet barədə yazmışdım. Güc, iradə, dözüm və inam! Bax bunların sayəsində istənilən nəticəni hasil etmək olar.
Xəstəliyə yenilməməyin ən vacib şərti sağlam həyat tərzi keçirməklə yanaşı vaxtaşırı profilaktika üçün həkim qəbuluna getmək də hesab olunur. Sağlamlığına münasibətdə 3 insan tipi müşahidə olunmaqdadır: vaxtaşırı profilaktika üçün həkim qəbuluna gedənlər; xəstəliyin ilk əlamətləri hiss ediləndə həkim qəbuluna gedənlər; xəstəlik tüğyan edəndə həkimə aparılanlar.
Razılaşın ki, 2-ci və xüsusən də 3-cü tipin nümayəndəsi olmaq yolverilməzdir.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)