İntizar ədəbiyyatı - Balaş Azəroğlu, "İnqilab şairiyəm" Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Şairlər adətən öz yaradıcılıqlarında şeirlərimi yaxşı-pisə ayırmırlar, “şeir övladdır, övladın da yaxşı-pisi olmaz” deyirlər. Bu cəhətdən Balaş Azəroğlu istisna təşkil edir. Məsələn, o, “İnqilab şairiyəm” adlı şeirini seçdirir. Bu şeir mənim həyat proqramımın ilk qaranquşudur" söyləyir. 

Düşünürəm, bu şeiri oxumaq oxuculara xoş olar. 

 

Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,

Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,

Nə qədim əsrləri yada salıb ağlayan,

Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,

Nə dövrün hakiminə şeir yazıb pul alan,

Nə cəlladlar önündə həyat üçün alçalan,

Nə peymana, nə saqi, nə sərab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm. 

 

Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər böyütmüş məni.

Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm. 

 

Mənim könül dəftərim bənzəyir gülüstana,

Onda yer verilməmiş qarlı qışa, tufana,

Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,

Baharın həsrətilə yaşayıram özüm də.

Mən əl açıb göylərdən diləmədim azadlıq,

Mənim arxalandığım onlardan daha artıq.

Ölkələr həsrət çəkən afitab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.