“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda Bakı şəhəri Məktəb Lisey Kompleksidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Quliyeva Esmira Mahmud qızı 15.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Tam orta təhsilini 1982-1992-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına orta məktəbdə almışdır. 1992-1995-ci illərdə 2 saylı baza tibb məktəbində tibb bacısı ixtisası üzrə təhsil almışdır. 1994-1998-ci illərdə bakalavr təhsilini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə almışdır.
2001-2015-ci illərdə Cəbrayıl rayon Əmirvarlı kənd tam orta məktəbində riyaziyyat-informatika fənn müəllimi vəzifəsində çalışmışdır.
2004-cü ildə AZMİCROSOFT LRS-də MS Office proqramlar paketi üzrə kursda iştirak etmişdir, 2005-ci ildə Norveç Qaçqınlar Şurasının Bakıda keçirdiyi Gender və QİÇS mövzusunda seminarda iştirak etmişdir.
2006-2015-ci illərdə 12 saylı Bakı Peşə Məktəbində İKT fənləri üzrə saathesabı müəllim işləmişdir. 2012-2013-cü illərdə Demokratik Gənclər İctimai Birliyində təlimçi, 2013-cü ildə Qafqaz Universiteti və "Inkişaf" təhsil mərkəzində Ümumi təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları-informatika fənni üzrə təlimçi, 2013-2014-cü illərdə Edumedya-da “Tədris prosesində Promethean İnteraktiv Texnologiyalarından istifadə üzrə” təlimçi kimi çalışmışdır.
2012-ci il 7-15 fevral aralığında Demokratik Gənclər İB və Hollandiyanın Yaşıl İKT Fondunun təşkil etdiyi “Kompyuter Texnologiyalarının Tədris Prosesində Tətbiqi və Kompyuter Şəbəkəsinin əsasları” mövzusunda təlimdə iştirak etmişdir.
2012-ci il aprel-iyun aylarında Demokratik Gənclər Birliyi və Norveç İnsan Hüquqları evinin təşkil etdiyi “Region məktəblərində İnsan Hüquqlarının Tədrisi” mövzusunda seminarda iştirak etmişdir.
2012-ci il avqust ayında XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin keçirdiyi “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda seminarda 1-ci dərəcəyə layiq görülmüşdür.
2012-ci il oktyabr ayında UNİCEF “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikumlarının tətbiqi və fəal təlim” üzrə öyrədənlərin öyrədəni təlim kursunda iştirak etmişdir.
2012-ci il oktyabrda Kurikulum mərkəzinin təşkil etdiyi “İnternet Texnologiyalarından Tədris Prosesində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.
2012-ci il noyabr ayında Demokratik Gənclər birliyinin təşkil etdiyi “İnternet Texnologiyalarından Tədris Prosesində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.
2012-ci il dekabr ayında Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkün qəsəbəsində Meqasoft LTD və Demokratik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Regionlarda gənclərə Dəstək layihəsi çərçivəsində keçirilən kompüter kursunda könüllü təlimçi kimi iştirak etmişdir.
2013-cü il fevral ayında Demokratik Gənclər İctimai Birliyi və Amerikan Beynəlxalq Təlim Mərkəzinin keçirdiyi “Metodiki Mərkəzin İdarə olunması üçün işçilərin Peşəkarlıq Səviyyəsinin Artırılması” mövzusunda təlim kursunda iştirak etmişdir.
2013-cü il fevral ayında AZFORUM-un təşkil etdiyi “Motivasiya və İnnovasiya”, “Sosial Servislərdən Effektiv istifadə” mövzusunda təlim kurlarında iştirak etmişdir.
2013-cü il aprel-may aylarında Multimedia Mərkəzinin “İnternet texnologiyalarının və sosial servislərin tədris prosesində rolu” mövzusunda təlim kursunda fəal iştirak etmişdir.
2013-cü il 29 dekabrda Azərbaycan Respublikası Təhsil Şurasının təşkil etdiyi Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədilə həyata keçirilən “Öyrədənlərin öyədilməsi” layihəsi çərçivəsində “Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə kursda iştirak etmişdir.
2013-cü il iyun ayında Demokratik Gənclər İctimai Birliyinin təşkil etdiyi “Müasir cəmiyyətin qarşısında duran məsələlərin həllində və cəmiyyətin ictimai məlumatlılığının artırılmasında Bloqçuluğun təbliği” təlim kursunda təlimçi kimi iştirak etmişdir.
2013-cü ildən hal-hazıraqədər Ümumtəhsil məktəbləri üçün hazırlanmış riyaziyyat dərsliklərinin qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərir.
2013-2014-cü illərdə “İLİN ƏN YAXŞI MÜƏLLİMİ” müsabiqəsinin qalibi, 2014-cü ildə AMİM tərəfindən keçirilən “Direktorlar üçün strateji planlaşma” modulunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat almışdır.
2014-cü ildə “Bugünün və sabahın direktorları” kursunu müvəffəqiyyətlə bitirmişdir.
2015-2020-ci illərdə Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır. 2020-ci ildən hal-hazıraqədər Bakı şəhəri Məktəb Lisey Kompleksində direktor vəzifəsində çalışır.
2017, 2020, 2023-cü illərdə BŞTİ tərəfindən fəxri fərmana layiq görülmüşdür. 2020, 2022-ci illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III, IV, VI, VII Qrant müsabiqələrində qalib olmuşdur.
ŞAGİRD
Mən, Nəcəfli Fatimə Yaşar qızı 15 iyul 2009-cu ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci il 200 saylı Məktəb Lisey Kompleksində 1-ci sinfə getmişəm. Hazırda həmin məktəbin 9-cu sinif şagirdiyəm. 2022-ci ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Düşünən oxucu” müsabiqəsinin qalibi olmuş, 2024-cü ilin fevral ayında isə “Düşünən şagird” müsabiqəsində 1-ci yerə layiq görülmüşəm.
ESSE
Elm və təhsilə qarşı çıxmaq insanlığa qarşı çıxmaqdır (Oskar Uayld)
Diqqət yetirmisinizmi? Ətrafımızdakıların hər birindən təhsil və təhsilin önəmi haqda fikirlər eşitmişik. Nəinki, valideynlər və müəllimlər, hətta elm insanları da bu mövzuda düşüncələrini dilə gətirərək müxtəlif aforizmlər söyləmişlər.
Məsələn, Dante Aliqyeri deyir ki: " Təhsil çörək və sudan sonra, xalqın əsas zəruri ehtiyacıdır."
Miqel de Servantes əlavə edir ki: "İnsan təhsillə doğulmaz, amma təhsillə yaşayar." Albert Eynşteyn isə: "Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"- deyərək bu fikirləri tamamlayır. İslam dininin müqəddəs kitabı olan "Quran"ın ilk əmri belə “Oxu!” dur.
İnsan ilk təhsilini evdə alır və həmin təhsil tərbiyə adlanır. Sonra isə ibtidai və orta təhsili bitirir, universitetə daxil olur, faydalı bir şəxsiyyət olmaq üçün daim çalışır. Sağlam düşünmək, düşüncələrimiz yolunda əmin addımlarla irəliləmək, həm özümüzü, həm də ətrafımızı cahillikdən azad etmək üçün savadsızlıq zəncirini qıra bilmək lazımdır. Yenə və yenə təhsilin bizə bağışladığı töhfələr, kor-koranə yaşamamaq üçün üstünlüklərdir.
Baxdığımız zaman bəsit görünsə də, əslində bütün bunlar böyük bir həyatı əhatə edir və inanın, kor-koranə keçirilmiş həyat üstünə yazdıqlarımızı bəyənmədiyimizdən əzişdirib atdığımız kağız parçasından fərqsizdir.
Belə olan halda təhsil və elmin qarşısını almaq Oskar Uayldın da dediyi kimi insanlığa qarşı çıxmaqdır.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)