Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Həyat yeni günlərlə, yeni həftələrlə zamana təslim olaraq irəli qaçır. Təkcə zaman qaçmır, ömrümüzün günləri də zamana qaçır..
Bu yeni həftənin ilk günü “Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı öz yazıları ilə könüllərdə yer alan yazar Şamil Ənvəroğludur.
-Xoş gördük, əziz Şamil bəy!
Şairlər gözlərin görə bilmədiyi üfüqlərdən uzaqları da görə bilirlər, hiss edirlər.
Şairlər uşaq kimidirlər, onların həssas qəlbləri kövrək uşaqlar kimi tez- tez dolur. Bu yağışların fərqi görünməz olub yalnız qəlbə yağmağıdır. Nə ildırım görünər, nə səs eşidilər. Səssiz çığırtılar, səssiz fəryadlar, səssiz sevinclər, səssiz çılğınlıqlar..
Əslində bilirəm ki, şairlərin poeziyaya sonsuz sevgisi var, sevdikləri şeirlərin də sayı çoxdur və yaşadıqları müddətdə bu say daha da artacaq.
Şamil bəy, elə bu an üçün “Sevdiyin şeiri gəl mənə söylə"- desək, hansı şeiri söyləyəcəksiniz?
- Böyük yazıçımız Hüseyn Cavid yazırdı ki: "Mənim tanrım gözəllikdir, sevgidir."
Şərq fəlsəfəsində, şərq poeziyasında sevginin Tanrı yerinə qoyulması, şərq fikir tarixində önəmli bir faktdır. Adətən şairlər də ən mükəmməl şeirlərini sevgi mövzusunda yazmışlar. Qovuşmaqla, ya da daha çox ayrılıqla bağlı; nakam sevgilər, ayrılıq, vəfasızlıq yazarların yaradıcılığında əsas yeri tutur.
Çünki elə sevgilər var ki, o sevgi nə ürəyə sığır, nə də ki yazılara. Bəzən böyük bir sevgini yazmaq mümkün olmur, şeirlə ifadə edilməsi də alınmır.
O mənada böyük şairimiz Vaqif Bayatlının şeirlərindən söyləyəcəyəm. Bu şeirlərdə dərin bir məna var.
Bu şeirlərdə sətirlərə düzülən sadə cümlələrdə böyük anlam var. Bu da şairin çox istedadlı olmasına bir dəlildir. Sevgiyə inanmaq, sevginin dəyərini anlamaq ayrı-ayrı mövzulardır. Gözdən əlillər işığı görmədiyi kimi, ürəkdən əlillər də sevgini anlaya bilməz. Eyni zamanda düşünürəm ki, sevgidən ötə bir duyğu var, onun adı anlayışdır. Çünki sevənlər güzəştə gedə bilərlər, amma anlayış göstərməyi hər kəs bacara bilməz. Söyləyirlər ki, münasibətlərdə istənilən halda düzgün münasibəti başladan sevgi, yaşadan sayqı, güvən və anlayışdır. Yalanlar isə bu gün var, sabah yoxdur. Hər kəsə, poeziyasevərlərə qarşılıqlı sevgi, sayqı və anlayış arzu edirəm.
Sonda isə hər zaman kitabla qalın, şeirlə qalın söyləyirəm, çünki kitab insanı həyata həm hazırlayır.
Həyat ətrafımızdakı insanlardan ibarətdir, ətrafımızdakı insanlar yaxşı olanda “həyat gözəldir” söyləyirik, pis insanlarla əhatə olunuruqsa, “həyat pisdir” deyirik. Bütün ədəbiyyatsevərlərə yaxşı insanların əhatəsində olmağı arzu edirəm.
Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.
Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı, pəncərəsi açıq üzü-gözü gülən
bir alaçıq!
Mən səni, mən səni
Dünyada
hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.
Mən səni sakitcə,
yavaşca sevmək istəyirəm.
Sevmək istəyirəm
Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək
*
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı .
görəmməyən varmı,
hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an,
hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)