O, “Ayrılıq” oxumaqla milyonlara ayrılığın əslində nə olduğunu anladırdı… - YAQUB ZURUFÇUNUN XATİRƏSİNƏ Featured

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Altmış səkkiz il bundan qabaq dünya bambaşqa idi. O vaxtlar SSRİ (Sovet ittifaqı kommunist partiyası) mərkəzi komitəsinin baş katibi Nikita Xruşşov dünyaya meydan oxuyurdu. Dünya isə, iranlıların sözü olmasın, ŞURƏVİDƏN qorxurdu. Yeri gəlmişkən, o vaxtlar İranda feodalizmin tüğyan etdiyi dövrlər idi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvi İranda at oynadırdı...

 

Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi isə zövcəsi Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Ailədə yeddi uşaq- üç qız, dörd oğlan vardı. Bu gün sizə həmin oğlanlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm...

Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi...

İllər ötdü. Bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...

 1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başladı. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələndi…

1989-cu ildə mərhum Xalq artisti Gülağa Məmmədov Almaniyada səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipi görüb heyrətləndi və həmin klipin videosurətini Azərbaycana gətirib televiziyada yayınlanmasına nail oldu. Çox keçmədi ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəldi…

 

O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşı idi. "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülmüşdü...

Deyirdi ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu, insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicinin zövqünü oxşamalıdır”...

 

Yaşasaydı, bu gün Yaqub Zurufçunun 68 yaşı tamam olacaqdı, amma amansız ölüm onu 2021-ci ildə 65 yaşında aramızdan apardı...

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.