Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bəs sevgidə uğur qazanmağın yolu nədən keçir? Biz bu söhbətimizə necə, nədən başladıq? Ondan başladıq ki, ilk öncə sevən gənc sevginin elmi əsasını bilməlidir, kor-koranə sevməyin gətirəcəyi fəsadlardan xəbərdar olmalıdır. Yazımızın bu bölümü də məhz ona xidmət edir.
İlk öncə hər bir sevən gənc öz sevgisinin növünü, xarakterini müəyyənləşdirməlidir, sevgisinin bütün xüsusiyyətlərinə bələd olmalıdır. Bayaq bir neçə sevgi təsnifatı ilə sizləri tanış etdim. Sevginin «ipini tam əlinə almaq», onu idarə etməkçün ən vacib olanı bədəndəki hormonlara uyğun olaraq müəyyənləşdirilmiş sevgi tipləridir ki, bu müəyyənləşdirmə də ABŞ antropoloqu X.Fişerə məxsusdur.
Sevgi hisslərinin yaranmasında dörd hormon dominantlıq edir ki, bunlar da haqqında artıq bəhs etdiyimiz testosteronla yanaşı serotonin, estrogen və dofamindir. Beləliklə, X.Fişerin tipləri bunlardır:
1. Testosteron həcmi yüksək olanlar.
Belələrini X.Fişer sevgidə idarə edənlər adlandırır.
Daha çox kişilərdə olan, qadınlarda isə böyrəküstü vəzlərdə az həcmdə yaranan bu hormon tələbkar, eqoist, bir qədər sərt, kobud sevən obrazı yaradır. Belələri, sevgilərini asan idarə edir, qurduqları ailədə əsl ailə başçısı olurlar. (X.Fişer belələrini tiran adlandırmaqdan da vaz keçmir). Bu tip insanların sevgilisi olanlar öncədən «ağır otur batman gəl» prinsipi ilə qapalı bir ailə həyatı keçirəcəklərinə hazır olmalıdırlar;
2. Dofaminin həcmi yüksək olanlar.
Belələrini X.Fişer sevgidə tədqiqatçılar adlandırır.
Dofamin hormonu emosiya və liderlik keyfiyyətlərinə cavab verir. Bu tip sevənlər həm də dəyişkən xarakterli sevənlərdir. Sevginin ilk fazasında sevdiklərinə bol hədiyyələr, sürprizlər edən belələrinin emosiyaları aşıb-daşırsa da sevginin ikinci fazasında onlar darıxmağa başlayırlar, əvvəlki sevgi dəyərlərinin gözlərində düşməsini müşahidə edirlər. Bu tip insanların sevgililəri münasibətlərini qoruyub saxlamaq üçün onları daim nələrləsə də təəccübləndirməli, daim sevginin yeni-yeni çalarlarını ortaya qoymalıdırlar.
3. Serotoninin həcmi yüksək olanlar.
Belələrini X.Fişer sevgidə inşaatçılar adlandırır.
Belələri sadiq, etibarlı olurlar, təsərrüfatcıl, ailəcanlı olurlar, xəyanət nə olduğunu bilməzlər. Amma bu tip sevənlərdə romantika, fantaziya görmək mümkün deyil, onlarçün sevgi – sadəcə ailə həyatı qurmağın ilk addımıdır.
Təsəvvür edin, inşaatçılar tədqiqatçılarla sevişsələr axırı nə olar?
Bu cür sevgi dərhal uğursuzluqla nəticələnər. Amma, inşaatçılar
qarşı tərəfdən heç bir təşəbbüs gözləmədən tam idarəetmə
diktaturasına riayət edən idarəedənlərlə normal münasibətlər qura
bilərlər.
Ən nəhayət, gəlib çatdıq dördüncü tipə:
4. Estrogenin həcmi yüksək olanlar.
Belələrini isə X.Fişer sevgidə danışıq aparanlar adlandırır.
Daha çox duyğusal olan, hiss adamı olan belələri mehribandırlar, qayğıkeşdirlər. Daim nəvaziş göstərirlər, sevgidə yaradıcıdırlar. Amma xeyli müdafiəsiz, köməksizdirlər, münasibətə aydınlıq gətirməyi, yerli-yersiz mübahisə etməyi, inciməyi, küsməyi çox sevirlər. Amma sonda da barışan tərəf özləri olurlar. X.Fişerə görə, belələri ilə bütün digər tiplər uyğunlaşa bilir. Bizim təbirimizcə desək, dördüncü tipin nümayəndələri «adam yolaverənlər»dir.
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)