Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyə hesab edirik Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər. Professor R.Sternberqə görə sevgidə romantik hisslər, yaxınlıq ehtirası, habelə ikitərəfli münasibət yaratmaq, sonradan da onu qoruyub saxlamaq qərarvericiliyi – ümumilikdə üç hissə olur.

 

Professorun fikrincə, sevgi aşiq olmaq mərhələsindən başlayaraq üç mərhələ keçir (Yeri gəlmişkən, bu cür təsnifatı ilə R.Sternberq Y.Ryurikovdan tam fərqlənir): Bu mərhələlər ideallaşdırma, dəyərsizləşdirmə və inteqrasiyadan ibarətdir.

İdeallaşdırmada sevdiyini tam olaraq ideallaşdırır, onu simaca və bədəncə gözəllərin gözəli hesab edir, xasiyyətcə, xaraktercə yaxşıların yaxşısı sanırsan. Biz azərbaycanlıların məşhur bir deyimi də var, könül sevən göyçək olar. İdeallaşdırma mərhələsində sevən sevdiyinin pozitiv cəhətlərini daha da şişirdirsə də, əksinə, neqativ cəhətlərini görməməyə çalışır.

Dəyərsizləşdirmə mərhələsi ideallaşdırmanın tam əksidir. Bu dəfə, artıq sevdiyinin müsbət yox, mənfi cəhətləri sənin diqqət mərkəzində olur. Mənfilikləri şişirdir, necə deyərlər, qarışqanı böyüdüb fil eldirsən. Bu mərhələdə sevgi adlı möcüzə anidən səni tərk etdiyindən sevdiyini yüksəltdtyin ucalıqdan yerə endirirsən.

İnteqrasiya mərhələsi isə sevgi münasibətlərinin tam yetkinlik dövrüdür, buna yetişkənlik dövrü də demək olar. İlk iki mərhələdən fərqli olaraq burada sevən düzü düz, əyrini əyri görür. Yəni, sevdiyini real insan prizmasından baxaraq bütün müsbət və mənfi cəhətləri ilə birgə qəbul edir. Çox təəssüf ki, sevgi münasibətlərində biz əksər halda bu mərhələyə çata bilmir, öncə ideallaşdırıb sonra dəyərsizləşdiririk.

Motivasiya etdiyim elə sevən gənclər var ki, bir-birlərini durmadan ittiham etməkdə, «öz aralarında yaxşı və pisi müəyyənləşdirmək» mübarizəsinə rəvac verməkdədirlər. Necə ki, uğursuz sevgi cavabsız sevgidən yaranır, eləcə də qarşılıqlı sevginin növbəti dəyərsizləşdirmə mərhələsi də uğursuz sevgi istehsal etməkdədir. Hətta bir-birini şiddətlə sevib, ailə qurub, sonradan ayrılan gənclərimiz məgər azdır? Demək, uğursuz sevgi anlayışının birtərəfli, cavabsız sevgi kimi, adi, bəsit forması ilə yanaşı bax bu, sonradan «bizimki tutmur», «xasiyyətimiz uyğun gəlmir» xarakteristikası ilə ayrılmağa rəvac verən mürəkkəb forması da sonucda eyni anlama gətirib çıxarır – cəmiyyətdə narazı və bədbin insanların sayı artır.

Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyədən, mükafatdan biri hesab edirik. Bu mükafatdan ötrü əksərən istənilən şücaətə, qəhrəmanlığa hazırıq, istənilən məhrumiyyətlərə, çətinliklərə sinə gərməkdəyik.

 

(Davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.