Nassim Taleb Lukano Viskonti və Umberto Eko barədə

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Nassim Talebin «Qara qu quşu» kitabı barədə söhbətimizi yekunlaşdırırıq. Onun  açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Gəlin bu gün onlara diqqət yetirək.

 

Məsələn, o yazır ki, əgər məşhur italiyalı kinorejissor Lukano Viskontinin kino çəkilən pavilyonunda aktyorlar süjetə görə içində brilliant olan ağzı bağlı mücrü ilə nəsə bir iş görürdülərsə, rejissor mücrünün içində həqiqətən də brilliant olmasını təmin edirdi. Viskonti deyirdi ki, bu vasitə aktyorların öz rollarını duymalarına kömək edir. Viskonti onu da əlavə edirdi ki, tamaşaçıları aldatmaq da yaxşı deyil.

Başqa bir fəsildə Nassim Taleb yazır ki, yazıçı Umberto Eko çox az ziyalılardan idi ki, geniş təhsili olmaqla yanaşı, həm də darıxdırıcı deyildi. Onun 30 min (!!!) kitabdan ibarət kitabxanası vardı. Və o, insanları evinə gəlmiş qonaqları böldüyü təsnifata görə iki yerə bölmüşdü: Birincilər – qonaq gələndə təəccüblənən, «Sizin nə qədər kitabınız var!!! Bunların nə qədərini oxumusunuz?», - deyə haray qoparanlardır. İkincilər isə kitabxananı adi qarşılayan, şəxsi kitabxananı imic göstəricisi deyil, iş aləti hesab edənlərdir.

Əslən livandan olan müəllif Livanda gedən vətəndaş müharibəsi ilə bağlı da bir fakt gətirir. Paytaxt Beyrutda işıqları söndürərmişlər. Şəhərin müharibə zonasından xeyli uzaqda olan bir hissəsində səma o qədər işıqlı, aydın imiş ki, orada o qədər ulduz toplaşıbmış ki, zülmət gecədə onu seyr etmək adama fərəh gətirirmiş. Televizorlardan, digər asudə vaxt təminatçılarından məhrum olan insanlar risk edərək  şəhərin həmin hissəsinə yollanırlarmış ki, səmanı seyr etsinlər. Demək insanları raket zərbələrinin altına düşmək darıxdırıcı gecə keçirməkdən daha az qorxudur.

Qaçqınlıq fəlsəfəsinə aid gətirilən fakt da çox maraqlıdır: 1960-cı ildə Kastro rejimi hakimiyyətə gələndə kubalı qaçqınlar müvəqqəti, bir neçə günlük Mayamiyə köç etmişdilər, çamodanlarının üstündə oturmuşdular ki, bu gün-sabah geri dönəcəyik. Onlar, onların sonra doğulan nəsilləri hələ də Mayamidədirlər. Və yaxud, 1917-ci ildə Rusiyadakı bolşevik inqilabı zamanı ölkəni tərk etmiş bir çox rus mühacirlər dərhal geri dönəcəklərini zənn edirdilər. Yazıçı Vladimir Nabokov geriyə dönüşü çox da uzun olmasın deyə yaxın Berlin şəhərini özünə məskən seçmişdi, daimi mənzil də almırdı, kirayə mənzillərdə, otel otaqlarında yaşayırdı. Beləcə o, geriyə dönüşü olmadan bütün həyatını başa vurdu, «Montre-Palas» hotelində gözünü əbədi yumdu. Ümidlər insanların gözlərini bəzən bax beləcə kor edir.

Yeri gəlmişkən, mən özüm şəxsən Qarabağ müharibəsinin evsiz-eşiksiz qoyduğu 800 min nəfərə yaxın qaçqın ordusunun neçə-neçə nümayəndəsində bu «uğursuzluq sindromu»ndan gec-tez qurtulacağına, vətəninə dönəcəyinə olan 25 illik inamın hələ də öləzimədiyinin şahidi olmuşam.

Nassimin gətirdiyi başqa bir fakt – qeyri-adiliyin, gözlənilməzliyin, yeniliyin təntənəsi barədədir. O, öz qəhrəmanını – Yevgeniya Nikolayevna Krasnovanı təqdim edir. Beş il öncə heç kimin tanımadığı bu xanım - fəlsəfəyə böyük marağı olan nevroloq öz düşüncələrini müxtəlif avtobioqrafik şərhlərlə zənginləşdirib vərəqə köçürməyə başladı. Bunları çap etdirmək istəyəndə heç bir nəşriyyat onu ciddiliyə almadı, hətta bəziləri belə cızma-qaralar yazdığına görə onu təhqir də etdilər. Nəhayət, Yevgeniya «Rekursiyanın tarixi» adlandırdığı kitabını internet şəbəkəsində yerləşdirdi. Orada bu xanımın kiçik bir oxucu auditoriyası peyda oldu. Aralarında olduqca kiçik bir nəşriyyatın sahibinə də rast gəlindi ki, həmin nəşriyyat sahibi də Yevgeniyaya kitabını çap etdirmək təklifini verdi. Beş il ərzində öz məqsədyönlülüyü, əməksevərliyi ilə silahlanan Yevgeniyanin kitabı populyarlıq qazandı, ədəbiyyat tarixinin ən gözlənilməz müvəffəqiyyəti hesab olundu, milyon tirajlarla satıldı, ədəbi tənqid tərəfindən vəsf edildi. Kitab 40 dilə tərcümə olundu, Yevgeniyanın şəkilləri küçələri bəzədi. Həmin o kiçik nəşriyyat isə böyüyüb nəhəng korporasiyaya çevrildi. Və həmin nəşriyyatın belə bir devizi də yarandı: «Kitab oxumağı sevən uzun məsafələrə iri yük maşını sürənlər (dalneboyşiki) heç vaxt məhz yük maşını sürənlər üçün yazılan kitabları oxumurlar».

Müəllifin həyatından gətirdiyi bu fakt isə insan büdcəsinin durumunu müəyyənləşdirən bədxərcliklə qənaətçillik barədədir. O yazır:

«Mən xatırlayıram ki, treyder kimi çalışdığım gənclik illərində – 20-25 yaşım olan vaxtlarda pullar çox asan qazanılırdı. Mən taksidə gəzməyi sevirdim və sürücüyə bəzən bəxşiş (çayevoy) olaraq yüz dollar verirdim. Yalnız onun xatirinə ki, o, hədsiz dərəcədə təəccüblənsin. Bu, adi bir gedonistik təcrübə idi: insanı 100 dollar kimi mənasız, boş bir şeylə bütün günü xoşbəxt etmək. Amma zaman keçdikcə mən bu dəcəlliyimi dayandırdım. Biz hamımız varidatımız artdıqca və pula daha ciddi münasibət bəslədikcə xəsis, qənaətçil oluruq».

Kitabdakı xüsusi diqqət tələb edən bir fakt isə məşhur «Titanik» gəmisinin kapitanı E.S.Smitlə bağlıdır. Kapitan 1907-ci ildə söyləmişdi: «Bütün peşəkar fəaliyyətim dövründə mən bircə dəfə də olsun hər hansı ciddi qəzaya uğramamışam. Dənizdə keçirdiyim uzun illər ərzində mən heç vaxt qəza törətməmişəm, faciə təhlükəsi olan şəraitə düşməmişəm».

Bildiyiniz kimi, 1912-ci ildə beş il öncə bu cür qürrələnmiş Smitin gəmisi bəşəriyyət tarixindəki ən böyük qəzaya uğradı.

Bu isə taleyin insana qarşı ən böyük ironiyasının təcəssümüdür.

Və sözügedən bestsellerdə Nassem Talebin naməlumluqların, qeyri-müəyyənliklərin cövlan etdiyi bir zamanda oxuculara təlqin etdiyi hər bir gözlənilməzlikləri təxmin edə bilmək instiktinin formalaşması zərurəti ilə yanaşı, əsas məsləhəti də var: insan təbiətən doğmalara, yaxınlara, tərəfdarlara böyük ehtiyac duyan bir varlıqdır. Əgər siz həyatınızı qarışdırmaq istəyən qara qu quşları ilə mübarizə aparmaq fikrindəsinizsə, onların çəkdiyi qara pərdəni yarıb öz uğur hədəfinizə doğru irəliləyirsinizsə, onda mütləq özünüzə tərəfdarlar tapın, tək qalmayın!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.