20-26 dekabrın təqvimi Varisin təqdimatında
20 dekabr.
İlin son tam həftəsi
Hər vaxtınız xeyir! Budur, daha bir ilimiz sona çatmaq üzrədir. İlin sonuncu tam həftəsinə daxil oluruq. Əlamətdar hadisələrlə, yubileylərlə bol olan bir həftə yaşayacağıq. İlk olaraq isə Beynəlxalq İnsan Həmrəyliyi Günündən başlayırıq.
Beynəlxalq İnsan Həmrəyliyi Günü
BMT Baş Assambleyasının təqvimə saldığı bu gün 2006-cı ildən qeyd edilir, yoxsulluğun ləğvi uğrunda hərəkatın 10-cu ildönümünə həsr edilib. Qəbul edilən qətnamədə deyilir: “Həmrəylik - 21-ci əsrdə insanlığın fundamental dəyərlərindən biri olacaq!”.
Təki həqiqətən də belə olsun, bir ölkə daxilində bütün zümrələr, hakimiyyətdə olanlar və olmayanlar, varlı və kasıblar, dünya üzrə isə hegemon və asılı xalqlar, inkişaf edən və inkişafdan uzaq dövlətlər həmrəy olsunlar.
Şən mahnı günü
Mahnılar əsasən “şən” və “qəmli” bölgülərinə uyğun gəlirlər, bu gün dünyada şən mahnı günüdür. Mahnısevən, rəqssevən insanlarımız üçün təbii ki, şən mahnılar daha məqbuldur, bu sayaq mahnılara “diringi mahnılar” deyilir el arasında. O ki toyda girirsən meydana, yalnız tappatarap eşidilir, nəfəsin kəsilincəyə qədər çıxmırsan, bax həmin mahnıların günüdür bu gün. Amma dünyanı dərk edən, dərk etdikcə bütün təzadları, ədalətsizlikləri, haqsızlıqları görən insanlar əsla şən mahnıları sevməzlər. Tarix boyu müharibələr, işğallar görən xalqımızın xalq mahnıları da kədərə köklənib, yəqin diqqət etmisiniz. Elə sevgi mahnıları da bu ovqata köklənib, ayrılıqdan, nisgil və kədərdən bəhs edib. Birində “Apardı sellər Saranı” deyiblər, birində “Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala” deyiblər, birində də “Bu sevda nə sevdadır, səni mənə verməzlər” deyiblər.
Dünyada ən ağır dərd anlamaq dərdidir, kaş ki insan anlaya bilməyəydi, yalnızca həmin o diringi mahnılara oynayaydı...
Milli qəhrəmanımızın anım günü
Milli qəhrəmanımız Riad Fikrət oğlu Əhmədovdan danışmaq istəyirəm, o şəxsdən ki, sağ olsaydı bu gün 65 yaşını qeyd edəcəkdi. DTK-nın Minskdəki Ali məktəbində təhsil almış Riad Əhmədov Azərbaycanda MTN yarandığı gündən ilk könüllülər sırasında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, Çaykənd uğrunda döyüşdə yaralansa da, növbəti əməliyyatlarda yenidən ön cəbhədə olmuşdu. Polkovnik-leytenant Riad Əhmədov 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, onun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdi, bir sıra kəndləri düşməndən azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Şəxsi şücaəti və igidliyi ilə seçilən Riyad Əhmədov 1992-ci il yanvarın 25-də “Daşaltı əməliyyatı”nda itkin düşmüşdür. İndiyədək onun haqqında heç bir məlumat yoxdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Riad Əhmədovun keçdiyi şərəfli döyüş yolunu əks etdirən “Qayıt, Riad” və “İgidnamə” adlı sənədli filmlər çəkilmişdir. Hazırda Bakı şəhərindəki 203 saylı orta məktəb onun adını daşıyır.
Əziz Nesin və Məhmət Akif Ərsoy
Bu gün əksər postsovet ölkələrində dövlət təhlükəsizliyi əməkdaşları günüdür, eləcə də üzdəniraq qonşularımızda. Makao öz yaranışı, Panama matəm, Qviana qul olmaqdan xilas gününü qeyd edəcək. Myanmada maraqlı bir təcrübə var, hər ilin bu gününü Bo Aunq Çjo günü kimi qeyd edirlər, həmin tələbə 1938-ci ildə Myanmanın azadlığı uğrunda ilk şəhid olub. İlkləri unutmamaq gözəl ənənədir. O ki qaldı Amerikaya, mətbəxsevər amerikalılarda bu gün “Sanqriya” içkisi günüdür. 1880-ci ilin bu günündə Nyu-Yorkda, Brodveydə tarixdə ilk dəfə elektrik işıqları yandırılmışdır, odur ki, 20 dekabrı “nurlu gün”, “ağ işıq günü” kimi də adlandırırlar.
1948-ci ilin bu günündə Zənzibarda Abdulrazak Qurna dünyaya gəlib, hansı ki, 2021-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bu gün iki böyük türk yazarının da doğum günüdür. 1915-ci ildə İstanbulda tanınmış türk şairi və satiriki Əziz Nesin doğulub. 1873-cü ildə isə Fatehdə Türkiyənin İstiqlal marşının yazarı Məhmət Akif Ərsoy dünyaya gəlib.
21 dekabr
İlin ən qısa günü
Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.
Krossvordun yaranışı günü
1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?
Fənər günü
Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.
Və digər əlamətdar hadisələr
Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.
2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.
Məşhur opera müğənnisinin 115 illiyi
Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb. 1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.
Məşhur yazıçının 105 illiyi
Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalışıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləyib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mənə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub. Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsərlərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub. Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Talesiz şairin elegiyası
Gördüyünüz kimi, Süleyman Vəliyev xoşbəxt taleli yazar olub, yazıçılığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə edib. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pulu olmayan Adil Mirseyidsə bədbəxt taleli yazar olub. Və mən bu gün Adil Mirseyidi böyük hörmətlə anır, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət diləyirəm. Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə əzbərdən demək istəyirəm:
Bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var
mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil
hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm
pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı
gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə.
22 dekabr
Energetiklər günü
Fizika alimləri iddia edirlər ki, elektrik cərəyanı kütlə və çəkisi olmadığına görə əslində özlüyündə əsla təhlükəli deyil. Amma bu cərəyan yüklü hissəciklərin – elektronların axınını özündə ehtiva etdiyindən kütləsi və çəkisi olan, habelə işıq sürətinə yaxın sürətlə irəliləyən elektronlar aşkar təhlükə törədirlər. Bu təhlükə öldürücü dərəcədədir. Ona görə də elektriklərin tövsiyələri boşuna deyil, onlar deyir ki, əgər siz hansısa elektrik cihazının detalı deyilsinizsə, onda bu axının qarşısına nəbadə çıxasınız.
“Uzaq sahillərdə”
Amerikalılar bu dəfə Milli qozla və iydə ilə çörək gününü qeyd edəcəklər. Düzü, mən bu şeylərlə şörəyin miksinin nə dad verəcəyindən bixəbərəm, bu birləşməni heç təsəvvür də edə bilmirəm, amma fakt faktlığında qalır. Rumınlar isə 1989-cu ilin bu günündə Çauşesku rejimini devirib milli xilas fondunu hakimiyyətə gətirmələrini qeyd edəcəklər. Yenə həmin ilin həmin günündə Brandenburq qapıları açılıb, iki Almaniyanın əhalisi bir-birinə gedib-gəlməyə başlayıb.
1938-ci ildə Cənubi Afrika sahili sularından müasir balıqlardan ən qədimi hesab edilən latimeriyanı tutublar. 1920-ci ilin bu günündə tanınmış Azərbaycan kinodramaturqu, kinorejissoru, “Cəbhədən cəbhəyə” və “Uzaq sahillərdə” kimi iki şedevrlə mədəniyyətimizə töhvələr vermiş Həsən Seyidbəyli doğulub. 1911-ci il dekabr ayının 22-də Bakıda Nəsir Əsəd oğlu İmanquliyev anadan olub. Bu gün 110 yaşı qeyd edilən Nəsir İmanquliyev ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın babasıdır, Azərbaycan mətbuatının inkişafında böyük xidmət göstərib, 87 il ömür sürüb.
1895-ci ildə alman fiziki Vilhelm Rentgen həyat yoldaşının əlini şüalandıraraq dünyada ilk dəfə rentgen fotosu çıxarıb. 1876-cı ildə Filippo Marinetti – Avropa ədəbiyyatı və incəsənətində futurizmin təməlini qoymuş italyan yazıçısı doğulub. 1858-ci ildə isə digər məşhur italyan – 12 opera müəllifi, bəstəkar Cakoma Puççini dünyaya gəlib.
23 dekabr.
Ümumdünya snoubord günü
Snoubord nədir? Dağlardan qarın üzəri ilə üzüaşağı sürüşmək üçün lövhədir, kirşənin müasir formasıdır. Harda qar yağırsa orda snoubord günü qeyd edilir. Bu gün rəsmi olaraq qış idmanının açılış günü də sayılır. Böyük yarışlar, müsabiqələr, əyləncəli nümayişlər baş tutur. EuroSİMA adlı “lövhə idmanları” üçün ekipirovka istehsal edən şirkət bu günün təqvimə salınmasına nail olduqdan sonra hər ilin 23 dekabrında milyonlarla gəlir əldə edir.
Yeri gəlmişkən, bizim Şahdağ kompleksində də hərdən snoubordçular peyda olurlar, bu təmrini təbliğ edirlər.
Daxili işıq günü
Nə olar, bu günü biz də keçirək. Günəş işığı var, Ay işığı var, elektrik işığı, lampa işığı, şam işığı var. Bunlar hamısı gözlə görünən, qaranlıqda səni aydınlığa çıxaran işıqlardır. Biri də var daxili işıq, işıqların ən vaciblərindən biri, yalnız insan oğlu insana xas olan bir keyfiyyət. Bu gün pozitiv, mənəvi insan üstünlükləri olan şüurluluq, təəssübkeşlik, ümidləndirmə, insanlıq təbliğ edilir, hamını daxili işığını yandırmağa səsləyirlər.
Köklər günü
Hər bir bitki öz kökü üstündə qərarlaşan kimi hər bir insanın da öz nəsil kökü var, bax bu gün insanlardan həmin köklərini xatırlamaq təvəqqe olunur. Bizdən babamızın babasının kim olduğunu soruşsalar, əksəriyyətimiz gözünü döyəcək. Amma insanlar ən azı yeddi dönəmdən nəsil şəcərələrini bilməli, nəsillərindəki adlı-sanlılarla öyünməli, qürur duymalı, onların ad günlərində, vəfat etdikləri günlərdə ruhlarına dua oxutmalı, şam yandırmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda nəsil şəcərə bilgilərini nəsildən nəsilə ötürmək ənənəsi ən yaxşı naxçıvanlılarda qalıbdır, buna görə də onlara bir alqış düşür.
Bu gün yaponlarda təntənəli bayramdır, Yaponiya imperatorunun doğum günüdür, 1948-ci ildə yapon imperatoru Tenno Tandzebinin doğum günü milli bayram kimi təqvimə düşüb. Deyəsən Meksika da qonşusu ABŞ-ın təsirinə düşüb, bu gün Milli turp gününü qeyd edəcəklər. Amerikalılar özləri isə bu gün Milli sobada bir şey bişirmək günündə yeyib-içəcəklər.
Balet ustası Çimnaz Babayevanın 75 illiyi
Çimnaz Babayeva görkəmli balet ustamızdır, 1954-1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfində təhsil almışdır, böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın “Qızıl açar” baletində Buratino rolu ilə qədəm basmışdır. Öz həyat yoldaşı, xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan” baletində Nəsiminin sevgilisi kimi obrazları yaratmaqla Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaltmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri kimi gənc balet artistlərinin yetişdirilməsində zəhməti də əvəzsizdir. O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir. Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə “Əməkdar artist” və “Xalq artisti” kimi yüksək fəxri adlara, Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür. Çimnaz Babayeva 2019-cu il dekabr ayının 23-də vəfat etmişdir. Ruhu şad olsun!
Yazıçı Elçin Hüseynbəylinin 60 illiyi
AYB Katibliyinin yeddi üzvündən biri olan Elçin Hüseynbəyli “Balıq adam”, “On üçüncü həvari, “141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam” kimi kitabların, səkkiz romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrain, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb. Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub. Doqquz pyesi dövlət teatrlarında səhnəyə qoyulub. 2008-ci ildə Prezidentin xüsusi mükafatına layiq görülüb. 2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri”, 2007-ci ildə “Humay”, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, 2019-cu ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. İstedadlı yazıçımızı təbrik edirik!
24 dekabr.
Prezident İlham Əliyevin 60 illik yubileyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə orta təhsilini Bakıda alıb, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub, oranı bitirdikdən sonra 1982-ci ildə institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə həmin təhsil ocağında müəllim kimi çalışıb. 1991-1994-cü illərdə özəl biznes sahəsində fəaliyyət göstərib, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. O, iki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 2003-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə 3-cü dəfə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində isə dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün onun sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkədə idmanın sürətli inkişafını və onun perspektivlərini genişləndirmək məqsədilə ölkədə 50-dək Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Ölkə son illər I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, 42-ci Şahmat Olimpiyadası, XV Avropa Gənclər Olimpiya Festivalı, “Formula-1 Avropa Qran-Prisi” kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradılıb, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olunub. Bu mərkəzlərə 2013-2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.
Ali Baş Komandan olaraq İlham Əliyev sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurub, 30 ildən artıq davam edən erməni işğalına son qoyulub, respublikamızın qanuni hüquqları bərpa edilib. Bu müharibə İlham Əliyevin adını tarixin səhifələrinə “İtirilmiş əraziləri geri qaytaran dövlət başçısı” kimi yazıb.
60 yaşını qeyd edəcək Azərbaycan prezidenti “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumıniya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” ordeni (Fransa), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli ordeni, MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf” ordeni, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni, “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), “I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni (Ukrayna), “Mübarək əlKəbir” ordeni (Küveyt dövləti), Parlamentin Qızıl medalı (Yunanıstan), Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı, Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı, BMT-nin Əhali Fondunun mükafatı, Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı və s. ilə təltif olunub.
Mitskeviç, Tofiq Fikrət, Ömər Faiq Nemanzadə
Azərbaycan prezidenti 60 illiyini qeyd etdiyi bu gündə Rusiya Hərbi Şöhrət gününü ( Suvorovun komandanlığı ilə rus ordusunun 1790-cı ilin bu günündə türk qalası İzmayılı ələ keçirməsi şərəfinə), İspaniya və ispandilli ölkələr Noçebuna bayramını (Mövlud günü şərəfinə), Şimalı Avropa ölkələri Soşelnik bayramını (yenə də Mövlüd günü və Yeni il şərəfinə) qeyd edəcəklər, Amerikalılar isə ənənəyə uyğun növbəti mətbəx bayramına sevinəcəklər, milli eqq-noq içkisi gününə. Çiy yumurta və süddən hazırlanan bu şirin içki Şimalı və Cənubi Amerika ölkələrində çox populyardır.
1979-cu ilin bu günündə SSRİ Əfqanıstanın işğalına başlayıb, 1920-ci ilin bu günündə görkəmli italyan opera müğənnisi Enriko Karuzo “Metropoliten-opera”nın səhnəsində özünün son çıxışını edib, 1914-cü ilin bu günündə alman təyyarəsi İngiltərənin Duvr şəhərini bombalamaqla tarixdə ilk aviasiya bombardmanına imza atıb. 1903-cü ilin bu günündə tarixdə ilk dəfə avtomobilə qeydiyyat nömrəsi vurulub, bu Böyük Britaniyada baş verib, “A 1” nömrə nişanı hersoq Rasselə verilib. 1851-ci ilin bu günündə dəhşətli yanğın ABŞ Konqresinin kitabxanasında 35 min kitabın və unikal sənədin yanmasına səbəb olub. 1760-cı ilin bu günündə isə rus imperatrisası Yelizaveta insanların Sibirə sürgün edilməsini rəsmiləşdirib.
Və ən nəhayət, prezidentlə eyni gendə doğulanlardan məşhur polyak şairi və inqilabçısı Adam Mitekeviçi (1798), böyük türk şairi Tofiq Fikrəti (1867), böyük Azərbaycan maarifçisi Ömər Faiq Nemanzadəni (1872), “Gənc qvardiya”nı yazmış ünlü rus yazıçısı Aleksandr Fadeyevi (1901) və məşhur rus müğənnisi Dima Bilanı (1981) göstərə bilərik.
Böyük Ziya Bünyadovun 100 illiyi
Bu gün dövlət təqvimlərində yer almayan bir yubliley də var. Böyük azərbaycanlı Ziya Musa oğlu Bünyadovun 100 illiyi. 1921-ci ilin 24 dekabrında Astarada dünyaya göz açan dünyaşöhrətli şərqşünas, tarixçi, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, ən nəhayət milli azadlıq hərəkatının liderlərindən biri, ictimai-siyasi xadim, erməni millətçilərinin “nömrə bir düşmən” elan etdikləri bir vətən oğlu, bir də ədalət carçisi, haqsızlıqlarla, məmur özbaşınalıqları ilə mübarizə aparan, xalqı üçün cəngə çıxan fədai.
Ziya Bünyadov həm də 2-ci Dünya Müharibəsində komandanlıq etdiyi 123-cü əlahiddə rota ilə Visla-Oder döyüşlərində misilsiz şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. 1967–1968-ci illərdə - sovetin qılıncının dalı da, qabağı da kəsən ən qorxulu avtoritarizm illərində Ziya Bünyadov bir neçə dəfə açıq şəkildə “Doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb” deməyə cəsarət tapmış tək azərbaycanlı olmuşdu. O, Qorbaçov perestroykası dövründə bolşevizm terroru nəticəsində 20–30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararaq 1937-ci ilin qurbanlarını xalqa tanıtdırmış, onlara bəraət qazandırmaqla da əsl hünər göstərmişdi. O,“Quran”ı Azərbaycan dilinə çevirməsi ilə də yaddaşlara həkk olunmuşdu.
1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında onu qətlə yetirdilər. Qətlindən bir qədər əvvəl Ziya Bünyadov ayrı-ayrı yüksək mövqeli şəxslərin korrupsiya əməlləri barədə çıxışlar etmişdi, parlamentdə fikirlər səsləndirmişdi, Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu da bildirmişdi.Akademikin “Hizbullah” radikal dini qrup üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi faktı olsa da bu versiya günü bu gün də heç kəsin ağlına batır. Bu qətlin üstünün acılması üçün zaman lazımdır təbii ki.
Bu isə Heydər Əliyevin Ziya Bünyadov haqqında dediyi sözlərdir: "O, öz varlığı ilə elə bir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik."
25 dekabr
Katoliklərin Milad bayramı
Christmas Day. Milad bayramı xristian dünyasının ən əsas bayramı hesab edilir, xristianlıq peyğəmbəri İsanın doğulmasını özündə ehtiva edir. Dünyanın 100-dən artıq ölkəsində Milad dövlət bayramı sayılır. Tarixdə xristianların Miladı bayram etməsinə aid ilk yazılı mənbə 4-cü əsrə aiddir. İsa Məsihin dəqiq doğulma tarixi həmişə mübahisələrə yer açıb, amma katoliklər bu tarixi 25 dekabr kimi qəbul ediblər. Olsun ki, məhz bu tarixi seçməkdə erkən dövr xristianlarının 25 dekabrda Xristin təməli və Pasxa bayramlarını qeyd etmələri, eyni zamanda Günəşin bərqərar olması gününü də bu təqvim günündə qeyd edilməsi rol oynayıb. Bu bayram 4 gün öncədən başlayıb 6 gün sonrayadək davam edir, bayramaxşamı – ayın 24-də soşelnik deyilən məcburi rituala bütün katoliklər əməl edirlər – buğda və bal qarışığı yeyilir, səmada ilk ulduz görününcəyə qədər bu post davam edir. Gecə, ayın 25-nə keçəndə, işıqlaşanda və 25-i günorta hər kəs Allaha xidmət edir, dualar oxuyur, şam yandırır. Kilsələrə böyük axın olur, uşaq və gənclər nəğmə oxuyaraq, şənlənərək evlərə gedir, hər bir ailəyə xoşbəxtlik diləyir. Əvəzində ailələr onlara qovrulmuş şabalıd, boyanmış yumurta, kolbasa qaxacları, meyvə və şirniyyat verir. Pay verməyən xəsis ev sahiblərini lağa qoyur, onları bədbəxtçiliklərlə qorxudurlar. Səs-küylü şənlənmələrdə hamı maska taxır, əsl karnaval əhval-ruhiyyəsi duyulur.
Məbədlərdə xüsusi Milad çörəkləri bişirilib insanlara paylanılır. Və ən vacibi – dekabrın 24-də, Miladdan bir gün öncə evlərdə rəngbərəng şarlarla bəzədilmiş küknar ağacları qurulur, bu, üstü meyvəli cənnət ağacının simvolu sayılır, bollu-bəhərli bir yeni il arzulanır hər kəsə.
Çauşeskunun və Yelenanın güllələnməsi
Lüteryanların da Milad bayramıdır bu gün. Pakistanda Kvay-e-Azam günüdür, o, Pakistanın milli dövlətinin atası-qurucusu hesab edilən şəxsdir. Pakistanın rəqibi olan Hindistanda Tulasi Pudjan Divas günüdür, bu günün bir adı da “müqəddəs reyhan günüdür”, indust dinində reyhan müqəddəs bitki hesab edilir. Peruda Takanakuy adlanan rəqs festivalı başlayır. Çin və Tayvan Konstitusiya, Kamerun uşaqların müdafiə günü, Mozambiksə ailə gününü qeyd edir. Zat aliləri amerikalılar isə bu gün iki mətbəx bayramı qeyd edirlər. Birincisi Milli balqabaq piroqu günüdür. Dadmışam, çox dadlıdır. İkincisi, Milli aşbazları öpmə günüdür. Bax bunu dadmamışam, nə yalan deyim.
1989-cu ilin bu günündə rumınlar ölkənin keçmiş rəhbəri Nikolae Çauşeskunu və həyat yoldaşı Yelenanı güllələyiblər. “Xalqın sərvətini ailə olaraq talayan, rumınları zillət içində yaşadan, azadlığa həsrət qoyan” diktator və həyat yoldaşı küçədə, minlərlə insanın gözü qarşısında öldürülüb.
1977-ci ildə dünyaşöhrətli komik aktyor Çarli Çaplin 88 yaşında vəfat edib. 1969-cu ilin bu günündə amerikalı Artur Blessit dünya tarixindəki ən uzun piyada səyahətinə başlayıb, o, 29 il ərzində 55011 kilometr məsafə qət edib. 1958-ci ildə SSRİ qanunvericiliyində milyonlarla insanın qəniminə çevrilmiş “xalq düşməni” ittihamı ləğv olunub. 1741-ci ildə isveç astronomu Anders Selsiy temperaturu ölçmək üçün şkalanı kəşf edib. Ən nəhayət, 1000-ci ildə macar qardaşlarımızın başda 1-ci Stefan olan Macar krallığı yaradılıb.
Qaziantepin azadlığı günü
Türkiyənin böyük şəhərlərindən olan Qaziantepin özünəməxsus xüsusiyyətləri var ki, bu da onu fərqli bir məkan kimi tanıdır. Əvvəla, şəhərin tarixi qədim dövrlərə dayanır. İkincisi, əvvəlki adı Antep olan bu qədim türk şəhəri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş savaşından sonra “Qazi” (qəhrəman şəhər) statusu qazanaraq Qaziantep adlandırılıb. Qaziantep həm də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi şəkildə əhali qeydiyyatına düşdüyü şəhərdir.
Şəhər cənub-şərqi Anadolu bölgəsində sənayesinin inkişafı baxımından ön yerdə dayanmaqla yanaşı, həm də fərqli və zəngin mətbəxi ilə məşhurdur. Qaziantep böyüklüyünə görə Avropada 2-ci, Türkiyədə isə 1-ci olan zooparkı ilə də tanınır.
Bax Atatürkün apardığı qurtuluş savaşında qalibiyyətin bu gün tam 100 illiyidir.
Yubileylər günü
Bu günə bir neçə tanınmış azərbaycanlının yubileyi təsadüf edir. Görkəmli ədəbiyyatşünas, rejissor, kitabşünas, bioloq... Gəlin bir-bir bu yubilyarlara diqqət ayıraq.
Görkəmli ədəbiyyatşünas Əli Sultanlının 115 illiyi
Ədəbiyyatşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Əli Abdulla oğlu Sultanlı. O, 1906-cı il dekabr ayının 25-də Naxçıvan şəhərinə bitişik Araz kəndində anadan olub. 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Şərq fakültəsini bitirib, oradaca müxtəlif vəzifələr alıb, 1939-1941-ci illərdə institut rektorunun elmi hissə üzrə müavini vəzifəsində çalışıb. Əli Sultanlı Azərbaycan alimləri arasında ilk dəfə 1939-cu ildə “M.F. Axundov və Molyer” mövzusunda dissertasiya müdafiə edərək, xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi olub. 1945-ci ildə o, “Azərbaycan dramaturgiyasının inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmlər doktoru alimlik dərəcəsi, 1947-ci ildə professor adı alıb.
Əli Sultanlı Azərbaycanda müqayisəli ədəbiyyatşünaslığın ilk nümunələrini yaradan görkəmli alimdir, xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. Əli Sultanlı görkəmli ədəbiyyat tarixçisidir. O, üçcildlik, monumental “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin əsas müəlliflərindən və elmi redaktorlarından biridir. Ə. Sultanlı SSRİ Ali Sovetinin fərmanı və Əmək igidliyinə görə medalı ilə təltif olunub.
Böyük alim 1960-cı il iyul ayının 18-də Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub. Ruhu şad olsun!
Görkəmli rejissor Əlisəttar Atakişiyevin 115 illiyi
Kino tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdirƏlisəttar Atakişiyev. O, 1906-cı il dekabr ayının 25-də Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini bitirib. “Azərfilm” studiyasına dəvət olunan operator ilkin olaraq “Bakılılar” filmində baş operator işləyib, daha sonra yenə “Mosfilm”də iş alıb, orada ilk rəngli filmlərin yaradılmasında iştirak edib. Əlisəttar Atakişiyev müharibə illərində Bakıya gəlib, burada “Arşın mal alan” və “Fətəli xan” filmlərində işləyib, 1953-cü ildə Tallinə göndərilib, orada Estoniyanın ilk rəngli (“Axşam düşəndə” ) filmini çəkib. 1956-cı ildə Azərbaycana qayıtdıqdan sonra “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” və bir neçə sənədli filmdə operator kimi fəaliyyət göstərib, rejissor kimi “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri ilə Azərbaycan uşaq kinosunun əsasını qoyub. Kinorejissor Əlisəttar Atakişiyevin istər operator, istərsə də rejissor kimi çəkdiyi filmlər Azərbaycan kino tarixində ən çox baxılan filmlər kimi öz layiqli yerini tutur.
Görkəmli sənətkar heyran olunacaq dərəcədə sadə insan olub, özünü təkcə operator və rejissor kimi deyil, həm də dekorasiya rəssamı, geyim rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist, dublyaj rejissoru kimi də təsdiqləyib. “Bizim küçə”, “İstintaq davam edir” filmləri ilə Azərbaycan kinosunu zənginləşdirməklə rəssam kimi də fəaliyyətini ortaya qoyub. Onun Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətlərindən biri də dublyaj sənətinin inkişafına təkan verməsi olub, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj edib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən bu böyük insan başqa heç bir təltif almayıb, 1990-cı il noyabr ayının 7-də Moskvada, Kino Veteranları evində vəfat edib. Ruhu şad olsun qədri layiqincə bilinməyən bu insanın.
Görkəmli alim Abuzər Xəlilovun 90 illiyi
Kitabşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Abuzər Xələfov. 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olan Abuzər müəllim SSRİ məkаnındа kitаbхаnа işinin tаriхi sаhəsində ilk еlmlər dоktоru kimi şöhrət qаzаnıb və Аzərbаycаn kitаbхаnаşünаslıq еlmi məktəbinin əsаsını qоyub. Rеspublikаmızdа ХХ əsrin 60-cı illərindən bаşlаyаrаq kitаbхаnаşünаslıq və bibliоqrаfiyаşünаslıq sаhəsində dоktоrluq və nаmizədlik müdаfiə еtmiş аlimlərin dеmək оlаr ki, hаmısı А.Хələfоv еlmi məktəbinin yеtirmələridir. O, “Kitаbхаnа işi hаqqındа” Аzərbаycаn Rеspublikаsı qаnununun lаyihəsini hаzırlаyаn işçi qrupunun sədri, BMT yаnındа Bеynəlхаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsının аkаdеmiki olub. Görkəmli alim 300-ə yaxın еlmi əsərin, 10 mоnоqrаfiyаnın, 30-dаn аrtıq kitаbın - dərslik və dərs vəsаitlərinin müəllifidir. 2001-ci ildə Аmеrikа Biоqrаfiyа İnstitutunun nəşr еtdirdiyi “Görkəmli lidеrlərin bеynəlхаlq sоrаq kitаbı”nın ХI nəşrinin nоminаntı sеçilib, fəхri fərmаn və qızıl mеdаllа təltif еdilib. O, Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı yüksək xidmətlərinə görə 1969-cu ildə “Əməkdаr mədəniyyət işçisi”, 2000-ci ildə “Şöhrət”оrdеni, 2001-ci ildə “Əməkdаr еlm хаdimi”, 2005-ci ildə “İlin müəllimi” fəхri аdlarına layiq görülüb, 2019-cu ildə “Şərəf” оrdеni” ilə təltif edilib. Abuzər Xələfov 2020-ci il aprel ayının 27-də Bakı şəhərində vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub, ruhu şad olsun!
Görkəmli bioloq Qara Mustafayevin 90 illiyi
Bu gün məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, böyükdən kiçiyə hər bir azərbaycanlıya “Təbiəti sevənlər” proqramından tanış olan Qara Mustafayevin də yubileyidir, 90 illiyidir. Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olan, ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən, aspiranturada təhsilindən sonra 1958-ci ildə elmlər namizədi və 1985-ci ildə elmlər doktoru alimlik dərəcələrini və sonra professor elmi adını alan Qara müəllim elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox medal, fəxri fərman, diplom və digər mükafatlarla təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib, "Şöhrət Ordeni"nə layiq görülüb. 2018-ci ilin 8 oktyabrında dünyasını dəyişmiş böyük alimimizə allahdan rəhmət diləyirik.
26 dekabr
Hədiyyələr günü
Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.
Nıtik günü
Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.
Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao
Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar.
Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb. Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.
1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib.
Paraşütün sevdası
1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.
Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.