“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə reallaşdırdığı “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini 1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.
2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin, 2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.
ŞAGİRD
Mən, Qorodayev Əkbər Azər oğlu 31 iyul 2015-ci ildə Bakı şəhərində anadan olmuşam. 2021-ci ildə 247 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuşam və hazırda həmin məktəbin III sinfində oxuyuram. Dərs əlaçısıyam. Məktəbin ictimai işlərində hər zaman fəal iştirak edirəm. Kitab oxumağı çox sevirəm və mütaliə mənim ən faydalı vərdişimə çevrilib.
ESSE
"Kitab aşiqi"
Kitab nədir? Mənim üçün kitab ən dəyərli dost, əzizimdir. Hələ hərfləri tanımadığım, oxuya bilmədiyim vaxtlarımda anam mənə nağıllar, hekayələr oxuyar, şeirlər əzbərlədərdi. Anama qulaq asdıqca o cansız səhifələrdən çıxan məzmunun sehrinə düşərdim. Beynimdə obrazı canlandırar, onun xarakterinin mənə nə qədər yaxın olub-olmadığını müqayisə edərdim. Hətta oyuncaqlarımla oynayanda belə obrazla bağlı səhnə qurardım. Bunu heç kimə, hətta anama belə söyləməzdim.
Zaman keçdi. Məktəb yaşım çatdı. Birinci sinfə gedəndə artıq özümün oxuduğum kitablar var idi. Onlar kitab rəfimin “Mənim ilk kitablarım” seriyası olan yerdədir. Hazırda 3-cü sinifdə oxuyuram. Bu üç ildə sinfimizdə kitab mütaliəsi ilə bağlı bir sıra layihələr keçirilib. Onların hər birində iştirak etmiş, çox şeylər əldə etmişəm. Dərsdən sonra boş vaxtlarımda kitab oxumağa vərdiş etmişəm. İnsanın suya, havaya necə ehtiyacı varsa, kitab oxumağa da məndə belə bir tələbat yarandığını hiss etmişəm. Hər kitab oxuyub bitirəndə yeni bir və ya bir neçə insan həyatı ilə tanış olursan. Bir az da böyüyürsən, oxuduğun mətndən çıxardığın ideyaya doğru addımlayırsan, pis vərdişlərin yaratdığı sonluqlardan nəticə çıxarır, yaxşı əməlləri özündə cəmləyirsən.
Oxuduğum kitablar çoxdur. S.S.Axundovun “Qorxulu nağıllar” seriyasından “Əhməd və Məleykə”, “ Nurəddin”, Reyhan Yusifqızının
“Pəncərəni kim sındırdı“, “Qapı arxasında o “,“Diribaş qızlar klubu”, Mürşid İsmayılzadə “Zəfəri yaşayanlar və yaşadanlar”, Elgün Eyyubov “Gizli şahid “, Luis Kerroll “Alisa Möcüzələr Diyarında”, Redyard Kiplinq “Mauqli” ,“Heraklın on iki qoçaqlığı”, Daniel Defo “Robinzon Kruzo” çox sevdiyim kitablardır. Hər kitab oxuduqca dostlarımla, sinif yoldaşlarımla daha gözəl anlaşır, ünsiyyət qurur, maraqlı müzakirələr edirik. Hətta oxuduğumuz kitabların qəhrəmanlarından sitatlar gətirir, epizodlar danışırıq.
Bu yazımda son oxuduğum Reyhan Yusifqızının “Yaşıl gözlü qız” əsəri haqqında təəssüratlarımı yazacağam. Əsər mənim kainat, Günəş sistemi, planetlər haqqında olan biliklərimi, lüğət ehtiyatımı daha da zənginləşdirdi.
Kitab kosmik qəza nəticəsində Yer planetinə düşmüş on iki yaşlı yadplanetli qızın – Leminin Yerdə sərgüzəştlərindən bəhs edir. Leminin dostları Kainatın sirlərini açmağa, ona kömək etməyə çalışırlar. Yadplanetli qızın Yerdəki insanlardan fərqini, onun üzləşdiyi çətinlikləri oxuduqca insan hadisələrin içərisinə daxil olur, özünü qəhrəmanlardan biri sanır hətta.
Əsər bədii mətn olsa da, elmi məlumatlarla zəngindir. Bu elmi məlumatlar – planetlərin fərqi, Günəşə ən yaxını, uzağı, ən parlağı, planetlərin tərkibi və s. haqqındadır. Əsəri oxuduqca iki planet arasında fərqi aydın görürsən. Bunlardan biri yadplanetlilərin planeti, digəri isə biz insanların yaşadığı Yer planetidir. Yadplanetli qızın bizim planetin sakinlərinin Kainatın qanunlarına əməl etməməsi haqqında çıxışı biz insanlardan çox diqqətli olmağı, təbiəti ciddi şəkildə qorumağı, təbii sərvətləri talan etməməyi, ətraf aləmi korlamamaği tələb edir. Sən demə, Yer insanları planetin flora və faunasını məhv edir, məişət tullantıları ilə ekologiyanı korlayır, təbii sərvətləri dağıdırlar. Əsəri oxuyandan sonra başa düşdüm ki, Yer planetinə kosmik fəzadan baxanda Yerin atmosferində nə üçün qara ləkələr görünürmüş. Bunlar havaya buraxılmış zəhərli qazlar imiş. Onların sıxlaşmasından yaranan yağışlar bu zəhəri torpağa hopdurur. Beləliklə də, ekologiya yavaş-yavaş məhv olur, Yer planeti fəlakətə sürüklənir. Planetimizin məhv olması Kainatda tarazlığın pozulmasına, nəticədə isə dəhşətli partlayışların, hadisələrın baş verməsinə gətirər. Əsər məndə “Planetimizi necə xilas etmək olar?” sualı ətrafında düşünməyə, araşdırma axtarmağa yönəltdi.
Yazıçı əsərdə Yer insanlarının mənəvi keyfiyyətlərinə də toxunur. Planetimizin sakinlərinin ailə münasibətləri, dostluq, bir-birinə kömək, diqqət, yardımsevərlik, hörmət və s. kimi müsbət keyfiyyətləri məndə xoş təəssüratlar yaratdı.
İstərdim ki, bütün uşaqlar bu maraqlı əsəri oxusunlar. Oxusunlar ki, daha da böyüsünlər, zənginləşsinlər, gələcək addımlarını atanda düşünüb hərəkət etsinlər.
Nə vaxtsa haradansa oxuduğum bu fikirlə yazımı tamamlayıram: “10 yaşına qədər həftədə ən azı 1 kitab oxuyan uşaqda 16 yaşına çatdıqda həftədə 1-dən az kitab oxuyan uşağa nisbətdə təlim nailiyyətlərinin daha yüksək olduğu müşahidə edilmişdir.” Yoldaşlarımın da təhsildə nailiyyətlərinin, danışma, ünsiyyət bacarıqlarının, dünyagörüşünün yüksəlməsi üçün daha çox kitab oxumasını tövsiyə edirəm. Oxuduğumuz kitablar haqqında qısa məlumat verir, digərlərini də oxumağa sövq edirik, hətta aramızda “Mən oxudum, sən də oxu” şüarı altında kitablarımızı bir-birimizə ötürürük.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)