Həqiqətən də xalqın sevimlisi olmuş QƏZƏLXAN Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bir dəfə Hüseyn Cavid küçə ilə gedəndə Əlağa Vahidi cavanlarla çırtma çalıb meyxana deyən yerdə görür, yaxınlaşıb onu danlayır, deyir, sən axı Əlağa Vahidsən, böyük ustadsan, sənə yaraşarmı, bu səviyyəyə düşəsən? 

Əlağa Vahid pərt olursa da Cavidə heç nə demir. Amma ona məktub göndərir, yazır ki, mən özümü bu cür aparıram ki, həqiqət ürəyimi partlatmasın. 

Həqiqət isə anladınız yəqin nəydi, ruslar tərəfindən işğal olunmanın, repressiyanın, millətçiliyin boğulmasının müdhiş təntənəsi!

Bəli, Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin həyat və yaradıcılığı qırmızı terror illərinə düşmüşdü… Daha azad bir cəmiyyətdə görün bir, o nələr yaradardı…

 

Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Fevralın 17-də böyük qəzəlxan Əlağa Vahidin anadan olmasından 129 il ötdü.

“Qəzəl de ki, məşhuri-dövran ola” - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xəti ilə seçilib, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılıb, ürəklərə yol tapıb, sevilib və dillər əzbəri olub. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirib, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirib.

Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

İkinci Dünya müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.

Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur:

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,

Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.

Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi dövlətimizin başçısının Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.