YÜZƏ NƏ QALDI - Nəriman Həsənzadənin 93 yaşı tamam oldu Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycanın Xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının Ağsaqqallar Komitəsinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordeni, Heydər Əliyev Mükafatı laureatı, dramaturq, professor Nəriman Əliməmməd oğlu Həsənzadənin 93 yaşı tamam oldu. 
Bir-birindən gözəl şeirlər, epik-dramatik poemalar, publisistik yazılar müəllifi kimi tanınan, Azərbaycanın sevimli şairi Nəriman Həsənzadə Azərbaycan xalqının maddi-mədəniyyət xəzinəsinin böyük bir dəyəri və xəzinəsidir. Nəriman Həsənzadə ruh, sevgi, eşq şairidir. Onun yazdığı şeirlərdən qopan hər bir sözdə bir həyat eşqi var. Hər bir kəlməsi insanın xəyallarını reallıqlara birləşdirir. 

Nəriman Həsənzadə yaradıcılığına baş vurub onun yazdqlarını incələyən, oxuyan, öyrənən istənilən şəxs qeyrilərindən eşq, sevgi, məhəbbət, duyumluluq baxımından daha dolğun olur. Çünki şairin üzündəki nur, daxilindəki sevgi, xəyallarındakı eşq qəlbindən qələminə, qələmindən isə kağıza süzülərək bizlərin də gözləri vasitəsilə könlümüzə, ruhumuza süzülür. Şair ömrünü yaşamaq və yaşatmaq üçün insan ömrünü şeirə yükləməyə, sözlə qovuşdurmağa, şeirləşdirməyə, sənətləşdirməyə ehtiyac var. Nəriman Həsənzadənin zamanın köhnəldə bilmədiyi müasirlik sirri də yəqin ki, bundadır.

 

Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu qəsəbəsində (indi Ağstafa rayonuna aiddir) anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin Universiteti bitirib. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub. Elə o vaxtlar istedadı nəzərə çarpıb, şeirləri bəyənilib. 

 

Azərbaycan Yazıçılar İttifaqı Nəriman Həsənzadəni Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alır. 

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləyir. 

1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz edir. Azərbaycan dövlətinin Fəxri fərmanı ilə təltif olunub. 

Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yandında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilib. 

 

Fərdi prezident təqaüdünə layiq görülüb. 
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülüb. 

Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilib. 
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıdıb. N. Həsənzadə ilin şairi elan olunub, ona “Uğur – 2009” diplomu verilib. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 
Nəriman Həsənzadə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 10.05.2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə HEYDƏR ƏLİYEV Mükafatına layiq görülüb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17.02.2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilib.

Nəriman Həsənzadə həm də 
“Qazax” Xeyriyyə İctimai Birliyinin qurucularındandır, İdarə heyətinin üzvüdür. 

Təbii ki, şairi ad günü münasibətilə ilk olaraq təbrik edən də professor İlham Pirməmmədov başda olmaqla “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən gəldi.

Yüzə bir şey qalmadı, dəyərli Nəriman müəllim. Azı yüz yaşayın! 

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.