Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın uşaqlar üçün də yazdıqları var. Bunların arasında onun uşaqlıq xatirələri xüsusi yer alır. Bu günlərdə sevimli yazıçımız “Qobustan" jurnalının “Uşaqlar sayı” üçün bir esse yazıb, həmin esseni “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır.
...Hərdən-birdən "şairlik azarına tutulanda" şeir yazıram... Elə bil şeir hansısa sıxılmış, bir neçə misraya, beytə, bəndə sığdırılmış müxtəlif hisslərin, düşüncələrin əksidir. Bəlkə hər misranı açsan, həll eləsən, daha ətraflı danışmaq istəsən, başqa janrlarda nə isə də alınar. Amma nədirsə, ilin sonu yaxınlaşdıqca izahsız bir şeir ovqatı yaranır. Yenisi yaranmasa da, nə zamansa yazılmış müxtəlif misralar beynimi qurcalayır. Həm öz yazdıqlarım, həm də atamın, anamın və başqa sevdiyim şairlərin...
Zəngin ilin axırında lap əvvələ, dünyanı təzə-təzə öyrənməyə başladığım günlərə, aylara, illərə gedirəm sanki... Balacayam, indidən baxanda lap balaca; gənc, gözəl qadının, anamın əlindən tutub gəzirəm bağın içində, birdən sakitcə çağırıram onu - mənim neçə yaşım var?! - soruşuram. Əynindəki zövqlü geyimi də, üzündəki mehriban ifadə və gözlərindən daşan işıq da indiki kimi yadımdadı. Elə uzun gəzintilərimizdə bir yandan suallarım, o biri tərəfdən də anam dediyi kimi - "qart" uşaq ədalarımla, tələblərimlə yorurdum da onu... Niyal, götür də məni qucağına, axı balaca ayaqlarım yoruldu?! Bunu da mən deyirəmmiş... Anamın mənə həsr elədiyi şeirdəki - "Körpə ayaqların yaman yorulmuş" - misrası bu ərköyünlüyümdən gəlir. Nəslimizdə uzun illər balaca uşaq olmadığından lap çox əzizləyərdilər məni. Bağda cavan qızların - anamın, bibilərimin əlinə balaca oyuncaq kimi düşmüşdüm elə bil. Bir dəfə hətta sözü bir yerə qoyublarmış ki, mən otağa girəndə özlərini elə aparsınlar, sanki məni tanımırlar... Mən də hər zaman bu cavan xanımların - doğmalarımın mehriban, nəvazişli münasibətinə alışmış balaca, "bu kimdi, kimin uşağıdı, hardan gəlib bura?!" - kimi suallarını eşidəndə dodağımı büzmüşəm. "Mənəm də, öz Anarınızam da, tanımırsız məni?!" - deyib ağlamsınmışam... Cavabıma necə ürəkdən gülmələri də, məni bağırlarına basıb könlümü almaları da yadımdadı. Əslində bu yaddaş məsələsini hələ də özüm üçün tam həll etməmişəm; beyin izahsız məntiqlə nələrisə silib atır, nələrisə lap dünən olmuş kimi kino fraqmentinə çevirir xatirimizdə; bəzən elə dünən gördüyüm bir adamın, ən adi məişət əşyasının adını yada salmaqda çətinlik çəkirəm, amma əlli il əvvəl oxuduğum əsərin cümlələri kitabın səhifəsində olduğu kimi gözümün önünə gəlir... Uşaqlıq xatirələrim də belədir. İlin son ayında gecə yarısında uzaq illərin o tayına xəyalən səfərə çıxanda qapqara buz soyuq da kəsir əl-ayağımı... Xalqın soyuq haqqında "qara buz" ifadəsini niyə işlətdiyini də dəqiq anlayıram.
Müharibə yadıma düşür, 1418 gün, dörd il davam edən dünya savaşı. Üç yaşımdan üç ay keçmişdi. Müharibə iyunun 22-də, ilin ən uzun günündə başlamışdı, amma mənim yadımda müharibənin ilk dövrü nə isə qaranlıq və çox soyuq bir dövr kimi qalıb. Yəqin ona görə ki, müharibənin bütün qorxusu ailəmizə payız aylarında atamın cəbhəyə getdiyi vaxtdan daha kəskin duyulmağa başladı. Qış aylarının soyuğunda qoşunlarımızın şəhər-şəhər geri çəkilmələri, atamın yoxluğunun sazağı qarışmışdılar, qaranlıq hissi də tezliklə bütün pəncərələrimizin qara ilə örtülməsi, küçəyə hardansa bir azacıq işıq sızardısa, buna görə cəzalandırılmaq xofu əlavə olunurdu. Küçələrdə zülmət qaranlıq idi. Anamın uzunsov cib fənəri yadımda qalıb. Hərdən məni də özüylə axşamın gec saatlarında radio komitəsinə aparırdı. Amma məni verilişləri canlı səsləndirdiyi üçün, studiyaya girməyə təbii ki, qoymurdurlar. Ora girmək inadımı, şıltaqlığımı yenmək üçün anam məni inandırardı ki, studiyanın içi işıqsızdır, ora qapqaranlıq bir otaqdır.
Qapqara otaqdan çıxan səslər qara boşqab reproduktorlara ötürülürdü, ordan hamıya çatırdı. Həm rus, həm də Azərbaycan dilində xəbərlər verilirdi. Bunu böyüklərin köks ötürmələrindən anlayırdıq - filan yer, filan şəhər də faşistlərin əlinə keçdi. Qara boşqabdan gələn xəbərlər sanki dəhşətli, qorxunc bir zülmət dünyasından gəlirdi, nənəmin danışdığı nağıllardakı zülmət dünyasından, Məlik Məmmədin düşdüyü dərin quyunun dibindən. Kinoxronikalarda xəritə göstərilirdi və bu xəritələrdə qara bir sel kağıza yayılmış mürəkkəb ləkəsi kimi ağ ərazilərin üstünü qarış-qarış tuturdu. Odur ki, qaranlıq, zülmət - müharibə dövründən indiyəcən şüuraltı varlığımda qalıqları yaşayan bir vahimədir. Hərdən anam məni də özüylə evimizin damına qaldırırdı. Yaşadığımız evin sakinləri damda sırayla növbə çəkməli idilər. Nəyin növbəsini çəkirdilər, hələ mənə tam aydın deyil. Əgər təxribatdan qorxurdularsa, belə bir təxribatın qarşısını zərif qadın və üç yaşında uşaq necə ala bilərdi, düşmən təyyarələrinin hücumu nəzərdə tutulurdusa, yenə bu növbələrin nə əhəmiyyəti vardı?!
Bu soyuğun və qaranlıq xatirələrin içində atamın müharibədən qayıtmağı, küçədə durub onun gəlişini gözləməyimiz və məhz mənim onu birinci görməyimin fərəhi gur işıq kimi gözlərimi qamaşdırır, ipisti məlhəm kimi canıma yayılır. İndi atamın müharibədən mənə yazdığı şeirləri də ayrı cür oxuyuram...
Beş yaşımda böyük bacım Fidan, on yaşım olanda Təranə dünyaya gəliblər. Yəqin mənim uşaqlıq "monopoliyam" da elə bununla bitib. Bacılarımla Buzovna bağımızdakı qayğısız uşaqlığımızın min bir oyunları, zarafatları, şıltaqlıqları yaxşı yadımdadı... Yəqin o xatirələrin bəziləri yazılarıma da hopub, onlara da təsir edib. Yaşca Fidandan böyük olduğumdan sui-istifadə edərək: belə geyinmə, elə geyin, ora getmə, bura get - deyə bacımı yersiz incitdiyim məqamlar da yadıma gəlir. Hələ bağda bir axşam işığı yandırarkən elektrikin Fidanı yüngülvarı gizildətməyi və dərhal: Anar di sağ ol, mən öldüm - deyə tam ciddiliklə mənimlə "vidalaşmağı..."
Yaş fərqimiz elə çox olmasa da, bacılarıma övladım kimi baxırdım sanki... Mən orta məktəbin son sinfində oxuyanda Təranə birinci sinfə daxil olmuşdu. Çox vaxt onu məktəbə mən aparırdım. Bəzən mənim yeyin addımlarımla ayaqlaşa bilməyib geri qalırdı. Olurdu ki, hövsələsizlik edərək onu qucağıma alıb aparırdım. Təxminən on ildən bir az artıq zaman keçəcəkdi və mən elə məktəb illərimdən, daha doğrusu, 7 yaşımda sevib seçdiyim ömür-gün yoldaşım Zemfira ilə birgə ilk balamızı - Turalı böyütməyə başlayacaqdıq. Və mən leysan yağışlı günlərin birində balaca Tural qucağımda sel suyun içiylə Ənvər Məmədxanlının evinə tələsəndə çətinliklə, üst-başımız da, ayaqlarımız da islana-islana getdiyimiz məqamda oğlum gözləmədiyim bir söz deyəcəkdi: Yuka (uşaqlar Ənvəri belə çağırırdılar) da elə bilir biz kefdəyik...
İndi ən müxtəlif vəziyyətlərdə bu replika elə yerinə düşür ki... Hə, bir də Turalın yəqin beş yaşı olardı, ona söz vermişdim ki, səhər Bir may nümayişinə aparacam. Amma gecə gec yatdığımdan səhər yuxuya qalmışdım, heç cür yerimdən durmaq istəmirdim. Turaşa elə hey gəlib məni dümsükləyirdi. - Dur, dur - bir may qurtarır axı...
Tural Rəsul babasının, Nigar nənəsinin ilk nəvəsiydi. Atam ensiklopediyada işləyəndə hər fasilədə nəvəsini yanına gətizdirir, ya da Bulvara gedib orda görüşürdü onunla. Səkkiz il sonra Günel dünyaya gələndə də Nigar Rəfibəylinin yazdığı kimi "Məhəbbətləri bölünmədi"...
Görünür, xarakter elə lap erkən uşaqlıqdan özünü büruzə verir. İki yaş, ya iki yaş yarımındaydı Günel, təzəcə dil açmışdı. Turalla Zemfira məndən danışıb gileylənirmişlər: yaman çox işləyir, dincəlmək nədir bilmir, səhhətinə, yeyib-içməyinə, geyinib-keçinməsinə heç fikir vermir... Bu söhbətə fikir verməmiş kimi dinib-danışmayan Günel birdən dözə bilmir: - Ataşka bir az yaxşıdır - deyir. Bu, qızımın həyatda məni ilk müdafiəsi idi.
1981-ci il ailəmizin ən ağır iliydi. Yüz günün içində atamı və anamı itirmişdik. Təxirə salınması mümkün olmayan bir məcburiyyətlə Şuşada "Üzeyir ömrü" filmini çəkirdim. Hər cümə axşamı Bakıya uçur, ehsanı verir, yenə çəkilişə qayıdırdıq. Mən filmlə məşğul olduğum saatlarda Zemfira Güneli şəhərdə gəzdirir, Cıdır düzünə, Üzeyir bəyin, Natəvanın evlərinə aparırdı, Zemfira o vaxt Mir Möhsün Nəvvabın tədqiqatıyla məşğul idi. Hər dəfə yollarını Nəvvabın evinin yanından salanda Günel: Yenə Nəvvabdan danışacaqsan? - deyə soruşurmuş. Balaca Günel "Üzeyir ömrü" filmində bəstəkarın ailə üzvləri sırasında çəkilib.
Bəzən axşam gəzintilərinə mən də qoşulurdum. Məni fikirli görən Günel böyrümə qısılıb: - "Nədi ata, babayla nənə yadına düşdü?" - deyirdi. Doqquz yaşlı qızcığazın bu həssaslığını heç vaxt unutmuram. Yeni il ərəfəsində bu adda-budda işıqlı xatirələr həm də ömür yolunda düzülmüş fənərlər təsiri bağışlayır. Turalın və Günelin uşaqlığını dünənki kimi xatırlayıram. Və yaddaşımda onların da balalarının Rəsulun, Anarın, Dənizin, Sezenin balacalığını valideynlərinin uşaqlığı ilə yanaşı görürəm sanki. Mənim düşüncəmdə onlar yaşıddılar elə bil, uşaqlıqları da yanaşı, birgə keçib.
Yadımdadı günlərin birində balaca Anarı böyük marketlərdən birinə aparıb, nə istəyirsən seç alaq - demişdim. Gözütox adaşım, bəlkə mənə qıymadığı üçün, bəlkə utandığından nəsə götürmək istəməyəndə, onu ürəkləndirməkdən ötrü - mən Turalın atasıyam axı, ona aldırırsan nə istəsən, məndən də çəkinmə - demişdim. Uşağın üzündəki təəccüb yadımdan çıxmır. Sonralar valideynlərinə irad tuturdu - bəs mənə niyə deməmisiz Anar baba Turalın atasıdı?! - deyə. İndi Anar ingiliscə roman yazır, özü bəstələdiyi musiqilərə rep qoşur, mənimlə bərabər imza günündə oxucularla görüşür. Baxıb düşünürəm, bu uşaqlar nə tez böyüdülər belə?!
...Yayda Zuğulbada bağda Əhməd bəy Ağaoğlunun "Mən kiməm" adlı essesini oxuyurdum. Füzulinin və Əhməd bəyin "Mən kiməm" sualıyla rastlaşdığım gündə bu sualı elə tez-tez eşidirdim ki... Bap-balaca, təzə-təzə dil açan bir qızcığazın, Dənizin dilindən. İki yaş dörd aylıq qız nəvəm Dəniz mənə yanaşır və birdən soruşurdu:
- Mən kiməm?
- Sən mənim ceyranımsan - deyirdim, - maralımsan, qəşəngimsən, gözəl-göyçək nəvəmsən - deyirdim.
Dediklərimin mənasını dərk edərək məmnun-məmnun dinləyir və mən onu sınamaq üçün səsimi dəyişmədən, eyni tonda, eyni intonasiyayla:
- Meymunumsan - deyən kimi dərhal:
- Omaz - deyir. "Omaz" - olmaz onun dilində ən qəti, ən ötkəm, təkzibolunmaz "yox" idi. Yamanca hikkəli qız idi. Anası ona laylay çalır, yatızdırırdı - "laylay dedim yatasan, qızıl gülə batasan". Heç də yatmaq fikrində olmayan Dəniz başını qaldırıb qeyzlə: - yatmıram, qızıl gülə də batmıram - deyirdi. İndi Dənizin oğlu, mənim ilk nəticəm Murad da eyni cür xarakter göstərir... Günel nənəsiylə birgə çəkildiyi reklam çarxının rejissoruna irad tutur: bir, iki, üç demə, motor de - biləcəm də çəkilişə başladığını. İşdən bağa gələndə görürəm ki, heç kəs yoxdu, harasa gediblər... Bir azdan gələndə Murada onun yaşına uyğun küskünlüklə - bəs məni qoyub hara getmisən? - deyirəm. Ay Anar baba, guya mən evdə olanda neynirsən ki, elə otağında oturub işləyirsən də - deyə cavab verir. Bir azdan otağıma gəlib ağ vərəqlərdən götürür, öz aləmində əsər yazır. Bakı Kitab Mərkəzinin çap etdiyi "Muradın nağılları"ndan parçaları oxuyanda da yaman tələbkarlıqla qarşılayır... Yer üzündə yeganə çəkindiyi adam Rəsulun qızı Sevincdir. Sevinc gələn kimi onu elə bağrına basır ki, Muradın təslim olmaqdan savayı əlacı qalmır. Amma Sevinc də indiki uşaqların dediyi kimi - yaman özgüvənlidi, əllərini açıb Allaha şükür edir - Ay Allah, nə yaxşı sən bizə Sevuşu verdin! Uşaqlara aid xatirələrimin hər birinin sonunda - düz deyir - ifadəsi gəlir dilimə. Min-min illərdir insanlığın axtardığı bütün həqiqətlər elə uşaqların dilindən səslənir ömrümüz boyu...
Bir vaxt müsahibələrimdən birində - uzun ömrün bir kədərli tərəfi var ki, dostlarını, doğmalarını itirə-itirə gedirsən - demişdim. İndi öz uşaqlığımdan başlayıb ta ki ailəmizin ən balacası Sevincə qədər xatirələrlə keçib getdiyim yol uzun ömrün ən böyük məziyyətini anladır mənə; bu uşaqları tanımaq, onları dinləmək, müşahidə etmək və onlar üçün yaşamaq, yazmaq...
XX əsrin son bədbin şeirini sualla başlamışdım - Kimdir döyən qapmı?! İndi isə "Qobustan"ın Uşaqlar sayı üçün yazdığım essenin sonunda bu sualın ardı kimi arzumu dilə gətirirəm, təki qapılarımızı döyən balalar olsun!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)