Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
https://youtu.be/w6FLJgTax10?si=N3vlVxl6FyG53YET
Gözlərin aldı məni
Kəməndə saldı məni
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Amandır, qoymayın
Yar gözdən saldı məni
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə, yar
Getmə, getmə, gəl
Elə bil qəsdi nədir
Gözlərin məsti nədir?
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Yar məni incitməkdə
Bilmirəm, qəsdi nədir
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə, yar
Getmə, getmə, gəl
Sənin ala gözlərin
Canım ala gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Qorxuram, birdən öləm
Yada qala gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə, yar
Getmə, getmə, gəl...
Ötən gün retro sevərlərin ən sevimli müğənnilərindən biri olan, ölməz sənətkar, xalq artisti Şövkət Ələkbərovanın anım günü idi.
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gəlib.
Atası milli musiqimizə bağlı olan Şövkət xanımın anası qızlar orkestrində tarda ifa etmişdir. Valideynləri Şövkət Ələkbərovanın musiqiçi olmasını istədikləri üçün onu kamança sinfinə yazdırmışlar. Sonralar Şövkət xanım Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskidən dərs alıb.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül kimi böyük sənətkarların diqqətini çəkən Şövkət Ələkbərova yekun konsertdə Qarabağ şikəstəsini oxuyaraq Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlükdə yer alır.
O, 1938-ci ildən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, 1945-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Qısa bir zamanda məşhurlaşan Şövkət xanım dillər əzbərinə çevrilən "Qaş qaralır", "Bir könül sındırmışam", "Bakı", "Dərələr", "Neylərəm"; "Füzuli kontatası", "Vağzalı çalınır", "Hardasan", "Şirin dil", "Çay", "Getmə" kimi mahnıları ilə çox sevilir.
İfaçılığı ilə yanaşı xanəndəliyi ilə də tanınan Şövkət xanım "Seygah", "Mirzə Hüseyn seygahı" "Qatar", "Şahnaz" muğamlarını da böyük məharətlə ifa etmişdir.
O, həmçinin "Görüş", "Bəxtiyar", "Mahnı belə yaranır", "Qızmar günəş altında", "Ögey ana", "Onu bağışlamaq olarmı" kimi filmlərin mahnlarını ifa etmiş, "Doğma xalqıma", "Payız konserti", "Oxuyur Şövkət Ələkbərova", "Azərbaycan elləri", "Səs" filmlərində iştirak etmişdir.
Səməd Vurğun "Oxu gözəl" şeirini məhz Şövkət xanım üçün yazmışdır.
O, 1954-cü ildə Azərbaycanın əməkdar artisti, 1959-cu ildə isə xalq artisti fəxri adına layiq görülmüşdür.
Müharibədən əvvəl hərbi həkimlə ailə həyatı quran Şövkət Ələkbərovanın bu izdivacdan Natella adlı bir qız övladı dünyaya gəlir. Lakin həyat yoldaşı hədsiz dərəcədə qısqanc olduğu üçün evlilikləri uzun sürmür və onlar ayrılırlar. İkinci dəfə rejesor Lətif Səfərovla ailə qurur və bu evlilikdən də onun Bəşir adlı oğlan övladı doğulur.
Müharibədən qayıtmayan qardaşı MirƏləkbərin Validə adlı körpə qızını də övladlığa götürərək öz doğma qızı kimi böyüdür. Validə Şövkət Ələkbərovanın qızı olmadığını yalnız 3-cu sinifdə oxuyarkən öyrənir. Digər qardaşının Sevda və Eldar adlı uşaqları da elə Şövkət xanımın yanında böyüyürlər.
Şövkət xanım Asəf Zeynallı adına Musiqi Məktəbində muğam dərsləri demiş və eyni zamanda Azərbaycanın bölgələrini dolaşaraq istedadlı gəncləri tapıb Bakıya gətirərək onların musiqi təhsili almasına kömək etmişdir.
Aybəniz Haşımova, Aygün Bayramova, Mənsum İbrahimov, Almaz Orucova, Könül Xasıyeva kimi tanınmış ifaçılar Şövkət Ələkbərovanın tələbələri olmuşdur.
Şövkət xanımın qızı Natella xərçəng xəstəliyindən dünyasını dəyişir. Bu ağır itki ilə dərindən sarsılan Şövkət xanım bu hadisədən sonra bir də səhnəyə çıxmır.
Özünə qapanıb doğmalardan başqa heç kimi görmək istəməyən sənətkar özünü yalnızca bütün günü nəvəsinə lay lay çalmaqla ovudur.
Şövkət xanım 1993-cü il fevral ayının 7-də dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)