Böyük Rüstəm İbrahimbəyovun “Ad günü” Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Zənnimcə, "Ölsəm bağışla", "Ad günü" kimi filmlər bu günə qədər öz aktuallığını qorumuş, müxtəlif epizodları dillər əzbəri olan filmlərdir. Belə filmlərin ekrana çıxmasında ən böyük yük də, ən böyük təşəkkür də ssenaristə düşür. Fikrimcə, Rüstəm İbrahimbəyov bu filmlərlə öz ən mükəmməl işlərini yaradıb. 

“Ölsəm bağışla” — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii filmdir. Mənim bu filmdə ən sevdiyim cəhət budur ki, filmdə təsvir edilən məhəbbət bir çox sınaqlardan keçən, insan qəlbini pisliklərdən təmizləyən, paklaşdıran sevgidir.

“Ad günü” filmi isə uğursuz tale hekayətidir hardasa. İnsan yaşayır, amma niyə, nə səbəbə, bilmir və bir gün də başa düşür ki, sən demə, tutub gəldiyi bu yol onun yolu deyilmiş.

“Ad günü”ndən danışdım, bu gün məhz bu şedevrləri yaratmış Rüstəm İbrahimbəyovun doğum günüdür axı. 

 

Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 

Nailiyyətlərindən bir qisminə - ssenaristliklə bağlı olanlara nəzər yetirək:  “Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına nominant olub. 

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı  "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir. 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir. 

Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.