Azərbaycan Universitetləri arasında bir nömrəli olan ADA Universiteti bu günlərdə akademik Nizami Cəfərovun Azərbaycanşünaslıq mühazirələri kitabını nəşr etmişdir. Kitaba müəllifin ADA-da bir neçə ildə dediyi mühazirələr daxildir. “Ədəbiyyat və incəsənət” portalı "Azərbaycançılıqdan azərbaycanşünaslığa" mövzusundakı yekun mühazirənin mətnini oxuculara təqdim edir. Düşünürük ki, bu mətn tək tələbələr üçün deyil, elə hamımız üçün faydalıdır.
Əziz tələbələr, bu gün azərbaycanşünaslıqdan son mühazirəmizdir... Mövzumuz bir qədər ümumnəzəri, bəlkə də, düzgün olar deyək ki, metodoloji səciyyə daşıyacaq: Azərbaycançılıqdan azərbaycanşünaslığa, başqa sözlə, ideologiyadan elmə...
Biz ilk söhbətimizdən başlayaraq ədəbi mənbələr - "Dədə Qorqud", Nizami, Nəsimi, Füzuli, Xətai, "Koroğlu", Vaqif, Zakir, Mirzə Fətəli, Seyid Əzim, füyuzatçılar, mollanəsrəddinçilər, cümhuriyyətçilər, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Səməd Vurğun, 60-cılar... əsasında Azərbaycanda azərbaycançılıq ideologiyasının hərəkatını izlədik. Bir sıra konkret məqamları təhlil etdik, zəruri ümumiləşdirmələr apardıq... Əlbəttə, söhbət ən çox nəzəri cəlb edən ümumiləşdirmələrdən gedir. Haqqında bəhs elədiyimiz mənbələr isə özündə o qədər zəngin məlumatlar ehtiva edir ki, qısa bir kursda həmin miqyası lazımı genişlikdə əhatə eləmək, sadəcə, mümkün deyil... Ancaq kursun qısalığı o baxımdan əhəmiyyətli sayıla bilər ki, biz heç bir tərəddüdə, artıq təfərrüatlara yol vermədən diqqətimizi məhz azərbaycançılıq (və azərbaycanşünaslıq) materialı üzərində cəmləşdirə bildik.
Məlumdur ki, azərbaycançılıq bir ideologiyadır. Azərbaycan xalqının təşəkkülü ilə birlikdə meydana çıxmış, "Dədə Qorqud" -Nizami-Nəsimi-Füzuli-"Koroğlu"-Vaqif xəttilə inkişaf etmişdir. Mirzə Fətəli-"Əkinçi"-füyuzatçılar-mollanəsrəddinçilər-cümhuriyyətçilər xəttilə isə bu ideologiya artıq güclü müstəqillik hissiyyatları olan bir milləti ifadə edirdi... Azərbaycançılıq bu tipli ideologiyalar kimi, etnik (etnoqrafik) dəyərlərə ehtiramdan başlayaraq, tədricən bütöv bir sistemə çevrilmişdir.
Gəlin, indiyəqədərki söhbətlərimizin ayrı-ayrı mövzuları üzrə azərbaycançılıq ideologiyasının hərəkət magistralını hər nə qədər sxematik təsir bağışlasa da, ümumi kontekstdə nəzərdən keçirək... Qədim dövrlərin təqdimində bizim üçün maraqlı, yəqin ki, etnik müəyyənliyimizlə (türklüyümüzlə!) coğrafi müəyyənliyimiz (azərbaycanlılığımız!) arasındakı tale əlaqələri olacaq. Bu əlaqələrin tarixi mübahisəlidir. Və o dərəcədə mübahisəlidir ki, ona indiki məlumat imkanlarımızla baş qoşmağımızın özü belə, çərənçilikdən başqa bir şey olmazdı. Ancaq tarixi- coğrafi diferensiasiya keçirən türklüyün məhsulu (meyvəsi!) olan Azərbaycan türklüyü elə bir gerçəklikdir ki, onun "tərcümeyi-halı"nı yazmağa təşəbbüs göstərənlər bu etnosun tarixini, nəinki bütövlükdə türklüyün tarixindən irəli apara, hətta, əksinə, danıb hələ də türklükdən ayrılmadığını da deyə bilərlər... Görürsünüzmü, tarix (xronologiya) öz əhəmiyyətini müəyyən mənada itirir. Hadisənin konkret olaraq hansı əsrlərdə, hətta minilliklərdə baş verdiyi xüsusi maraq kəsb etmir, ancaq mütləq əksəriyyət qəbul edir ki, Azərbaycan xalqı türk etnosunun məhz Azərbaycandakı diferensiasiyasının məhsuludur.
Normal obyektiv baxış Azərbaycan türk xalqının təxminən min beş yüz illik möhtəşəm bir tarixinin olduğunu təsdiq edir. Ən mühüm məqamlardan birinin o olduğu barədə də bütün kurs boyu danışdıq ki, bu tarixi xalqın ən səmimi, ən təbii özünüifadə imkanı olan ədəbiyyat da əks etdirir... "Dədə Qorqud" eposu Azərbaycanda məskunlaşmış, azərbaycanlılaşmış türklərin (o türklərin ki, ən geci, e.ə. III minillikdən başlayan çox geniş bir Avrasiya miqyası vardı) epik pasportudur dedik. Niyə elə dedik? Hər şeydən əvvəl, ona görə ki, eposda barəsində söhbət gedən hadisələr Azərbaycanın coğrafiyasından kənara çıxır, qədim türklərin "yaddaşı" hərəkətə gəlir, vaxtilə yaşadıqları müxtəlif coğrafiyalar hüdudundakı əhvalatlar xatırlanır. Əlbəttə, bu, belə də olmalı idi... Dünyanın tarixi xalqların diferensiasiyası tarixidir. Xalqlar tarixi-coğrafi, siyasi, mədəni şərtlərlə, bir tərəfdən, təbii diferensiasiyaya məruz qalır, digər tərəfdən, bir-biriləri ilə həmin iqtisadi, siyasi, mədəni əlaqələrə girməklə inteqrasiyaya cəhd göstərirlər. Lakin "Dədə Qorqud"un İç Oğuzla Dış Oğuz münaqişəsi haqqındakı son boyunda bütün təfərrüatı ilə göstərildiyi kimi, etnik diferensiasiya tarixin qədim dövrlərində daha aparıcı olmuş, həmin inersiya orta əsrlər boyu davam etmişdir.
Əsərlərini farsca qələmə almasına rəğmən, Nizaminin türk təəssübkeşliyini onun müsəlmanlığı və müasirliyi tamamlayır. Hər nə qədər etiqadlı bir müsəlman olsa da, dini məhdudluq, xurafat ona yaddır. Və əksinə, Nizaminin dühası öz enerjisini, həm də ümumbəşəri dəyərlərdən alır... "Dədə Qorqud" eposu kimi Nizami "Xəmsə"si də türk, islam köklərilə birlikdə məhz Azərbaycan, azərbaycançılıq (və azərbaycanşünaslıq) mənbələridir.
Azərbaycanın türk-müsəlman mədəniyyətini XIII-XVI əsrlərdə sufizmin, yaxud panteizmin zənginləşdirdiyini dedik... Göstərdik ki, bu ideya, həm ümummüsəlman, həm də ümumtürk səciyyəlidir. Və Azərbaycanda təzahürü, yayılması qaçılmaz idi. Nəsimi-Füzuli xətti ilə gedən inkişafında diqqəti çəkən əsas cəhət fəlsəfiliyin estetikliklə əvəz olunmasıdır... Ancaq məsələnin bir mühüm tərəfi də unudulmamalıdır ki, sufizm yalnız yazılı ədəbiyyatı əhatə etməklə qalmır, xalq ədəbiyyatına elə bir güclü təsir göstərir ki, ozanı aşığa çevirir, ozan sənətini aşıq sənətinə transformasiya edir.
XVI əsrin əvvəllərində Şah İsmayıl Səfəvinin başçılığı ilə qurulan Azərbaycan Səfəvilər dövləti özünün etnososial, siyasi, mənəvi başlanğıcını əvvəlki əsrin Qaraqoyunlu, Ağqoyunlu kimi güclü sülalələrindən - onların çox da uzun sürməyən dövlətçilik ənənələrindən alır. Əslində, ilk bütöv Azərbaycan dövləti özünəməxsus bir imperiya idi ki, onu təşkil edən türk tayfalarının bir xalq - Azərbaycan xalqı olaraq inteqrasiya prosesi davam edirdi. Həmin prosesin başa çatması üçün hələ bir neçə əsr də tələb olundu... Artıq türk məkanında diferensiasiya enerjisi azalmağa, ayrı-ayrı coğrafiyalarda (eləcə də Azərbaycanda) inteqrasiya xüsusi vüsət almağa başlamışdı. Ədəbiyyat bu vüsəti öz epos miqyası ilə müşayiət etməkdə idi.
XVII-XVIII əsrlərdə Azərbaycan İntibahının bütün parlaqlığı ilə təzahürü, əlbəttə, öz gücünü epos yaradıcılığı, Səfəvilərin dini ideologiyasına çevrilmiş şiə sufizmi ilə yanaşı, fundamental təməlləri artıq atılmış bir millətin ruhundan, yaşamaq eşqindən alırdı. Bu fundamental təməllər hansılar idi? Bütün xalqı vahid ünsiyyət məkanında birləşdirə biləcək kifayət qədər zəngin (və ədəbi!) dil... Sonra?.. Əlbəttə, Səfəvilərin timsalında get-gedə möhkəmlənən dövlət idarəçiliyi, müxtəlif türk tayfalarının bir xalqın üzvi tərkib hissələrinə çevrilməsi... Daha sonra?.. Artıq Azərbaycan türklərindən başqa heç kimə mənsub olmayan geniş bir coğrafiya ki, sonralar "Azərbaycan" adlanacaqdı... Millətin başqa fundamental təməlləri də vardımı?.. Şübhəsiz, vardı... Ancaq biri daha mühüm idi ki, o da eyni epos ənənəsi orbitində olmaqdan irəli gələn mənəvi-mədəni birlik idi.
"Dədə Qorqud"dan "Koroğlu"ya qədər lokallaşan - Azərbaycan oriyentasiyası qazanan milli ədəbi-ictimai təfəkkür yazılı poeziyada Füzulidən Vaqifə qədərki dövrdə tədricən, məşhur ifadə ilə desək, göylərdən yerə endi. Vaqif-Zakir-Seyid Əzim-Sabir xəttilə realizmin mövqeləri gücləndi. Və Mirzə Fətəlinin, "Əkinçi"nin fəaliyyəti bu realizmin janr rəngarəngliyini ortaya çıxarmaqla milli ədəbi-ictimai təfəkkürün sferasını genişləndirmiş oldu.
Füyuzatçılarla mollanəsrəddinçilərin "dialoq"u, cümhuriyyətçilərin romantik (lakin milli!) idealları XX əsrin 20-ci, 30-cu illərində sovet sosialist ideologiyası ilə üz-üzə gəldi... Həmin illərdə azərbaycanşünaslıq elmi də formalaşırdı. Azərbaycanın ilk sovet alimləri, xüsusilə, dilçiləri, ədəbiyyatşünasları, sənətşünasları, tarixşünasları, filosofları Azərbaycan barədəki təsəvvürləri ümumiləşdirib vətənşünaslığın əsaslarını qoyurdular. Azərbaycançılıqdan azərbaycanşünaslığa doğru hərəkat, nəticə etibarilə, həm ideologiya, həm də elm olan vətənşünaslıqda, əgər belə demək mümkünsə, kütləvi bir xarakter alırdı... Mən istərdim ki, siz buradakı incəliyi nəzərdən qaçırmayasınız: azərbaycançılıq bir ideologiya olduğundan, sovet cəmiyyətində irəli gedə bilməzdi, azərbaycanşünaslığa da sovet dövründə bütün etnoloji elmlər kimi rəğbətlə yanaşılmırdı. Ancaq vətənşünaslıq hər nə qədər SSRİ-nin, yaxud "sovet vətəni"nin səlahiyyətində olsa da, özünün ölkəşünaslıq, yurdşünaslıq təzahürlərində mərkəzin elə bir qısqanclığına səbəb olmurdu.
Azərbaycançılıq - ideologiyadır deyəndə nəzərə almaq lazımdır ki, bu, xalqın, millətin maraqlarını ifadə edir. Hər hansı sinfin, yaxud zümrənin istəklərindən irəli gəlmir... Odur ki, biz onu milli ideologiya adlandırırıq... Niyə? Ona görə ki, xalqın tarix səhnəsinə çıxdığı ilk dövrdən formalaşmağa qədəm qoysa da, məhz milli özünüdərk (və özünütəsdiq) dövründə bütün gücü, imkanları ilə meydana çıxır.
Ötən mühazirələrimizdə demişdik ki, azərbaycançılıq ona görə bütöv (bölünməz) bir sistemdir ki, onun üzvi tərkib hissələri olan türkçülük, müsəlmanlıq və müsairlik vəhdətdədir. Yəni bunlardan birini digərindən üstün tutmaq, yaxud onları qarşı-qarşıya qoymaq ideologiyanın, prinsip etibarilə, böhranı, çökməsi deməkdir.
Sovet dövründə, həm türkçülüyə, həm də müsəlmanlığa qarşı amansız mübarizə, hətta təcavüz başladı, müasirlik isə sovet rejiminin hüdudlarına sığışdırıldı... Yəni kütləvi savadlanma əvvəl ərəb, sonra latın, sonra da kirildə həyata keçirildi. Azərbaycanın, ümumən dünyanın sosialist (kommunist) uklonlu ədəbiyyatı cəmiyyətə təqdim olundu. Və Marks-Engels-Lenin (50-ci illərin əvvəllərinə qədər Stalin) geniş xalq kütlələrinə sırındı. Və beləliklə, nə türkçülüyə, nə müsəlmanlığa, nə də obyektiv müasirliyə yer qaldı... Təbii ki, 20-ci, 30-cu illərdə formalaşan azərbaycanşünaslıq azərbaycançılıqdan o dərəcədə məhrum oldu ki, nə "türk", nə də "müsəlman" sözünü dilə gətirə bildi. Və etnogenezdən məhrum, zatıqırıq olduğu qədər də, dinsiz, allahsız azərbaycanşünaslığın müasirliyi də şübhə doğurmaya bilməzdi.
Sual olunur: belə bir azərbaycanşünaslıq mümkündürmü?.. Əlbəttə, mümkündür. Hər şeydən əvvəl, ona görə ki, möhkəm təməllər üzərində formalaşan millət müəyyən dövrdən sonra elə bir inkişaf yoluna düşür ki, onun ideologiyası hər nə qədər təhriflərə məruz qalsa da, mahiyyəti zədələnmir. Və təsadüfi deyil ki, XX əsrin sonu, XXI əsrin əvvəllərində öz siyasi müstəqilliyinə qovuşan kimi Azərbaycan xalqı milli ideologiyasını da bərpa etdi.
Azərbaycanşünaslıq, əgər belə demək mümkünsə, Azərbaycan haqqındakı faktların, məlumatların, elmi qənaətlərin, təhlillərin, nəzəri mülahizələrin, mükalimələrin məcmusudur... Buna ilk mərhələdə ensiklopedik bir hadisə kimi də baxmaq olar. Məsələn, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin 2007-ci ildə nəşr etdiyi xüsusi "Azərbaycan" cildi Azərbaycan haqqındakı elmin - azərbaycanşünaslığın əsaslarını əks etdirir. Burada Azərbaycanın 1) təbiəti, təbii ehtiyatları və ekologiyası; 2) etnoqrafiyası, dili, dini; 3) tarixi, 4) konstitusiya əsasları; 5) milli (dövlət) təhlükəsizliyi; 6) xarici siyasəti; 7) iqtisadiyyatı; 8) elm, mədəniyyət və incəsənəti; 9) səhiyyə, idman, turizm imkanları və s. barədə məlumat verilmişdir.
Lakin azərbaycanşünaslığı yalnız ensiklopedik məlumatların, nə qədər elmi olursa-olsun, mexaniki məcmusu kimi qəbul etməklə kifayətlənmək olmazdı. Azərbaycanşünaslıq hər hansı halda azərbaycançılıq ideallarından (və ideologiyasından) geri qalmamalıdır. Əgər geri qalarsa, yəni Azərbaycan xalqının maraqları azərbaycanşünaslığın problemləri səviyyəsində öz əksini tapmazsa, sonuncu öz elmi dəyərini itirmiş olacaqdır... Burada söhbət ondan getmir ki, azərbaycanşünaslıq azərbaycançılığın "naz"ı ilə oynamalıdır, ancaq bütün hallarda nəzərə alınmalıdır ki, etnoloji elmlər yalnız mövcud faktları təsbit etmir, xalqın (etnosun!) təbii istəklərinin, inkişaf meyillərinin perspektivlərini də təsəvvür eləməyə imkan verir.
Azərbaycanı, həm türkologiya, həm iranşünaslıq, həm ərəbşünaslıq, həm də qafqazşünaslıq öyrənsə də, azərbaycanşünaslıq, prinsip etibarilə, türkologiyanın üzvi tərkib hissəsidir. Ancaq azərbaycanşünaslığın elə problemləri vardır ki, onların düzgün həlli adıçəkilən elmlərin birgə "məsləhətləşmə"lərini tələb edir. Xüsusilə, ərəbşünaslığa, iranşünaslığa, qismən də qafqazşünaslığa (Alban abidələrinə görə) azərbaycanşünaslıqda, ilk növbədə, mənbəşünaslıq, mətnşünaslıq funksiyasında böyük ehtiyac var. Halbuki həmin elmlər özlərinin bu cür funksiyaları xaricindəki azərbaycanşünaslıq məsələlərinə müdaxilə etdikdə metodoloji qüsurlara yol verirlər.
Nəhayət, azərbaycançılıqdan azərbaycanşünaslığa hərəkətdə çox mühüm bir məqam istər ideologiya, istərsə də, elmin Azərbaycanın tarixi coğrafiyasını hansı miqyasda ehtiva etməsidir. Həmin məqamı az-çox, təfsilatı ilə nəzərdən keçirmək üçün yenə də ədəbi materiala müraciət edəcəyik... Son illərin ədəbi materialına...
Şair Ramiz Qusarçaylının "Vətən" epopeyası nə qədər azərbaycançılıqdırsa, o qədər də azərbaycanşünaslıqdır.
Ramiz Qusarçaylı mənsub olduğu Vətənin tərcümeyi-halını mövcud tarix kitablarından bizə məlum xronologiya ilə nəzmə çəkməklə qalmır, tarixə nüfuz edərək onu öz şair təxəyyülü ilə canlandırmağa, elmi təfərrüatlarına xələl gətirmədən, bütöv bir orqanizm kimi təqdim etməyə çalışır. Və xatırlatmağa ehtiyac duyulur ki, həmin uğurlu cəhdlərində Ramiz Qusarçaylıya Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə kimi çox böyük müəllimləri yol göstərir. Ona görə də poemanın misraları, bəndləri bir-birinin ardınca bu qədər rahat, bu qədər yüyrək və bu qədər zəngin təsəvvürlər doğura-doğura gəlir...
Hər gün öyrənirəm Azərbaycanı,
Hər gün oxuyuram, hey varaq-varaq.
Əlimdə kitabın şah səhifəsi,
Üçüncü minillik, -
eradan qabaq...
Haqqın, həqiqətin kaşanəsidir, -
Canlı nəfəsidir tarix hər anın.
Deyirəm, ən qədim nişanəsidir
Mixi yazıları Azərbaycanın.
Bu xalqın kökəni,
bu xalqın soyu
Uzanır tarixin min illərinə.
Keçib Arazboyu,
Urmiyaboyu,
Yol salıb Xəzərin sahillərinə.
Mannadan Midiyaya, Atropatenaya, Albaniyaya qədər Vətən tarixini vərəqləyən şairin "Astiaq əfsanəsi" ilə dövrümüzə gəlib çatan hadisələr üzərində ayrıca dayanması, Midiyanın farslaşması tarixini bir daha yada salması, əlbəttə, ümumən türk tarixi miqyasında düşündürücü olmaya bilməz...
Əlbəttə, Azərbaycanda etnik müxtəliflik ən qədim dövrlərdən olmuşdur. Lakin Azərbaycan xalqı türk mənşəlidir, türk etnik-mədəni sisteminin üzvi tərkib hissəsidir, Azərbaycan müxtəlif etnik mənşəli qədim mədəniyyətlərin birbaşa deyil, dolayısı ilə varisidir.
Və "Vətən" müəllifi bu məsələdə son dərəcə ardıcıl, prinsipial və cəsarətlidir.
Təcavüzkar İranı darmadağın edərək dünya tarixinə yeni istiqamət verən (və dahi Azərbaycan şair-mütəfəkkiri Nizaminin qələmi ilə peyğəmbər səviyyəsinə yüksələn) Makedoniyalı İskəndərin Avropa-Asiya-Afrika hüdudlarında qurduğu möhtəşəm dövlət də süquta uğrayır. Və Azərbaycan adını daşıyan ilk ölkə tarix səhnəsinə çıxır...
İlkin Azərbaycan, -
Atropatena,
Türk dilli, türk soylu Azər birliyi,
Düşmən tuzaqları, -
dost əlbirliyi.
Suveren məmləkət,
bağımsız ölkə,
Yer-yerdən təcavüz, hiylə, təhlükə,
Tapdandı sazişlər, vədlər, görüşlər,
Aldı caynağına hərbi yürüşlər,
Daxili çəkişmə,
xarici kələk,
Dözdü Atropatın ölümünədək...
Hər bir xalqın tarixinin fundamental dönüm nöqtələri, yaxud L.N.Qumilyov demiş, passionar dövrləri var. Ona görə də yalnız bilavasitə tarixçilər yox, mütəfəkkir yazıçılar da xalqın tarixindən danışanda, ən azı intuisiya ilə həmin dövrlərdən xüsusi həssaslıqla bəhs edirlər. Ramiz Qusarçaylının "Vətən"də, ilk növbədə, dörd dövrə üstünlük verməsi tamamilə anlaşılandır ki, onlardan biri Atropatena, ikincisi, Səfəvilər - Əfşarlar, üçüncüsü, Azərbaycan Xalq Cümhuriyyəti, dördüncüsü isə, müstəqil Azərbaycan Respublikası dövrüdür. O dövrlər ki, Azərbaycanı Azərbaycan etmişdir. Və təsadüfi deyil ki, həmin dövrlər Vətən tarixinin, sadəcə, "daxili işi" olmayan beynəlxalq miqyaslı hadisələrlə də zəngindir. Və ona görə də şairin bu cür hallarda Vətən tarixindən ümumdünya tarixinin üzvi tərkib hissəsi kimi bəhs açması tamamilə anlaşılandır.
Azərbaycanın milli özünüdərk ərəfəsində Şimali və Cənubi olmaqla, iki yerə parçalanması, əlbəttə, tarixi bir faciə idi. Bundan sonra ölkə (və formalaşmaqda olan millət!) hansı uğura imza atırdısa, birtərəfli, yarımçıq olur, yuxarıdan gələn ikitirəlik imkan vermirdi ki, xalq bütün miqyası ilə öz taleyinin sahibi olsun... Əlbəttə, Azərbaycanın həmin faciəsi barəsində az yazılmayıb, ancaq istər bu, istərsə də, digər mövzulara müraciətində "Vətən" müəllifi ən azı ona görə orijinaldır ki, təqdim etdiyi xronoloji (və xüsusilə, ideya-estetik!) genişlik imkan verir ki, hadisələr daha aydın kontekstdə, daha bol işıq altında görünsün və daha obyektiv nəticələrə gəlinsin.
Ramiz Qusarçaylı Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışarkən, çox doğru olaraq, Qafqaz İslam ordusunun xidmətlərini yüksək qiymətləndirir:
Başda Nuru paşa,
türk cəngavəri, -
Qafqaz Ordusunun baş komandanı,
Yanında yenilməz Turan əsgəri,
Çıxdı azadlığa Bakı şəhəri, -
Yazıldı tarixə Bakı əsəri,
Bakı zəfəri,
Oxutdu dünyaya Azərbaycanı,
Qafqaz Ordusunun Baş Komandanı...
"Vətən"də sovet "tarixşünasları"nın yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının tarixinə siyasi-ideoloji təzyiqləri barədə ayrıca bəhs olunması, əlbəttə, bir sıra hallarda bugünə qədər davam edən metodoloji yanlışlıqların köklərini aydınlaşdırmaq baxımından maraqlıdır:
Millətçi bolşevik başbilənləri,
Leninə yarınıb xoş gələnləri,
Stalin yolundan ilhamlananlar,
Despotu özünə "Allah" sananlar,
Çar dövrü yazılan elmi işləri,
Elmi əsərləri yığışdırırdı.
Avar, Xəzər, Bulqar dövlətlərinin
Mənşəyi türk olan millətlərinin
Harda adı keçir, -
sıxışdırırdı.
Məsələ yalnız onda deyildi ki, tarix saxtalaşdırılır. Rusiyanın Rusiya olmasında rol oynamış ən böyük etnik-mədəni güclər - monqol-tatarlar (əslində türklər) istehza hədəfinə çevrilirdi, bu irticaçı proses qanlı repressiyaların birbaşa müşayiəti ilə gedir, Vətənin ən düşüncəli yaradıcı övladları məhv edilirdi...
Ah...nələr oynandı bu məmləkətlə,
Totalitar rejim,
repressiyalar,
Ələbaxım kütlə,
vəfalı kütlə...
Öz ulu dövrünün, qədim dövrünün
Bir yaşıl fəslini itirdi Vətən.
Ən zəki, ən ünlü oğullarıyla
İki-üç nəslini itirdi Vətən.
Sosializm "layihələri"nin zor gücünə həyata keçirildiyi, türk xalqlarının bir-birindən təcrid edilərək gələcəklərinin ən müxtəlif baxımlardan sual altına atıldığı illərdə "Azərbaycan davası"nı mühacirlər yürüdürdülər...
Vətənin siyasi mühacirləri,
Üz tutub hərə bir səmtə gedirdi,
Mühacir həyatı yaşayırdılar.
Vətəndən uzaqda təşkilatlanıb
Bu şəhid Vətənin, qazi Vətənin
Müstəqilliyini təbliğ edirdi,
Millətin dərdini öz dərdi kimi,
El-el, ölkə-ölkə daşıyırdılar.
Sovetlər Birliyinin çökdüyü illərdə Azərbaycanın başına gətirilən oyunlar, ümummilli lider Heydər Əliyevin iradəsi, titanik səyləri ilə ölkənin siyasi böhrandan çıxıb, inkişaf yoluna düşməsi barədə ətraflı danışandan sonra şair Azərbaycan tarixinin İlham Əliyev epoxasına gəlir:
Hələ gənc yaşında İlham Əliyev
Qazandı xalqının etibarını.
Xalqın da ruh səsi, inam birliyi
Gətirdi ölkənin rəhbərliyinə
Heydər Əliyevin yadigarını.
Xalqın etibarı, xeyir-duası,
Sarsılmaz birliyi, əqidəsiylə,
Heydər Əliyevin siyasi kursu,
İlham Əliyevin iradəsiylə
Başlandı ölkənin yeni erası.
Səsləndi ölkənin yekdil səsiylə
Qələbə müjdəli simfoniyası.
"Vətən" müəllifi Azərbaycan Prezidenti, Azərbaycan xalqının lideri İlham Əliyevin Vətən qarşısındakı xidmətlərini ürək genişliyi ilə tərənnüm edir ki, həmin xidmətlərin əsasında azərbaycançılıq (vətənpərvərlik!) ideyalarının aldığı geniş vüsət dayanır.
Azərbaycan tarixində İlham Əliyev epoxasının ən mühüm hadisələrindən biri erməni təcavüzünə son qoyulması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi...
Bilsə də, xisləti şərdi, böhtandı,
Hay yenə öz murdar məkrinə uydu.
Kürsüdən "Qarabağ Ermənistandır", -
deyib öz fikrinə,
nöqtə də qoydu.
Hay hardan biləydi,
nədən biləydi,
Bu cılız "nöqtə"nin,
bu cür "nöqtə"nin
Başına yumruqlu "Nida" gələcək?
Əgər şair bütün poema boyu "Səni uduzdum, Vətən" deyirdisə, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra artıq qələbə nəğməsi oxuyur:
Səni qazi-qazi qaytardım, Vətən!
Qəhrəman-qəhrəman qaytardım səni.
Səni şəhid-şəhid qaytardım, Vətən!
Cana can, qana qan, qaytardım səni.
...Səni Laçın-Laçın qaytardım, Vətən!
Kəlbəcər-Kəlbəcər qaytardım səni.
Səni quca-quca qaytardım, Vətən,
Bəxtəvər-bəxtəvər qaytardım səni.
Səni Şelli-Şelli qaytardım, Vətən,
Lələdağ-Lələdağ qaytardım səni.
Səni Şuşa-Şuşa qaytardım, Vətən,
Qarabağ-Qarabağ qaytardım səni.
Azərbaycançılıqdan azərbaycanşünaslığa, ideologiyadan elmə hərəkət dövrümüzün reallığıdır. Bir yolun doğruluğunu əsaslandırmaq üçün biz milli ideallarımıza nə dərəcədə uyğun gəlib-gəlməməsilə yanaşı, onun nə dərəcədə elmi olduğundan çıxış edirik. Və odur ki, bizə milli təəssübkeşliyi qədər də, elmi əsasları möhkəm bir azərbaycançılıq lazımdır... Elə bir azərbaycançılıq ki, heç zaman azərbaycanşünaslıqdan ayrılmasın.
Gənc dostlar, biz əvvəlki mühazirələrimizin hər birini üç ümumiləşdirmə ilə yekunlaşdırırdıq. Əslində, bu, təsadüfən belə alınırdı... Kursa son verən mühazirəmiz üçünsə, görünür, bircə ümumiləşdirmə ilə kifayətlənməli olacağıq: azərbaycançılığın gücü onun azərbaycanşünaslığındadır...
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)