Üçüncü yerə layiq görülmüş Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsi Featured

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsiflər Heyəti ötən günlərdə bəyan edib.

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

3-CÜ YER

Xan Abdulla

2-Cİ YER

Orxan Cuvarlı

1-Cİ YER

Cavid Babayev

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək. 

 

Oxucuların xahişi ilə yer tutmuş iştirakçıların yazılarının dərcini davam etdiririk. Bu gün sizə 3-cü yer tutmuş Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsini təqdim edirik.

 

Mahmudov Xanbala Elçin oğlu (Xan Abdulla) 1994-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. 2017-ci ildə BDU-nun hüquq fakultəsini bitirib. Hazırda «Teas Press» nəşriyyatının redaktorudur. 

 

YAZGÜLÜN NƏVƏSİ

 

Yataqxanada itikçilər yaşayırdılar – qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər... Yataqxananın məxsusi qoxusu vardı. Bu, səfalətin qoxusu idi; yüz addım uzaqda olsan belə, gəlib burnunu dalayır, ürəyini bulandırırdı. Buna rəğmən yataqxananın qarşısından keçmək, kir tutmuş divarlara, uçuq-sökük eyvanlara, zivələrdən asılmış qara-qura paltarlara baxmaq xoşuma gəlirdi. Qışqırıqçı, hay-küyçü arvadlar bir-birilərini təhdid etməkdən, söyməkdən, saçlamaqdan, dişsiz, maymaq qocalar həyətdə domino, nərd oynamaqdan, burnufırtıqlı uşaqlar ağlayıb-zırıldamaqdan, burnuyelli gənclər binanın qarşısında küllənməkdən bezməzdilər. Ən çox pəncərələrə oğrun-oğrun baxmaqdan xoşlanırdım, qıraqdan bu bəxtsiz insanların həyatına tamaşa edirdim. Bəzi evlərin içi aydınca görünürdü –maykalı arıq bir kişi tosqun arvadını öpürdü, balaca bir uşaq iştahla çörək gəmirirdi, ana yeniyetmə oğlunu döyürdü...

Demək olar ki, yataqxanın bütün sakinləri qarabəniz idi. İkisindən başqa...

On beş yaşım təzəcə tamam olmuşdu. Yaşdaşlarım kimi bütün gün qadınlar barəsində düşünürdüm. Erotik filmlərə baxır, xoşuma gələn, gözüm tutan qızları fikirləşib yaşdaşlarım nə edirdisə, onu edirdim. Sakit, qaradinməz, adamayovuşmaz bir uşaq idim. Hansısa qızın dodağından öpmək, hətta əlindən tutmaq mənimçün əlçatmaz bir xəyal idi. Qızlarla dilxoşluq edən söhbətcil, qanışirin, yapışıqlı oğlanlara qiptə edirdim. Çirkin uşaq deyildim... Sadəcə, bəxtim gətirməmişdi, dovşandodaq doğulmuşdum... Dodağımın üstündə çəhrayı bir çapıq vardı. İndi də var, amma çox da bilinmir. Çünki bığ saxlayıram...

Günlərin bir günü tənəffüsdə sinif yoldaşım Həsəni yanlayıb müxtəsərcə dedim:

– Məni Yazgülün yanına apar. Pulum var.

Yazgül fahişə idi. Yataqxanada yaşayırdı. Onu bir neçə dəfə uzaqdan görmüşdüm. Yataqxananın iki sarışın sakinindən biri o idi. Həsən danışanda eşitmişdim, bilirdim ki, on manata görüşür. Anam mənə hər gün bir manat verirdi ki, məktəbdə acsam, nəsə alıb yeyim. On gün heç nə alıb yeməmişdim.

Həsən mənə baxıb rişxəndlə gülümsədi. Sinifin ən hərcayi uşağı idi. Qalın, pırpız qaşları vardı – sanki kimsə kiminsə saqqalını yolub alabaşına-külbaşına Həsənin qonur gözlərinin üstünə yapışdırmışdı. Həsən rişxəndlə gülümsəyəndə şeytana oxşayırdı. Düzdür, heç kəs şeytanın necə göründüyünü bilmir, amma Həsəni (daha doğrusu, rişxəndlə gülümsəyən Həsəni) şeytana oxşadanların sayı az olmadığı üçün bunu əminliklə yaza bilirəm.

– Deyəsən, qızmısan, – Həsən dedi. – Özün niyə getmirsən? Qorxursan?

Sözün düzü, qorxurdum. Daha doğrusu, utanırdım. Yazgüllə necə danışmalı olduğumu bilmirdim. Çünki heç vaxt heç kimlə belə bir sövdəyə girməmişdim. Bir az həyəcanlanan kimi dilim dolaşırdı, boğulurdum. Yazgülün yanında gülünc vəziyyətə düşmək, naşı kimi görünmək, pərt olmaq istəmirdim.

– Aparırsan, ya yox? – mən soruşdum.

– Yaxşı, dərsdən sonra gedərik, – Həsən cavab verdi.

Dərsdən sonra birlikdə yataqxanaya getdik. Mart ayı idi. Binanın həyətindəki ağaclar çiçəkləmiş, çiçəklərin xoş rayihəsi binanın üfunətinə qarışmışdı. Həyəcanlı idim. Ürəyimin guppultusunu eşidirdim. Qaçıb getmək, aradan çıxmaq istəsəm də, namusa boğulub gözləyirdim.

Yazgül birinci mərtəbədə yaşayırdı. Bloka girib qapıya yaxınlaşdıq. Həsən qapını döydü. Bir neçə dəqiqə sonra qapı açıldı, iyirmi-iyirmi beş yaşlı kürən bir oğlan mənzildən çıxdı və bizə salam verib getdi. Yazgül Həsəni tanıyıb gülümsədi:

– Xoş gəlmisiniz, – dedi.

Mənim üzümə baxanda duruxdu, sanki özünü itirdi. Mən daha da həyəcanlandım. Elə güman etdim ki, qadının sir-sifətimdən xoşu gəlmədi.

– Xoş gördük, Yazgül, – Həsən əkəc-əkəc diləndi. – Necəsən? Nə var, nə yox? Dostum görüşmək istəyir. Siftəsidir.

Yazgülün otuz-otuz beş yaşı olardı, parlaq dərisi, nazik dodaqları, yaşıl gözləri,əyri və bəyaz dişləri, sısqa ayaqları, iri döşləri vardı. Qəhvəyi rəngli şort, pələngi köynək geyinmişdi.

– Yaxşıyam, şükür...

– Gör nə deyirəm... On beş manatımız var. Bəlkə, ikimiz də girək?

– Yaxşı... Keç içəri, iki dəqiqəyə gəlirəm.

Yazgül həyətə düşdü.

– Qapının ağzında gözlə, – Həsən dedi və bic-bic gülümsəyib içəri keçdi.

Yazgülün səsini eşitdim, kimisə haylayırdı: “Yaqut... Yaqut... Yaqut...” Üç-dörd dəqiqə sonra qayıtdı. Yanımdan keçib içəri girdi və qapını kilidlədi. Gözləməyə başladım...

Beş-altı yaşlı sarışın bir qız uşağı gəlib qapının dəstəyini burdu, kilidli olduğunu anlayıb geri çəkildi. Əlində sarısaç bir kukla vardı. Bu qızı bir neçə dəfə uzaqdan görmüşdüm. Amma dodağının üstündə çəhrayı rəngli, səliqəsiz bir çapıq olduğunu bilmirdim. Qıza ürəyim yandı. Mən heç olmasa bığ saxlaya bilərdim... Kuklasının da ağzı cırıq idi. Güman ki, hansısa uşaq ona sataşmaq üçün gəlinciyin ağzına mismar batırmışdı. Mənim özüm də belə zarafatlara, hənəklərə tez-tez məruz qalırdım. Bəlkə də, bunu qızın özü etmişdi, istəmişdi ki, kuklası özünə oxşasın...

– Sən Yazgülün qızısan? – ondan soruşdum.

– Hə, – deyə qız gülümsədi.

Yaşıl gözləri par-par parıldayırdı. Ağzında dişi yox idi. Bununla belə, gülümsəmək ona yaraşırdı. Allah bilir, kimin qızı idi. Yaşım çatsaydı, Yazgüllə beş-altı il qabaq görüşsəydim, elə bilərdim ki, mənim qızımdır. Çünki mənə çox oxşayırdı. Qızın başını sığallamaq, üzündən öpmək istədim. Lütf edirmiş kimi... Nədənsə belə güman etmişdim ki, indiyədək anasından başqa heç kim onu tumarlamayıb, üzündən öpməyib.

– Nə gözəl kuklan var, – deyə qızın saçını sığalladım, amma öpmədim, çiyrəndim. – Anan alıb?

– Hə, o mənim qızımdır, – uşaq sevincək dedi və kuklasını möhkəmcə qucaqladı.

Nitqi qüsurlu idi, sözləri düzgün tələffüs edə bilmirdi. “O mənim qızımdır” yox, “o əim ıdımdı” demişdi...

– Böyüyəndə nə olmaq istəyirsən? – vaxt keçirmək üçün soruşdum.

– Həkim... Anamı sağaltmaq istəyirəm... Başı ağrıyır tez-tez...

– Hə, mən də həkim olmaq istəyirəm. Ananı çox istəyirsən?

– Hə, hamıdan çox istəyirəm. O da məni hamıdan çox istəyir. Qızımı da hamıdan çox istəyirəm...

– Necə yəni? Ananı hamıdan çox istəyirsən, ya qızını? – deyə gülümsədim.

– İkisini də, – qız gülə-gülə dedi və qaçaraq həyətə düşdü.

Bir neçə dəqiqə sonra qapı açıldı. Həsən mənzildən çıxdı. Pörtmüşdü. Üzünə xoş bir təbəssüm qonmuş, yumru sifəti sanki daha da yumrulaşmışdı.

Əlini çiynimə qoyub dedi:

– Qorxma, keç içəri.

Deyəsən, həddən artıq həyəcanlı olduğumu anlamışdı.

İçəri keçdim. Mənzilin təmirinin, şəraitinin bizim evimizə bab olması məni əməllicə təəccübləndirdi. Dəhlizdə yaşıl bir ləyənlə qırmızı aftafa vardı. Yazgül otaqda siqaret çəkirdi.

– Keç əyləş. Çəkənsən? Götür birini.

Nəzakətlə imtina elədim və keçib divanda – televizorun qarşısında oturdum.

– Qızının adı Yaqutdur? – deyə soruşdum.

– Hə, gözləri yaşıldır deyə adını Yaqut qoymuşam, – Yazgül məmnunluqla cavab verdi.

Onda yaqutun, əslində, qırmızı rəngdə qiymətli bir daş olduğunu mən də bilmirdim. Yazgül qızının adını “Zümrüd” qoymalı idi.

Televizorda hansısa cizgi filmi göstərilirdi. Yazgül gözlərini televizora zilləmişdi, aramla siqaretini tüstülədirdi. Nəhayət, siqaretini külqabıya basdı. Ayağa qalxıb dəhlizə doğru addımladı. Ləyənin yanında dayanıb şortunu çıxardı və əyilib aftafadan su tökərək qasığını yaxşı-yaxşı yudu. Sonra birlikdə çarpayıya uzandıq...

Doğrusu, heç bir dəqiqə də çəkmədi. Qalxıb alt paltarımı, şalvarımı geyindim. Yazgülə on manat verdim və sağollaşıb mənzildən çıxdım. Həsən həyətdə idi.

– Sən də kişi oldun? – məni görüb irişərək dedi.

– Kişiliyi bununla ölçürsən?

– Yazgülün ləyəninə düşmüşdün? – deyə Həsən qəhqəhə çəkdi. – Elə bildim, düşüb boğulmusan. Niyə gec çıxdın?

– Gec çıxmadım. Mən on manat verdim, sən beş manat. Niyə məndən qabaq girdin?

– Kişi kimi düzünü de. Sənə milyon manat versələr, ləyəndəki sudan içərsən?

– Söhbəti fırlatma.

Doğrusu, əməllicə peşmanlamışdım. Hər şeyi başqa cür təsəvvür edirdim. Belə olacağını bilsəydim, nəinki on, heç beş manatımı da qıyıb verməzdim. On manata nə qədər kökə, şirni, qutab almaq olardı. İçəri birinci girməyin elə bir təfavütü yox idi. Sadəcə, Həsəni acılamaq istəyirdim. O, yanımızda Yazgüldən şirin-şirin danışmasaydı, belə bir həvəsə düşməzdim.

– Əşi, birinci girsəydin, guya nə edəcəkdin? Bu gün bizdən qabaq, kim bilir, neçəsi girib.

­– Sən girəndə tamam soyundu?

– Necə yəni?

– Koftasını da çıxardı? Döşlərini gördün?

– Hə, əlbəttə.

– Bəs niyə mənlə görüşəndə soyunmadı? Soruşdum ki, koftanı soyuna bilərsənmi. Dedi, yox.

– Mən haradan bilim? Ac tülküyə oxşayırsan. Yəqin, düşünüb ki, dişləyib qopardarsan.

– Görəsən, Yazgül bu yola necə düşüb?

– Sənin kimi yaramazlara görə.

– Çaşma. Allah haqqı, vurub ağzını dağıdaram.

– Yaxşı, incimə. Bir dəfə soruşmuşdum, yetimxanada böyüdüyünü demişdi. Sonrası da məlumdur... 

Deyişə-deyişə məktəbə qayıtdıq, çantalarımızı sinifdən götürüb evə getdik. Eyni binada yaşayırdıq...

Gələn il Yazgülün qızı Yaqut məktəbə başladı. Görəndə salam verirdim, başını sığallayırdım. Məhzun-məhzun salamımı alırdı. Deyəsən, ona salam verməyimi, başını tumarlamağımı istəmirdi. Həmişə sıranın ən axrasında dururdu. Mən də vaxtilə sıranın ən arxasında dururdum, hamının gözündən oğurlanmağa çalışırdım. Deyəsən, onun da sinif yoldaşları ilə arası yaxşı deyildi. Gözləri əvvəlki kimi parıldamırdı. Özü boyda çantası vardı. Əyin-başı həmişə səliqəli olurdu.

Aradabir zarafatla ondan soruşurdum:

– Qızın necədir, Yaqut?

Üzünü turşudub cavab verirdi:

– Yaxşıdır.

Yaqutun şəklini şərəf lövhəsinə vurmuşdular. Şərəf lövhəsinə əlaçı şagirdlərin şəklini vururdular. Nədənsə şəkildə dodağındakı çapığı silmişdilər. Yazgülün təhrif olunmuş şəkilləri cəmi iki il şərəf lövhəsini bəzədi. Uzun illər bəzəyə bilərdi, amma olmadı...

O məşum hadisənin üstündən on beş il keçib. Mən həkiməm. Şəhər xəstəxanasında işləyirəm. Aradabir Çexov kimi hekayələr yazıram... Ailəm, arvad-uşağım var. Şəhərin küçələrində Yazgülü tez-tez görürəm. Bütün günveyil-veyil gəzir. Cındırından cin ürkür. Öz-özünə danışır, qışqırıb-bağırır, kimisə söyür... Yay-qış boynuna şərf dolayır... Yaqutun ağzıyarıq kuklası həmişə qucağında olur... Yataqxananı uçurub yerində çoxmərtəbəli, qəşəng bir bina tikiblər. Həmin məşum hadisədən altı ay sonra dağıtdılar yataqxananı...

Bir nəfər Yazgülün boğazını kəsmiş, qızını boğub öldürmüşdü... Xoşbəxtlikdən, Yazgül sağ qalmış, qatilin kim olduğunu polislərə deyə bilmişdi. Qatil Yazgülün qonşusu idi. Sərxoş halda gəlib onunla görüşmüş, sonra pulu olmadığını bildirmişdi. Yazgül hay-kül qaldıranda kişi öz bıçağı ilə onun boğazını kəsmişdi. Evdən çıxanda Yaqutun qapının ağzında durduğunu görmüş, talesiz qızcığazı içəri çağırıb kandardaca boğazlamışdı... Ələ keçməmək üçün...

Yaqut indi yoxdur... Nə vaxtsa Yazgül də olmayacaq... Günlərin bir günü haradasa soyuqdan donacaq, acından öləcək, ürəyi partlayacaq, beyninə qan sızacaq, ya da maşın vuracaq onu... Yaqutun ağzıyarıq gəlinciyi hansısa zibilxanada yandırılanda iki öksüz başdaşından savayı bu dünyada Yazgülün və onun qızının izi, nişanəsi qalmayacaq...

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.