Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının sevimli qonağı hərf-hərf birləşib söz olan şair, sözlə qanadlanıb uçan bəndə, həyatı təbəssümündən oxuyan AYB- nin üzvü, Prezident Təqaüdçüsü Faiq Hüseynbəylidir.
1.)Xoş gördük, dəyərli Şairimiz Faiq bəy.
Əslində misralarınızdan sonsuz sayda bənzəri olmayan " sual ordusu" sıraya düzmək olardı, amma ən şanslı " 10 sualımız" liderliyi ilə yaman öyünür. Vaxt itirmədən birinci sıradakı
"ildırımsürətilə tələsən" sualımızı Sizlə qovuşdururam.
Xoş gördük, axşamın xeyirli olsun,
Necəsən bu axşam?...
Salam, ay divar!..
Gəl bir az dərdləşək, şeir oxuyum,
Atam-anam divar, balam ay divar.
(Faiq Hüseynbəyli)
"Yolların ən mübarəki insanı özünə çatdıran yoldur."
(Əbu Turxan)
Dəyərli şairimiz, deyəsən, bu təxəyyülünüzdəki divar bizləri özümüzə qaytaran, uzaqlaşmağa qoymayan, sədd çəkən divardır, elə deyilmi? Bu divarın sirri nədədir?
- Xoş gördük, hər vaxtınız xeyirli olsun. "Söz var ki, kəsdirir başı, söz var ki, kəsər savaşı"- deyir Şah İsmayıl Xətai. Bu mənada, "divar" sözü də çoxşaxəlidi. Divar arzularla insan arasında sərhəd də ola bilər, sizin qeyd etdiyiniz kimi, insanı özünə, keçmişinə qaytaran, milli şüurundan, mənliyindən ayrılmağa qoymayan sədd də. Divarın bir üzü məhbəsdi, hansı ki, azadlığını məhdudlaşdırır, bir üzü Vətəndir, evdir, ocaqdır, hansı ki, azadlığı üçün canından-qanından keçirsən, qoruyursan, uğrunda şəhid olursan.
2)" Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur."
(Volter)
Faiq bəy, məhəbbət ən böyük gücdürmü? Elə deyilsə, söyləyin, nədir ondan güclü olan?
- Mənim üçün bu dünyada ən güclü nəsnə SÖZDÜR. Dini baxışlarda dünyanın yaradılışı Sözlə bərqərar olub. Sözün ucalığı Tanrının "Ol" kəliməsində gizlənir. Söz həm ehtirasdı, həm etirazdı, həm də etirafdı. Asilərin də, aşiqlərin də sirri SÖZDƏdir. Söz ayindi, duadı, alqışdı. Söz həm də küfrdü, qarşığdı. Nə qədər trafaret səslənsə də, mənim üçün müqəddəs olan SÖZDÜR.
3) Ulayır səbrimi kəsən küləklər,
Torpaqdan, dənizdən küsən küləklər.
Bu yağan yağışlar, əsən küləklər,
Yar gələn yollarda tozun yorğunu.
Tanrı, sirlərini açan bəndəyəm,
Mən haçan Tanrıyam, haçan bəndəyəm?
Sözlə qanadlanıb uçan bəndəyəm,
Sözün yorğunuyam, sözün yorğunu.
(Faiq Hüseynbəyli)
"İnsanlar yorğun, həyat tərəfindən cəzalandırılmış, ya sevgiylə, ya da sevgisizliklə şikəst olmuş." (Ç. Bukovski)
Faiq bəy, şairləri nə yorur, niyə yorur?
- Bu sualın cavabı elə öz əksidir. Şairlər yorulmur, sadəcə yorğunluqdan şairlik doğur, şeir yaranır. Şair ömrü Sizif əzabıdır. Yorğunluq həm də çəkilən yükün göstərisidir. Yüklü şeirlər yorğunluğun məhsuludur. Şairi isə yoran həyata keçməyən arzular, yarım qalan sevgilər, bir az həyatda qərarsızlıq, haqq uğrunda mübarizə, ədalət mexanizminin işləməsi üçün çabalardır. Çünki, şairlər təkcə özlərini yaşamır, həm də cəmiyyətin qarşılaşdığı problemlərə ayna tutur. Orta əsrlərdə bir çox şairləri, dərvişləri tüfeyli həyat tərzinə görə qınayıblar. Əslində, bu yaşam özü cəmiyyətlə iqtidar arasında güzgü effekti rolunu oynayıb.
4) Həyat sınıq bir şüşə,
Kim ucala, kim düşə?
Aç əlini Günəşə,
Havalar xoşdu, Faiq.
Sevdiyinə ərk elə,
Sevgi nədir, görk elə...
Qəlbi doldur eşq ilə,
Bu dünya boşdu, Faiq.
(Faiq Hüseynbəyli)
"Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir."
(Anton Çexov)
Faiq bəy, həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?
- Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur.
5) Sizə "qismət", "əzəl", "nakam", "kədər", "qaranlıq" sözlərindən bir poetik cümlə qurmanızı xahiş etsək, təxəyyülünüzdən hansı cümlə doğular?
- Hər poetik sözün öz fəlsəfəsi var. Təqdim etdiyiniz sözlər uğursuz insan modelini şəkilləndirir. Şeir nə zaman güclü olur? Əlbəttə ki, yaşantı güclü olanda. Əzəldən nakam qisməti kədərli qaranlıqlar olan şairlər öz tənhalıqlarını yaşamağa məhkumdurlar. Bu da olsun verilən sözlərə uyğun bir cümləlik ifadə.
6) Kəpənək əllərin bəyaz təbaşir,
Həllini tapırmı qara lövhənin?
Həyat tənlikləşir, inteqrallaşır,
Sonsuza bərabər eşq ilə yəni...
Qalmışıq həyatın məngənəsində,
Həsrətin uzanır, yol dəyişirsən.
Sən ki, riyaziyyat müəllimisən,
Niyə isim kimi hal dəyişirsən?
Mən səni unuda bilmirəm, amma,
O vaxtdan kodlaşıb, rəqəmləşmişəm.
Sənin həsrətinə, sənin qəminə,
Yenidən vurulub eşqə düşmüşəm.
(Faiq Hüseynbəyli)
Həsrətə don biçsəydiniz, hansı rəngdən istifadə edərdiniz və nə üçün?
- Həsrətin rəngi monotondu, yaşantılarla qarışdıqda rənglənir. Həsrət bir növ yaşantıların rəngli alınması üçün katalizator rolunu oynayır. Nə qədər poetikləşdirməyə çalışsaq da, hər kəs eyni cür darıxır. Gənclik illərində sevdiyi qıza qovuşmayanlar eyni həsrəti yaşayır, analar, atalar övladlarını eyni cür sevir, torpağını, xalqını sevən, soyuna-kökünə bağlı olan hər kəs vətənini eyni şəkildə sevir. Şəhid anaları eyni taleyi yaşayır. Hərdən mənə elə gəlir ki, şəhid ataları bir ailədir, biri-birinə qardaşdırlar. Həsrətin rəngi hər halda göz oxşayan deyil. Həsrətin rənginə bələnməyi kimsəyə arzu etmirəm. Həsrətin rəngi, bəlkə də, yeddi əsas rəngdən səkkizincisidir. Şeirlərdəki fikir həsrətin rəngini özü ilə gətirir.
7)Xoşbəxt deyilsiznizsə belə, arzuladığınız xoşbəxtliyi artıq tapmış insan kimi davranın. Əmin olun ki, çox qısa zamanda, həqiqətən də, xoşbəxt birinə çevriləcəksiniz.
(Deyl Karnegi)
"Xoşbəxtlik xoşbəxt anlarla ölçülür və daimi deyil"- söyləyənlər də az deyil. Bəs Faiq Hüseynbəyli xoşbəxtliyə necə tərif verərdi?
- Xoşbəxtlik anlayışı ruhunun rahatlıq tapdığı zaman və məkan anlayışı ilə düzmütənasibdir. Hardansa oxumuşdum ki, həyatında səni sıxan, səni narahat edən hər nə varsa, tərk et. Tərk etməyi bacar ki, növbəti qarşılaşdığın anlar sənin xoşbəxtliyin ola bilər.
8) Bir ümid ver mənə,
Gözlərimin işığı,
Bu qaranlıq dünyanı
nura qərq edim.
Bir ümid ver mənə,
Arxasınca ölümə gedim.
Bir ümid ver,
Qüssədən-qəmdən uzaq.
Əllərimdən tutsun,
Yeni tale yazaq.
Bir ümid ver,
Sonda könlü qırılmasın,
Gözləri dolmasın...
Acı olsun zəhər kimi,
Yeməli olmasın.
Bir ümid ver ki,
möhkəmliyi dəmir kimi.
Gündüzləri parlaq,
Gecələri kömür kimi.
Yansın öz atəşiylə,
Alışsın söz oduyla,
Yansın söz atəşiylə.
Oynasın xəyallarımın günəşiylə.
(Faiq Hüseynbəyli)
Faiq bəy, bəs ümidi yaşadan, onu ayaqda saxlayan nədir?
- Ümidi yaşadan xatirələrdir. Gələcəyi istiqamətləndirən keçmişdir. A nöqtəsindən B nöqtəsinə qədər olan məsafədə ümidlərinin gerçək olacağını fərz etməklə öz isbatını ortaya qoya bilərsən. Ümid bir işıqdır. İşıq isə özündən sonra zamanı və məkanı qaranlıqda qoyur, deyə düşünürük. Əslində, işıq sadəcə qaranlığın içindən keçir, müəyyən zaman və məkan kəsiyində onu aydınladır.
9) Sədaqət sadəcə, güclü ruhların cəsarət edə biləcəyi bir seçimdir.
(Paulo Koelo)
Dəyərli Faiq bəy, cəsarətli ruh daha nələrə qadirdir?
- Cəsarətli ruh bir az öncə qeyd etdiyimiz xoşbəxtlik məhfumundan təcrid olunmaqla mükafatlandırılır. Cəsarət etməyə çalışırsansa, demək, haqqındır, amma sənin deyil, sahiblənməyə çalışırsan, mübarizə aparırsan, əldə etmək üçün çaba göstərirsən. Sonunda istəyinə nail olsan da, o deyil. Cəsarətli olmaq, istəyinə nail olmaq, mübarizə yoludu. Mübarizə yolunun sonunda qalibiyyət varsa, rahatlıq var, həzz var. Amma bu yolda itirdiklərin qazandıqlarından çox olur.
10) Deyirəm, dünyanı tərs çevirəsən,
Quşlarla balıqlar verə baş- başa.
Buludlar saxlaya dağların yükün,
Çaşdıra Allahı bu tərs tamaşa.
O da əsəbləşə, coşa, kükrəyə,
Əfv edə, çəkməyə sözü dərinə,
Deyə, kim tərsinə çevirib rəsmi?
Fırladıb yenidən asa yerinə.
(Faiq Hüseynbəyli)
Faiq bəy, yalanla doğrunun yerini
"1 GÜNLÜK" dəyişsək, yalan doğrunun nə çəkdiyini anlayarmı?
- Doğru Tanrı, yalan isə şeytandır. Tanrıyla şeytanın yerini dəyişmək absurddur. Nizam pozular. Şeytanın Tanrılaşdığı yerlərdə insan kimi yaşamaq olmaz. Əlavə olaraq, elin dediyi kimi, yalanın ömrü qırx gündür. Qırx birinci gün hər şey öz ampulasında olacaq. Doğru nə çəkirsə, çəksin, vicdanı rahatdır. Gerçəkliyi isə heç nə dəyişə bilməz.
-Dəyərli Şairimiz, rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün minnətdarıq, Sizə həyat və yaradıcılığınızda uğurlar arzulayırıq.
Sonda isə ənənəvi sualımızı verirəm: Hansı sualımızı daha çox bəyəndiniz?
- Bütün suallara daxili narahatlığı əks etdirən ruh hakim idi. Həyatda fərq qoymağa çalışmıram. Əgər mütləq bəyəndiyim vardırsa, bəyənmədiyim də vardır, demək. Bu mənə görə yanlışdır. Yaşamaq eşqdir, sevgidir. Sevgidə eqo olmamalıdır. Eqonu məhv etməlisən ki, onun üzərində dayanasan. Eqonun köləsi olmaq uduzmaqdır. Seçim Tanrınındır. Mən isə sadə bir insanam.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)