“Gulfnews” saytı Azərbaycanın görməli yerlərindən yazıb

“Gulfnews” saytında (gulfnews.com) “Azərbaycan odisseyi” sərlövhəli məqalə dərc olunub. Bu barədə AzərTAC məlumat verir.

 

Məlumata görə, məqalədə qeyd olunub ki, səyahətçi bayram ərəfəsində dincəlmək və macəralı anlar yaşamaq üçün Azərbaycana üz tutub. İlk olaraq, insanların daha çox olduğu Bakının Nizami küçəsində olan turist buranın gözəlliyinə heyran qaldığını bildirib. Daha sonra o, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və qoruğun ərazisindəki Qız Qalası, Şirvanşahlar Sarayı və Qala divarlarını, eləcə də müasir Bakı şəhərinin simvollarından biri olan Heydər Əliyev Mərkəzini ziyarət edib.

Onun üçün ən maraqlı yerlərdən biri də insan bacarığının və yaradıcılığının sübutu olan - ədəbiyyat əsərlərinin kiçik formatda çap olunan kitabların saxlanıldığı Miniatür Kitab Muzeyi olub.

Növbəti gün isə gecələr gözəl lazer nümayişi ilə şəhərin səma xəttinə hakim kəsilən Alov Qüllələrini, dünya memarlığının incisi kimi tanınan Heydər Əliyev Mərkəzini, Bakı Bulvarını, Dağüstü Parkı ziyarət edən səyahətçi Bakının möhtəşəm mənzərələrindən danışıb. Daha sonra Şəki və Qəbələyə üz tutan turist buranın görməli yerlərini ziyarət edib və mətbəxi ilə tanış olub.

Məqalədə Qafqaz dağlarının ətəyində yerləşən, yaşıllıqlara bürünmüş, Qədim İpək Yolu üzərində yerləşən və hazırda UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Şəki şəhərindən, burada yerləşən ecazkar Şəki Xan Sarayı, o cümlədən şəhərin çay daşları ilə döşənmiş küçələri, memarlıq abidələri və Azərbaycan milli mətbəxinin vizit kartlarından biri olan dadlı Şəki pitisindən bəhs edilir.

Qəbələ rayonu haqqında danışan səyahətçi buranın təbiətinin gözəlliyindən, əylənmək üçün burada quraşdırılmış müasir attraksionlardan danışır, bildirir ki, rayonda yerləşən dağların və meşələrin gözəl mənzərəsi buranı açıq havada sərgüzəştlər üçün mükəmməl bir məkana çevirir. Səyahətçi kanat yolu ilə Tufandağa qalxdığını və dağın zirvəsindən şəhərin və qarla örtülmüş hündür dağlarının heyrətamiz mənzərəsini seyr etdiyini bildirir.

Sonda isə Bakının çox zəngin tarixi, mədəni eyni zamanda müasir şəhər olduğunu qeyd edən ziyarətçi buranın səyahət üçün dəyərli seçim olduğunu vurğulayır.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.