Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Beynəlxalq Korrupsiya ilə mübarizə günü
Bilirsiniz, elə mövzular var ki, onlar barədə ya tam təfsilatla danışmalısan, ya da susmalısan. Mən Azərbaycanın bir nömrəli faciəsinə çevrilmiş korrupsiya barədə sadəcə susmağa üstünlük verirəm. BMT-nin təşəbbüsü ilə keçirilən bu günün küləkləri təki gəlib bizim səmanın qara buludlarını da qovaydı.
Beynəlxalq genosid cinayətləri qurbanlarının xatirəsi günü
Genosid cinayətləri barədə xəbərdarlıq Konvensiyasının 2-ci bəndində qeyd edilir ki, hansısa xalqı tam, yaxud qismən məhv etməyə yönəlmiş genosid cinayəti bəşəriyyətin ən qatı cinayəti hesab olunur. Gəlin xalq olaraq xatırlayaq, başımız nə qədər bəlalar çəkib. 1918-ci ildə Bakıda, Şamaxıda və Qubada, 1980-ci illərin sonlarında Qərbi Azərbaycanda, 1992-ci ildə Xocalıda ermənilər tərəfindən, 1937-ci ildə repressiya, 1920-ci ildə 20 yanvar təcavüzü şəklində sovet imperiyası tərəfindən, 20-ci əsrin 70-ci illərindən başlayaraq Cənubi Azərbaycanda soydaşlarımızın amansız təqibi şəklində fars rejimi tərəfindən genosid cinayətinə məruz qalan Azərbaycan xalqı bu gün milyonlarla qurbanını yad etməlidir, öz faciələri barədə dünyaya mesajlar ötürməlidir. Beynəlxalq təqvimləri izləmək, onların təyinatlarından faydalanmaq vacibdir.
Unudulan açıqcalar
Beynəlxalq texno günüdür, bu bir musiqi janrıdır. Skandinaviya ölkələrində Anna günüdür, Milad bayramı ərəfəsi bütün evlərdə lütifeks adlanan balıq yeməyi hazırlanacaq; Milad açıqcası günüdür. Hələ də dünyada bu nəsnə insanlar üçün bir-birini təbrik etməyə yetərlidir. Bir vaxtlar bizdə də 8 martda oğlanlar qızlara, 23 fevralda qızlar oğlanlara, Yeni ildə, eləcə də 1 may və 7 noyabr paradları günlərində isə hamı bir-birini açıqca yazaraq təbrik edirdi, üstəlik, ad günlərinin də bir təbrik vasitəsiydi açıqca. Ancaq hazırda açıqca adlı nəsnəni unutmuşuq, arxivin uzaq küncünə atmışıq; Fransada milli miryan günüdür, bu bir məşvərət komitəsidir, Fransa hökumətinin sekulyarizm (dövlətin dindən asılılığına yol verməmək) prinsiplərinə riayət etməsini izləyir, ona dəstək verir; Ruslar 9 dekabrı opera günü kimi qeyd edirlər, belə ki, 1842-ci ildə Peterburqda Qlinkanın “Ruslan və Lyudmila”, 1836-cı ildə isə “İvan Susanın” operalarının premyerası olub. O ki qaldı ABŞ-a, bu gün onlarda Milli qənnadı məmulatları günüdür.
Korefey sənətkarımız, Krım tatarları, Van Deyk
1973-cü ilin bu günündə SSRİ xalq artisti, adı çəkiləndə insanların üzünə təbəssüm qonan Lütvəli Abdullayev dünyadan köçüb. Şəkidə dünyaya göz açan, cəmi 59 il ömür sürən bu korifey aktyor çoxsaylı kino və teatr rolları ilə komediyanın və yumorun əsl mahiyyətini ortaya qoyurdu, çox təəssüf ki, yağışdan sonra göbələk kimi artan bugünkü şit və dayaz komediya aktyorları bu mahiyyətdən çox-çox uzaqdırlar.
Bu gün “siçan günü”dür həm də. Amma söhbət zəhlətökən boz siçandan getmir, kompüter siçanından gedir, belə ki, ilk dəfə o 1968-ci ilin bu günündə üzə çıxıb. Onu kəşf edən isə amerikalı Karl Enqelbartdır; 1917-ci ilin bu günündə qan qardaşlarımız olan və indi repressiyalar məngənəsində boğulan Krım tatarları qurultay keçirərək Krım xalq respublikasını yaradıblar; 1909-cu ildə dünya futbolunun top klublarından biri – Dortmundun “Borrusiya” klubu yaranıb. Ölkəmizdə “Borrusiya”sevənlər heç də az deyildi, Mxitaryanın transferi onların sayını sıfıra çatdırdı vaxtında; 1717-ci ildə alman incəsənətşünası, antik incəsənətin ilk tədqiqatçısı İoxim Vinkelman dünyaya gəlib. 1641-ci ildə dahi flamand rəssamı, zadəgan və intim portretlərin nömrə bir ustası Antonis Van Deyk, 1048-ci ildə isə Orta Asiyanın dünyaşöhrətli ensiklopediyaçı alimi Əl Biruni dünyadan köçüblər.
Yükdaşıyanlar günü
Bu günün daha bir təyinatı var, yükdaşıyanlar günü. Sözün hərfi mənasında çiyinlərini ağır yüklərin altına verib ruzi qazanan insanların günüdür bu gün. Tikintidə daş daşıyanlar var, anbarlarda un kisələri daşıyanlar var, onlar gündüzlər işləyirlər, axşamlar da dinclərini alırlar. Amma həm də daha ağır yüklər var, “problem”, “dərd” adlı. Bu yüklərin daşınma müddəti gecəli-gündüzlüdür özü də. Bugünkü Yükdaşıyanlar günündə həmin bu məcazi mənada yükdaşıyanları da gəlin yad edək, hamısına bir ağızdan “yükünüz yüngülləşsin” deyək.
Varisin “Həftənin təqvimi” yazısından