İstanbulda “Türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib

Türkiyənin İstanbul şəhərində “Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib.

 

AzərTAC xəbər verir ki, İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin birgə təşkil etdiyi simpoziuma dünyanın 17 ölkəsindən 40-dan çox alim qatılıb.

 

Simpoziumda çıxış edən dərnəyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədli bu silsilə tədbirlərin keçirilməsinin Turan Birliyinə dəstək olmaq məqsədini daşıdığını bildirib.

 

İstanbul Universitetinin rektoru, professor Osman Bülənd Zülfiqar tarix boyu bütün türk xalqlarının, o cümlədən yazarların taleyində həzin, kədərli iz buraxmış köç və mühacirət məsələsinin bədii ədəbiyyatda necə əks olunduğunun vacibliyindən söz açıb.

 

Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Mustafa Balcı ilk dəfə keçirilən simpoziumun, eyni zamanda, siyasi birliyə təkan olacağını vurğulayıb.

 

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə sığınan İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının rəhbəri, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı Muzeyinin müdiri, professor Nazan Ölçer simpoziumu təşkil edənlərə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini dilə gətirib.

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov türk xalqlarının müxtəlif dönəmlərdə dəfələrlə hicrətlə üzləşdiyini, köçmən ömrü yaşamağa məcbur olduğunu qeyd edərək, “mühacirət ayrılıqdır, insanların doğmalarından, vətənlərindən uzaq düşməsidir, ancaq mühacirəti düşünmək, yurd-yuvasından ayrılanları anmaq birliyə can atmaqdır, bir daha belə halların baş verməməsi üçün həmrəylik göstərməkdir” deyə simpozumun önəminə diqqəti çəkib.

 

İki gün davam edən simpoziumda professor Yavuz Akpınarın “Azərbaycan mühacirət ədəbiyyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, professor Abdulhamit Avşarın “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”, professor Səbahəddin Şimşirin “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”, professor Atilla Jormanın “Görkəmli şair Mehmet Sadıq Aran”, professor Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirətdəki siyasiləri: ədəbiyyat və təbliğat”, akademik Rafael Hüseynovun “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası”, professor Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, professor Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji baskısı kontekstində”, professor Əhməd Sami Elaydinin “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, dosent İzzətullah Zəki və Firuz Fevzinin “Güney Türküstan türklərinin köç və ədəbi kulturoloji fəaliyyətləri”, dosent Bakıtgül Kuljanovanın “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, dosent Rüstəmcan Cabbarovun “Əlişir Nəvai dönəmində Xorasan çevrəsində Azərbaycan mühacirət ədəbiyyatı”, Orhan Arasın “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış”, dosent Nouşad Mançeri Kırıkkalın “Hindistandakı türk ədəbiyyatının əks-sədası və izləri”, Səadət Kəriminin “Qərbi Avropada türk köçmən ədəbiyyatının mövzuları, önəmi və problemləri”, İrəc İsmayılın “Turxan Gəncəyinin ədəbi-kulturoloji irsi”, dosent Tohid Məlikzadənin “Rza Beraheninin yaradıcılığı”, dosent Nəzirə Sultanəliyevanın “Köçəri xalqlarının kültüründəki bənzərliklər”, Dürdanə Rəsulovanın “Mövlana Yusif Qarabağinin həyatı və elmi irsi haqqında” və digər məruzələr dinlənilib.

 

Simpoziumun sonuncu günü iştirakçılar İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbini ziyarət edib, tədris ocağının fəaliyyəti ilə yaxından tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.