KİTAB BƏLƏDÇİSİndə “On zənci balası” Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

"Öldürmək asandır, lakin bu günah ömrün boyu səni izləyir"

Kiçik bir ada və bir-birini tanımayan on qonaq...

Naməlum ev sahibi...

Bizlərdən biri də bəraət aldı, ölümündən sonra...

 

Bu kimi mənalı ifadələrin yer aldığı bu əsər “On zənci balası”dır, ingilis yazıçısı,"detektiv janrının kraliçası" adlandırılan Aqata Kristi tərəfindən yazılmış sirli romandır və müəllifin  yazdığı kitablar arasında ən çətini kimi xarakterizə edilmişdir. 

Kitab ilk dəfə Böyük Britaniyada Collins Crime Club tərəfindən 6 noyabr 1939-cu ildə “On Balaca Zənci” adı ilə nəşr edilmişdir. Kitabın ilk nəşrindəki adının (Ten little niggers) daha sonralar irqçiliyə yol açdığı düşünüldü və kitabın adı "And Then There Were None"( və sonra heç kim qalmadı) olaraq dəyişdirildi. Son illərdə isə bir çox ölkələrdə ilk adı ilə adlandırılmaqdadır. 

Oxuduğum ən möhtəşəm detektiv əsərdir. Bu, Qatil kimdir" sualının ən uğurlu şəkildə ifadə edildiyi əsərdir. Tərəddüdlü idim, amma yanılmadım, həqiqətən də janrına layiqli əsərdir. Nəsillər dəyişə də, Kristinin yaradıcılığına maraq azalmaq bilmir. Onun "Qolf meydançasında qətl", “Səssiz şahid", “Şərq ekspresində qətl"(ps..bu kitabı başlamışam, bitirsəm, oxuculara bu kitab haqqında da məqalə hazırlayacağam), “Mavi qatarın sirri" kimi əsərləri klassika hesab olunur. “On zənci balası" romanı da həmin klassika adlanan əsərlərdəndir. 

Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə fərqli formada dəvətlər və müxtəlif səbəblər nəticəsində eyni gündə  Zənci adasına gəlir. Elə həmin gün axşamdan onların yerləşdikləri evdə qeyri-adi, qorxunc hadisələr cərəyan etməyə başlayır. 

Romanda ən çox sevdiyim cəhətlərdən biri zənci fiqurlarıdır, bu fiqurlar kitaba ayrı bir həyəcan gətirir.

Kitabın son səhifəsinə kimi nə baş verdiyini, hadisələrin səbəbinin nə olduöunu anlamaq mümkün deyil. Yemək stolunun üstündə olan 10 zənci fiqurundan birinin hər ölümlə birlikdə yoxa çıxması məhz bu şeirə əsasən həyata keçirilir:

 

On zənci balası nahara getdi,

Birisi boğuldu, aradan itdi.

 

Doqquz zənci balası çox yedilər,

Birisi yuxudan durmadı səhər.

 

Səkkiz zənci balası Devona qaçdı,

Biri qayıtmadı, qayadan uçdu.

 

Yeddi zənci balası odun doğradı,

Balta kəsdi birini, altısı qaldı.

 

Altı zənci balası gəzməyə çıxdı,

Birini arı sancıb tez göyə qalxdı.

 

Beş zənci balası məhkəmə qurdu,

Biri cəzalandı və qaldı dördü.

 

Dörd zənci balası dənizdə çimdi,

Biri tora düşdü, bilmədi kimdi.

 

Üç zənci balası heyvanxanada,

Birini ayı yedi, düşmədi yada.

 

İki zənci balası gündə uzandı,

Birini gün yandırdı, bircəsi qaldı.

 

Son zənci balası yoruldu nəsə,

Gedib özünü asdı, qalmadı kimsə...

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.