O Azərbaycanşünas Nizami Cəfərovdur! Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Ötən gün - yəni 21 sentyabr Azərbaycanın görkəmli simalarından olan Nizami Cəfərovun doğum günü idi. Bu səbəblə "Ədəbiyyat və İncəsənət" olaraq onu təbrik edib gələcək fəalliyyətində uğurlar arzulayırıq.

Nizami Cəfərov cismən və ruhən ədəbiyyata bağlı bir adamdır. Elə ad günündə də onu Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gördük. O, ədəbiyyatşünas Azər Turanın 60 illik yubileyi tədbirində nitq söyləyirdi.

Təbii ki, Nizami Cəfərovu çox adam tanıyır. Lakin istərdik onun gördüyü işləri fəalliyyətindən xəbərdar olmayan o az qismlə də bölüşək.

 

Beləliklə, Nizami Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. 

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Nizami Cəfərov 1985-ci ildən etibarən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi kimi fəaliyyət gösrərməyə başlamışdır. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı (1994–2001) vəzifələrində çalışmışdır.

Odlar Yurdu Universitetinin “Filologiya və humanitar fənlər” kafedrasına təyin olunan Nizami Cəfərov 2003-cü ildən kafedranın müdiridir.

Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud" elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur.

2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.

2004-cü ildə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir.

Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə, 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. AMEA-nın həqiqi üzvü və millət vəkilidir.

Nizami Cəfərova elmi sferalarda böyük nüfuz qazandıran ilk əsərlərindən biri – “Füzulidən Vaqifə qədər” əsəri də məhz ədəbiyyatşünaslıqdan olub. Alimin “Azərbaycanşünaslığa giriş”, türk xalqları ədəbiyyatının qədim, orta, yeni və ən yeni dövrlərini əhatə edən 4 cildlik fundamental “Türk xalqları ədəbiyyatı” əsəri də elmdə əsl hadisəyə çevrilib. 

Nizami Cəfərov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Yaradıcılığı

 

Tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaratmışdır.

 

Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də uzunömürlü dərsliklərin müəllifidir. Ədəbiyyatın mahiyyəti — ədəbiyyat tarixinin dövrləşdirilməsi, klassik şeirin poetikası, aşıq poeziyasının inkişafı, ədəbi tənqidin imkanları və iddiaları, "altmışıncıların" ədəbi simaları və problemləri haqqındakı tədqiqatları, yaxud ayrı-ayrı yazıçılarla əlaqədar portret-oçerk səviyyəsində təqdimatları Nizami Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi prosesə dərindən bələd olduğunu, bir çox hallarda istiqamət verdiyini əyani surətdə göstərir. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində "Kitabi-Dədə Qorqud" dastanlarındakı "eposdan kitaba" doğru ədəbi proseslərin əsasında bu möhtəşəm oğuznamədən həm də ortaq ümumtürk və daha çox Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrünün ədəbi abidəsi qismində söz açmaq təşəbbüsünü irəli sürmüşdür.

 

Akademik Nizami Cəfərov ölkəmizdə "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri" (2000), "Azərbaycanşünaslığa giriş" (2001), "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları" (2001), "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət" (2001), "Azərbaycanşünaslıq məsələləri" (2001), "Heydər Əliyev və Azərbaycan" (2004), "Azərbaycanşünaslığın əsasları" (2005; 2013), "Atatürkün Azərbaycan siyasəti" (2008), "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı" (2012) və sair kitabları  Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara  kitabları  Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir.

Sayı 500-dən çox olan elmi əsərlərin, o cümlədən monoqrafiyanın müəllifidir.

Rus, ingilis və fars dillərini bilir.

Nizami Cəfərovun bir görkəmli Azərbaycanşünas olduğunu qeyd etdik. Bizcə, bu, ən böyük statusdur.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.