Yağışın navalçaları döyəcləyən səsi… - MUSİQİ BƏLƏDÇİSİndə Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Və rəqs edənlər dəli sanıldı, musiqini eşitməyənlər tərəfindən"

Fridrix Nitsşe

 

Öncə mahnı playlistimi açıb "Vüsal Namazlının - Duyğular" (piano) adlı əsərini seçib, onun həzin melodiyasının müşayəti ilə düşünməyə başladım.

Tanrı insanlara öz duyğu və düşüncələrini ifadə və təsvir edə bilmək üçün müxtəlif yol, üsul və vasitələr bəxş edib.

Məsələn, rəssamlar hiss etdiklərini boyalarla təsvir edib, pantomima aktiyorları bunu jest və mimikalarıyla ötürərkən, yazarlar hekayə və romanlarıyla, şairlər misralarla, rəqqaslar müxtəlif bədən hərəkətləri ilə ifadə etdiyi kimi musiqiçilər də bunu notlarla edirlər.

Necə ki, rəssam boyayla şəkil çəkməklə, yazar sətirə sözlər düzməklə, musiqiçidə notları bir-birinə pərçimləməklə edir.

Bir az fərqli, bir az həssas mövzudur musiqi. 

Ən çox "Ruhun qidasıdır"-, deyilir onun haqqında və bu, həqiqətən də belədir deyəsən.

Musiqi sadəcə ifadə etmə şəkli deyil, o, həm də ruhun bəzən istirahət etmək, dincəlmək, bəzən də enerji yığmaq şəklidir.

Hərdən insanlar yuxuya gedərkən, bəziləri iş görərkən, bəziləri istirahət edərkən, hətta  bəziləri də kitab oxuyarkən belə musiqi dinləməyi çox sevirlər. 

Musiqi həm də xoş bir axına, duyğu selinə qapılıb təslim olmaqdır.

Eyni ilə damar yolu ilə birbaşa xəstənin qanına yeridilən dərman vasitəsi kimi, musiqi də bilavasitə ruhla və dolayı deyil də birbaşa, vasitəsiz nitqlə kontaktdadır.

İnsan bəzən hadisələr qarşısında özünü sıxar-sıxar, sonra bir musiqi səsi eşidər və ovcunda nəyi isə sıxıb saxlamışcasına içində sıxıb saxladığı duyğuları, suyun axıb özünə yol tapdığı kimi, göz yaşıyla yol tapıb onu ələ verər.

İnsanlar müxtəlif olduğu kimi onların hər bir sahədə özünü, duyğularını ifadə etmə dili və zövqləri də fərqlidir və bu da özünü müvafiiq olaraq musiqinin tendensiyalarında tapır.

Kimi muğamı, kimi kllassik, kimi retro, kimi lirik musiqini sevdiyi kimi, kimiləri də repi, roku, cazı, elektron musiqini sevir.

Mədəniyyətin hər bir sahəsi olduğu kimi xalqımızın musiqisi də çox zəngin və rəngarəngdir.

Milli, klassik və ya retro musiqimiz deyəndə kimlər yada düşür, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, Rəşid Behbudov, Şəfiqə Axundova, Akif İslamzadə, Emin Sabitoğlu, Rübabə Muradova, say-say bitməz. Kiçik bir essenin cümlələrinə hansı birini sığdırıb, hansı birindən danışım ki?!

Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovanın "Həsrətindən" əsəri haqda danışım. Ya bəlkə "Getmə, getmə gəl"-,  deyən Şövkət Ələkbərovanın nə qədər zaman da keçsə köhnəlməyən şedevrlərindən,  Rəşid  Behbudovun "Nazəndə sevgilisindən" və nə qədər il keçsə də hər dövrdə aktuallığını qoruyan Mübariz Tağıyevin "Xatirə"sindən danışım? 

Pianinonun ağ və qara dillərinə toxunub möhtəşəm əsərlər yaradan bəstəkarların musiqiləri bəzən bir dağ başında oturan qoca çobanın tütəyində, bəzən gənc küçə musiqiçisinin gitarasında, bəzən də sərxoş bir aşiqin serenadasında yaşayıb oradan qəlblərə yol tapır..

Mənim hansı musiqini sevdiyimə gəldikdə isə, az öncə çöldə payız qoxan gur yağış damlaları navalçaları döyəcləməyə başladı və mən telefonumda çalınan və bayaq özüm yandırdığım musiqini söndürüb yağışın səsini dinləməyə başladım.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.