“Ruhunuzu ac qoymayın” - MUSİQİ BƏLƏDÇİSİndə Nigar Həsənzadə Featured

Müasir musiqilərin geniş yayıldığı zamanda təəssüf ki, ürəyə yatmayanları da olur, musiqimizə yaraşmayanları da, lakin bizim gənclər yaratmağa meyillidir və o səbəbdən müasir musiqilərin içindən də yaxşıları vardır. Əksər gənclərin zövqü artıq korlansa da, əsil incəsənət ruhlu gənclərmiz də çoxdur.

Çox zaman, elə düşünülür ki, gənclər sadəcə müasir mahnılara daha çox meyillidir və klassikadan uzaqdır. Amma,  məncə, bu belə deyildir. Bəlkə də bu, insanın olduğu mühitdən asılıdır. Son zamanlar olduğum mühitlərdə gənclərin, hətta azyaşlıların klassik musiqilər dinlədiyinin şahidi olmuşam və düşünürəm ki, bunun bir səbəbi təbliğatdırsa, digər səbəbi də  zamandır... Məsələn, ailədəki böyükləriniz  klassik musiqilər, muğamlar dinləyə bilər, amma bunu həm dərk edəcəyiniz yaşda olmamanız, eyni zamanda həyatın hələ ağ səhifələrini yaşadığınız üçün sizlərə fərqli gələ bilər. Amma zamanla həyat öz mənfi qonaqlıqları ilə, yaxud çox xoşbəxt  hadisələri ilə həyatı dərk elətdirir və vaxtikən ailədə, ətrafda təbliğ edilən o janrlar artıq dərk edilir. 

Mən uşaqlıqdan bəri muğam dinləməyi çox sevmişəm, daha sonrakı illər isə klassikaya meyilim artıb, lakin bu o demək deyil ki, müasir üslubları dinləmirəm və dinlənilməməlidir, xeyr, indiki vaxtda da çox möhtəşəm musiqilər yaranır, sadəcə onları da seçib dinləmək lazımdır. 

İnsan övladı hər şeylə maraqlanmalıdır. Hərbi mövzuda olan musiqilər, məsələn hərbi marşlar da daima gəncləri cəlb edir, çünki 1-ci sinifdən belə silsilə tədbirlərdə onlar bizlərçün səslənilir, bizə vətənpərvərlik hissi ötürülür, əsasən də Vətən Müharibəsindən sonra belədir. 

Mən tək bir şeyə üstünlük verməyin tərəfdarı deyiləm və o səbəbdən sevdiyim musiqilər və janrlar müxtəlifdir. Lakin klassik musiqimizdən ən sevdiklərimdən Rəşid Behbudov və Şövkət xanım Ələkbərovadır.

Məncə, ruhunu qidalandırmaq istəyən hər kəs bu cür musiqiləri dinləməlidir. 

Ruhunuzu ac qoymayın, əmin olun ki, ən əsas, onun qidalanmağa ehtiyacı var.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.