Gənc oxucular günü, habelə dünya rəngkarlığında və memarlığında uğursuzluq günü

 

Bu günə təsadüf edən əsas hadisələri diqqətinizə çatdırırıq:

 

Ümumdünya pnevmaniya ilə mübarizə günü

 

Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF 2009-cu ildə bu günü təqvimə saldırmaqla pnevmaniya, xüsusən uşaq pnevmaniyası əleyhinə kütləvi kampaniyaya başlayıb. Əsas görülən iş isə Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində - o ölkələrdə ki pnevmaniya tüğyan edir, insanları xilas etmək üçün böyük vəsaitlərin toplanmasıdır. Ekspertlərin qənaətinə görə 5 yaşa qədər olan uşaqların əsas ölüm səbəbi məhz pnevmaniyadır. Hər il bu xəstəlik iki milyon can alır.

 

Təhlükəsizlik üzrə mütəxəssis günü

 

Bu günün təşəbbüskarı təhlükəsizlik üzrə nəhəng internet portal olan Sec.ru-dur. Təntənəli gündə “Təhlükəsizlik missi” müsabiqəsinin qalibi də elan edilib mükafatını alır. Axı bu sistemdə xanımlar da az deyil. Mən bizim moll-arda kürəyinə “security” yazılmış o qədər zəif cins nümayəndəsi görmüşəm ki. Bu sferada bir obyektlərin, bir də şəxslərin mühafizəsi nəzərdə tutulur. Şəxslərin mühafizəçiləri, el təbirincə desək teloxranitellər (cangüdənlər) barədə Uitni Xyustonun rol aldığı məşhur filmi hamımız görmüşük. Bu gün Azərbaycanda təhlükəsizlik üzrə mütəxəssislər – bax bu teloxranitellər qorunması zəruri olan, dövlət baxımından xüsusi əhəmiyyət kəsb edən insanlardan daha çox özünü xırda padşah elan edib 5-10 maşınlıq karteclərlə hərəkət edən və ən azı 5-10 nəfər cangüdənin əhatəsində gəzən pullu görməmişləri – gədaları mühafizə etməkdədirlər. Bu da çox zərərli tendensiyadır.

 

Gənc oxucular günü

 

Onsuz da bizdə oxucuların əksəriyyəti gənclərdir. Bu gün hamı əlində kitab ictimai nəqliyyatda, parklarda, iaşə obyektlərində görünməlidir, mütaliə təbliğ edilməlidir. Axı mənəvi zənginlik mütaliə olmadan mümkün deyil. Hər bir gənc kitabdan ilan vuran ala çatıdan qaçan kimi qaçan bir şəxsə bu gün kitabların faydaları barədə moizə oxusa, inanın ki, böyük tərəqqi əldə etmiş olarıq.

 

Ançous niyə qəzəbə gəlib?

 

Antibiotiklər barədə məlumatlanmaq üzrə ümumdünya həftəsi başlayır. Antibiotiklərin faydası və zərəri haqda məlumatları hamı mənimsəməlidir, əks halda böyük ziyan çəkmək istisna olunmur; Yeni Zelandiyada Kenterberi günüdür, Kenterberi əyaləti sakinləri öz diyarları ilə qürur duyaraq sevinib şənlənəcəklər; Çində və Tayvanda Mədəni Renessans günüdür. Mədəni-kütləvi tədbirlər önə çəkiləcək; Kanadada rəqəmsal sağlamlıq, İndoneziyada ümumən sağlamlıq, Qərbi Timorda gənclər günüdür; Amerikada mətbəxsevərlər birdən-birə iki bayramı qeyd edəcəklər: milli toyuq şorbası gününü, bir də milli ançousdan başqa istənilən içliklə pitsa gününü. Siz bir təyinata baxın. Yəni bu gün hamı pitsa yeməlidir, istənilən pitsadan yemək olar, təkcə ançouslu içliklidən başqa. Ançous – balıq növüdür. Görəsən bu ançous yazıq nə günahın sahibidir belə?

 

1933-cü ildə Şotlandiyanın Lox-Ness gölündə yaşayan əcaib varlığın – Nessinin ilk fotosu çəkildi; 1893-cü ilin bu günündə “San Francisco Morning Call” qəzetində “Yapon sahillərində tayfun” adlı gənc yazarın ilk hekayəsi dərc edildi, dərhal hekayə böyük əks-səda doğurdu. Müəllif Cek London idi; 12 noyabr günü həm də dünya rəngkarlığında və memarlığında uğursuz bir gün kimi səciyyələndirilir. Belə ki üç böyük sənətkar məhz bu gün dünyalarını dəyişiblər: Bunlar 1903-cü ildə fransız impressionist rəssamı Kamil Pissarro, 1680-ci ildə italyan heykəltaraşı Lorenso Bernini (məşhur “Apollon” heykəlinin müəllifi) və 1662-ci ildə Qızıl dövr Holland rəngkarlığının nümayəndəsi Adrian Van de Vennedir.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.