Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ölkəmizdə səfərdə olan TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” Fonda istinadən xəbər verir ki, görüşdə müasir dövrdə ortaq köklərə, mədəniyyətə mənsub türk xalqlarının bir-biri ilə daha geniş əlaqələndirilməsi üzrə birgə əməkdaşlığın vacibliyindən söz açılıb.
Türk dünyasının çoxtərəfli inteqrasiya prosesində ümumtürk mədəni birliyi önəmli məsələlərdən biri kimi qiymətləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və bu il 30 illiyini qeyd edən TÜRKSOY-un qarşılıqlı fəaliyyətlərindən, türk xalqlarının görkəmli şəxsiyyətlərinin yaradıcı irsinin tanıdılması istiqamətində həyata keçirilən layihələrindən bəhs olunub.
TÜRKSOY tərəfindən Şuşa şəhərinin “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması vurğulanıb. Şuşanın tarixi və mədəni irsinin təbliği yönündə Fond tərəfindən müxtəlif ölkələrdə “Şuşa günləri”nin keçirilməsi yüksək dəyərləndirilib.
Görüş Fond ilə TÜRKSOY arasında tərəfdaşlığın daha da gücləndirilməsinə və gələcək birgə layihələrə dair müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)