“Komandirlərinin həlak olduğunu görən əsgərlər vəhşi şirə döndülər...” – Askar Umarov Featured

“Ədəbiyyat və incəsənət” portalı Qazaxıstanın  tanınmış jurnalisti, ictimai və dövlət xadimi Askar Umarovun  “Qurd ili. 1916. Biz Türküstandanıq” adlı roman epopeyasından bəzi hissələri tanınmış jurnalist və tərcüməçi Aida Eyvazlı Göytürkün tərcüməsində təqdim edir.

 

ASKAR UMAROV: QURD İLİ- 1916 (Biz Türküstandanıq)

 

8. Orxan. Bitlis ətrafı.

Uzun  yollar boyunca  əvvəlcə köhnə vaqonlarda  silkələnə-silkələnə gəldilər. Sonra onları müxtəlif minik vasitələri ilə daşıdılar, ən sonda isə yenə də piyada hərəkət etdilər. Məgər osmanlı əsgərini çətinliklər qorxudarmı? Şərq cəbhəsində qələbə çalandan sonra, onlar sevinclə Qafqaz tərəfə istiqamət götürdülər.  Qələbədən ruhlanan əsgərlərin yol boyu bir-biri ilə danışıqları belə olurdu: qoy bir ora çataq, ruslar görəcəklər ki, əsil türk əsgəri necə olur. 3-cü Ordunun nazlı- qəmzəliləri deyəsən unudublar ki, Ərtoğrulun ordusu Asiyadan Avropaya qədər dünyanın yarısını fəth edən böyük qazilərin nəvələridirlər. Geriyə dönmək yoxdur- ancaq irəli.  Bu mehmetciklər Mustafa Kamal Paşanın Çanaqqala  döyüşü zamanı 40 minlik əsgərin qarşısında dediyi “Mən sizə hücuma keçməyi deyil, ölməyi əmr edirəm!” əmri ilə ruhlanıb şərəfli ölümü seçən əsgərlərin davamçıları idilər. Baxmayaraq ki, patron qıtlığı yaranmışdı, Osmanlıların silahları da ingilislərin və fransızların silahından  zəif idi. “Martin” tüfəngləri çağmağı çəkmirdi, patronlar tüfəngin lüləsində ilişib qalırdı, döyüşdə yalnız süngü kara gəlirdi. Ancaq düşməni dəf edirdilər.

Orxan bu günü heç vaxt unutmayacaqdı. Döyüşə qəfildən və həm də ehtiyatla hazırlaşırdılar. Döyüş şəraitindəki çətinliklərə baxmayaraq, abdəst alıb, birlikdə namaz qıldılar. Sonra da süngülü  tüfənglərini də götürüb sakitcə, atəş açmadan  “Urra”- deyərək sıraya düzüldülər. Onların hər biri öz ailələri üçün, zəfər üçün ölməyə hazır idilər. Təki düşməndən vətəni qorunsunlar!

Həmin döyüşdə  hər kəsin sevimlisi, orduya könüllü gələn, Osmanlı Ordusunun sıravi əsgərlərinin komandiri yayabaşı Əhməd müəllim də həlak oldu. Əhməd də  bir çoxları kimi qəzetlərdəki yazıları oxuyub, ordunun apardığı döyüşü qəhvəxanalarda oturub müazakirə edənlər kimi, müharibəni lap uzaqlardan izləyib, İstanbulda qala bilərdi. Yalandan şüarçılıq edib, özünü ura-partriot kimi  göstərə bilərdi. Lakin kimin ki alnına əsgər kimi döyüşmək yazılıbsa, deməli o mütləq döyüşməlidir.  Müəllim isə belə fikirləşmirdi. O inanırdı ki, hər bir türk kişisi  ön cəbhədə olmalıdır, belə olmasa, Osmanlı İmperiyası çökərdi. Ondan döyüşə niyə gəldiyini soruşanda belə deyirdi:

-Əgər 15 yaşındakı gənc oğlanlar belə əlinə silah götürüb döyüşə yollanırdısa, gənc kursantlar əllərində tüfəng, çiyinlərində ağır yük çantası ilə  küçələrdən döyüş marşının sədaları altında addımlayaraq keçirlərsə, mən evdə otura bilərdimmi?  Mən müəlliməm, aləmə və insalara dərs keçməliyəm, qan tökməməliyəm. Lakin söhbət vətəni qorumaqdan gedəndə, vətən təhlükədə olanda, mən həm də kişiyəm, həm də əsgərəm, ona görə də belə hesab etdim ki, ön sırada olmalıyam.

Əhməd müəllimin bu hərəkətini əvvəlcə yanlış addım anlayanlar da, sonralar onun fikirləri ilə razılaşırdılar. Bu əsgərlərin çoxsu o qədər kasıb ailələrdən çıxmışdılar ki, əsil çəkməni və fabrikdə tikilən formanı ilk dəfə idi görür və geyinirdilər. Rotada yazıb oxuya bilən, savadı olan təkcə Orxan idi. Dəyirmançı atası onu kəndə gələn  krım- noqay mühacirlərinin nəslindən olan müəllimin yanına təhsil almaq üçün qoymuşdu. Savadına, təhsilinə görə də onu rotada yayabaşı1 təyin etmişdilər.

(1 -Yayabaşı 101 nəfərlik süvari dəstəsinin komandiridir).

Rota komandiri kimi Əhməd müəllimin savadlı olması da əsgərlərin ürəyincə idi. Bunun da bir çox özəl səbəbi var idi. O digər yayabaşılardan fərqli olaraq, heç kimin üstünə qışqırmır, çox danlamır və əsgərə tabe olmağı əmr etmirdi.  Özü də əsgərlərlə eyni qazandan yeyirdi.

Yayabaşı əsgərlərinə qədim türk sərkərdələrindən, qəhrəman döyüşçülərdən , türlərin döyüş tarixindən maraqlı hadisələr də danışırdı. Deyirdi ki, Asiyadan gələn o döyüşçü dədələr də bu torpaqlarda vuruşublar, bir çox xalqlara qalib gəliblər. Avropanı lərzəyə salan hərb qoşunlarının “Urra” hayqırtısını da ilk dəfə o dədələr gətiriblər. İndi həmin qüdrətli sərkərdələrin, döyüşçülərin bu torpaqlara gətirdikləri ənənələri dirçəltməyin vaxtıdır. Heç bir məktəbə getməyən, orman, torpaq, mal-qara bəsləməkdən başqa bir məşğuliyyətləri olmayan  əsgərlər onu çox böyük həvəslə dinləyirdilər, onun danışdığı qəhrəmanlıq hadisələrini  kənd toylarında aşıqların toy mağarında meydan sulayıb gecələr danışdığı qəhrəmanlıq dastanlarına bənzədirdilər. Yayabaşının  hər sözünə inanırdılar, Mərkəzi Asiyadan gəlib dünyanın yarısını fəth edən qəhrəman döyüşçülərin obrazlarını gözləri önündə təsəvvür etməyə çalışırdılar.

Döyüşün elə ilk günündə yayabaşı ən birinci həlak oldu. Bir çox dəstə başçılardan, komandir və zabitlərdən fərqli olaraq, öz əsgərlərinin önündə getməyə üstünlük verdi. Komandirlərinin həlak olduğunu görən əsgərlər vəhşi şirə döndülər. Onlar “İrəli!”, “Qisas” hayqırtısı ilə, sanki bir lənət oxuyurmuş kimi bir güllə belə atmadan ingilislərin mövqelərinə hücum çəkdilər və əlbəyaxa döyüşə girdilər.

Qəzəblənmiş əsgərlər ingilisləri, qoyun sürüsünə hücum edib dişinə qan dəyən canavar qoyunları bir-bir boğub atdığı kimi, boğub - öldürüb atırdılar.  Müasir döyüş taktikası ilə döyüşən ingilislər belə hücum gözləmirdilər. Gözlərini qan tutmuş əsgələrin gözünə heç nə görünmürdü. Öldürülən hər bir türk əsgərinin əvəzinə düşmənin üçü-beş əsgəri meydanda qalırdı. İngilislər yalın əllə hücuma keçən əsgərlərin bu şücaətindən səksəkəyə düşmüşdülər. Əlini qaldırıb təslim olmaq istəyəni belə türklər bağışlamırdılar. Osmanlı əsgəri ilə qarşılaşan hər bir silahlı və silahsız yerindəcə öldürülürdü. İngilislər heç vaxt belə əsgər, belə döyüş görməmişdilər. Bu döyüşdə  hər yer qan içərisində idi, hər yerdə insan cəsədləri var idi. Yayabaşı həlak olandan sonra da onların batalyonu xeyli itki vermişdi, lakin əsgərlərin qisas hissi ilə etdikləri bu çevik və amansız hücumları nəticəsində Türkiyə Ordusu bütün cəbhə boyu düşmən səddini yarıb keçmişdi.

Bu döyüşdə Orxan onbaşı dərəcəsini aldı. Əskişəhər yaxınlığındakı kiçik bir kənddən olan adi oğlan birdən-birə komandir təyin olundu.

Bu, döyüçülərin uzun müddətdən bəri həsrətlə gözlədikləri qələbə idi. Böyük mülkləri üzərində günəşi heç vaxt batmayan İngiltərə İmperiyası üzərində ciddi qələbə idi.

Bu zəfər idi. Şərəfin təntənəsi və müharibənin bitməsinə ümid idi. Orxanın xidmət etdiyi batalyon indi İzzət Paşanın özünün komandanlığı altında 2-ci zəfər ordusu qarşısından keçirdi. Həmin gün qəhrəmanları Dəmir ulduz Ordeni ilə mükafatlandırdılar.

Orxan da həm onbaşı təyin olundu,  həm də  bu böyük və nüfuzlu  mükafata layiq görüldü.

Sevincinin və qürurunun həddi-hüdudu yox idi.  O, atasına bu xəbəri yazdı və dedi ki, müharibədən sonra  kənd meydanında ağacların kölgəsi altında çay içəndə həmkəndlilərinin qarşısında da öyünəcək.

Həmin gün Orxan öz döyüşçü dəstəsini yaxınlıqdakı kababxanaya gətirib, onları kababa qonaq elədi. Odruda təminat zəif idi. Onlara yarma və tərəvəzdən hazırlanmış şorba verirdilər. Çox nadir hallarda bu şorbaların içərisində ət tikələrinə rast gələrdin. Bu qonaqlıq əsgərlər üçün çox gözlənilməz bir  mükafat oldu, o kababın dadını və o möhtəşəm günü əsgərlər heç vaxt unutmadılar. Bununla belə Orxan və onun süvari dəstəsi üçün müharibə bitmədi. Arada yayılan xəbərlərə görə indi onlar Qafqaza tərəf irəliləməliydilər.

İngilislər və onlara müttəfiq qüvvələr  döyüşdə  ciddi məğlubiyyətə uğradıqlarından, İstanbula genişmiqyaslı hücum etmək fikrindən daşındılar. Qafqaz cəbhəsində isə vəziyyət tam başqa idi. Rusların hərbi gedişləri və yaxşı silah təminatı nəticəsində 3-cü Ordu ruslar tərəfindən saysız məğlubiyyətlərə uğramaqdaydı. Osmanlı Ordusu heç vaxt belə biabırçı vəziyyətə düşməmişdi.

Ruslar Ərzurumu və Trapezundu ələ keçirmişdilər. Çox sayda canlı itki var idi. Sarıqamış tərəfdə gedən döyüşlərdə isə  əsgərlər təkcə düşmən gülləsindən həlak olmurdular, onlar həm də dağlarda  soyuq və şaxtadan donaraq ölürdülər. Məsuliyyətsiz komandanlıq, zəif silah və yemək təminatı, səriştəsiz əsgərlərin irəli verilməsi ilə qazanılan böyük məğlubiyyətlər orduda ruh yüksəkliyini də öldürmüşdü. Orxana bunları təyinat yerinə çatanda danışdılar.

3-cü Ordunun  şəxsi heyyərində  heç bir ruh yüksəkliyindən danışmağa dəyməzdi.  Orxanın şücət göstərdiyi ilk batalyonda döyüşlər haqqında qürurla və loğvalanaraq danışırdılarsa, burada məğlubiyyətdən heç kim danışmaq istəmirdi.

Orxanın batalyonundakılara isə bu xəbərlər artıq gəlib çatmışdı. Lakin buna baxmayaraq onun dəstəsi  Qafqaz cəbhəsinəvüqarla və iftixarla  gəlmişdi. Çanaqqalanın  qəhrəmanları  indi  qarşı tərəfə əsil osmanlı şücaətini və qüdrətini göstərəcəkdilər.  Orxanın batalyonu  Ərzincana hamıdan əvvəl çatdı və müvəqqəti olaraq 3-cü Ordunun tərkibinə düşdü. Təbii ki, onların belə tez zamanda  3-cü Ordunun tərkibinə düşmələri bir çoxlarının ürəyincə olmayacaqdı, lakin  qolbaşı2  heç nə edə bilməzdi. Əmr yerinə yetirilməli idi. 

 (2- Osmanlı Ordusunda polkovnik)

3-cü Ordunun  ehtiyatı xeyli zəifləmişdi və alman hərbçi müşavirləri  belə  qərara gəldilər ki, onların mövqelərini 2-ci Ordunun yeni gələn hərbi hissələri ilə bərkidilsin.

Səhra şəraitində istəsən də, istəməzəsn də  digər hərbi hissələrin əsgərləri ilə üz-üzə gəlir, onlarla söhbət etməli olursan.  Bir-biri ilə rastlaşan əsgərlər burada da öz qohumlarını, yaxınlarını, həmyerlilərini axtarırdılar, bəziləri hətta qohumlarını da tapırdılar. Onların hamısını bir sual düşündürürdü: görəsən ön cəbhədə vəziyyət necədir? 

Orxan dərindən ah çəkdi,  döyüş dostları və rütbə yoldaşları ilə söhbətlərdən sonra bəzi məsələlərdən xəbərdar olduğundan, bilirdi ki, vəziyyət çox gərgindir. Bir-birinin ardınca  gələn məğlubiyyət xəbərləri, orduda intizamın olmaması və erməni fidailərinin xəyanətləri çox gərgin vəziyyət yaratmışdı.3-cü Ordunun döyüşçüləri axşam  yığışdıqları tonqalın ətrafında bu məsələləri müzakirə edirdilər. Deyirdilər ki, bir çox zabitləri, etnik erməniləri dezertir etmişdilər, bir çox erməni məmurlarının rus ordusuna işləməsi məlum olmuşdu. Rus ordusunun gəlişini dəstəkləyən erməni əhalisini xüsusi əmrlə Osmanlı İmperiyasının uzaq rayonlarına köçürmüşdülər. Erməniləri hamı satqın sayırdı. Müharibə heç kimi güzəştə getmirdi. Bir də görürdün ki, bütöv bir kəndi götürüb  Anadolunun  uzaq bir bölgəsinə, cəbhədən uzaq yerə köçürürlər. Hər tərəfdə müharibə gedir, bu qarışıqlıqdan yanındakı qocalar və uşaqları çıxart görüm necə çıxarırsan. Hələ bu başıpozuq erməni quldurlarıının qəfil həmləsindən isə heç qorunmaq olmurdu, onlar gecələr talançılıq edir, adam öldürür və qızları da oğurlayırdılar. Erməni kəndlərini köçürəndə isə, yerli erməni fədailəri qisas məqsədi ilə türk kəndlərinə basqın edirdilər. Bunu görən türk əsgərləri də ürəkləri soyusun deyə,  erməni basqınçılarının törətdikləri cinayətlərin əvəzini  günahsız, sadə ermənilərdən çıxırdılar. Yollar məzarlarla dolu idi. Ərzurumdan və Trapezundan məcburi köçürülən uşaqlar və qocalar   yolun çətinliyinə dözməyib ölürdülər.

-Müharibədən hamı əziyyət çəkir, tökülən hər bir adamın qanı nifrətə çevrilirdi. Komandanlıq erməniləri bəlkə köçürməyə də bilərdi, bəs yaxşı, rus silahı ilə silahlanıb türk əsgərlərinə saldıran erməni fədailəri ilə necə mübarizə aparsınlar? İmperiyalar döyüşür, insanlar əziyyət çəkir, deyərək,  -  vəziyyəti  Orxana danışan əsgər fikrini yekunlaşdırdı.

Əmrə əsasən Orxanın batalyonunu  Ərzincandan Bayburt rayonunda qala kimi yer olan  qayalıqların üstündəki mövqelərə atdılar. Buradakı yüksəklikdə olan mövqeləri qorumaq lazım idi. Alman hərbi müşavirlər deyirdilər ki, buralar strateji yüksəklikdir.

Orxanın tabeliyində olan üstü-başı çirkli və ac əsgərlər bu qalanın başına daşlı yollarla elə sevinclə çıxırdılar ki. Çünki demişdilər ki, buradakı hərbi hissələrdə onların təminatı nisbətən yaxşı olmalıdır.

3- cü Ordunun komandanlığı tərəfindən  qolbaşı Erkan bəyə daim qaşqabağı yerlə gedən və dinməz-danışmaz yüzbaşı Karapet əfəndi təqdim olundu.    

 

O, komandanlıqda hazırlıqlı və əsgərlərlə çox kobud davranan birisi idi. Bu komandir Orxanın yaddaşında sərt üzü ilə qaldı. Bir dəfə Orxan əlindəki binoklla qarşıdakı  rus mövqelərini izləyən komandiyüzbaşı Karapetə yaxınlaşıb sual vermək istəmişdi:

-Cənab yüzbaşı, icazə verin müraciət edim!

Yüzbaşı hirsli şəkildə başını yana çevirib ona baxdı və hündürdən dedi:

-Buyur, de görüm nə istəyirsən?

-Çanaqqalada bizi öyrədirdilər ki, əvvəlcə  döyüş mövqeyində qarşı tərəfdəki düşməninin kim olduğunu bilməlisən. İcazə verin , soruşum ki, bizim hərbi hissə ilə üzbəüz dayanan kimdir?

Karapetin bir az qaşqabağı açıldı və zəhmli şəkildə dedi:

-Nədir əsgər, tez ölmək istəyirsən? Bura sənin üçün nazlı ingilislərlə dolmuş Çanaqqala deyil, burada bizimlə üzbəüz dayanan düşmənimiz güclü və təkəbbürlüdür! Qarşımızda 2-ci Türküstan korpusu yerləşir. Bilirsən onlar kimdir? Onlar Mərkəzi Asiyanı fəth eləyənlərdirlər. Onlar Ərzurumdan Trapezunda kimi qələbə ilə gəliblər və indi də Ərzincanda mövqe tutublar.

-Minnətdaram, yüzbaşı əfəndi!- deyərək, Orxan ona əsgəri təzim etdi.

O bir kənara çəkilərək, özlüyündə düşündü ki, belə sərt bir komandirin yəqin ki, düşməni  “möhkəm” adlandırmağı əbəs deyil. Yəqin buradakı döyüşlər, Çanaqqaladakından da ağır olacaq. Kaş ki, hamımız evimizə sağ-qalamat, sinəmizdə orden və medallarla qayıdaq, evlənək, sonra da kənddə hamının hörmətlisi olaq.

-Əsgər nə yaman düşüncələrə dalmısan,- deyə birdən yüzbaşı Karapet ondan soruşdu.

Orxan yenə yüzbaşıya təzim edib dedi:

-Üzr istəyirəm, yuzbaşı əfəndi, evimizi, ailəmizi düşünürdüm...

-Qəhrəman olmaq istəmirsən? Qəhrəman kimi ölmək istəmirsən?- deyə yüzbaşı istehza ilə soruşdu.

-Bilmirəm,- deyərək, Orxan özünü itirdi. İlk dəfə idi ki, ondan ölüm haqqında soruşurdular.  Müstəqil əsgərlər adətən belə söhbətlərdən qaçırdılar. Ölümü çağırsan, ö özü gəlirmi ki?

-Yəqin ki, şəhid olub, qəhrəman kimi ölməyi istəyərsən. Qafqaz cəbhəsində heç nədən ölürlər, bəzən adamın heç nəşin də, sümüklərini də tapmırlar, öləni basdıran da olmur,-  deyərək Karapet yenə ona yenə istehza ilə baxdı.

-Cənab yüzbaşı, siz naçar bir əsgərlə niyə belə davranırsınız ki? – deyə Orxan ondan soruşdu.

Orxan  həqiqətən də  komandirin onunla  birdən-birə nədən belə davranmasına məəttəl qalmışdı.

-Xoşuma gəlmirsən mənim,- deyərək Karapet çox sakit  tərzdə ona cavab verdi, -çox təkəbbürlüsən, ona görə sənə hörmətim yoxdur. Heyif ki, bu alman hərbi müşavirləri əsgərlərin döyülməsini qadağan ediblər. Yoxsa ki, səni komandir dəyənəyi ilə nə döyərdim...

Orxan dayandığı yerdə donub qaldı. Görəsən yüzbaşının nəyə görə onu görməyə gözü yox idi?  Əsgərin ən pis günü onda başlayır ki, komandirin gözündən düşür. Gərək komandirlə aradakı ünsiyəti  yaxşı  qurasan, tabe olasan, xidmətində durasan. Belə olarsa, evə məzuniyyət almaq olur.

Orxan əlini alnına aparıb, ayaqlarını qoşaladı və komandirin qarşısında qamətini düzəldib üzr istədi, lakin onun bu üzr istəməsi də komandirə təsir etmədi.

-Bu gün gecə növbəsində  karaulda keşik çəkəcəksən, rədd ol gözümün qabağından, -deyib zabit Karapet onu qovdu.

Orxan yenə onun qarşısında hərbi təzim edib, otaqdan çıxmaq üçün izn istədi.  Və tələsik otağı tərk etdi. Bir az da qalsaydı, bu komandir çox şeylər fikirləşəcəkdi.

Gecə qaraul dayanmaq sözün əsil mənasında ağır cəza deyildi. Səhərə qədər təmiz havada gəzirsən, sakitliyi dinləyirsən, qarovulçuları yoxlayırsan. Orxan adi bir dəyirmançının oğludur, hərbi xidmətə gəlmək onun ən böyük arzusu olub. Aylarla davam edən Çanaqqala uğrunda döyüşlər onun ömrünün ən gözəl səhifələri idi. İndi Bayburtdakı hərbi vəziyyət onu yaman darıxdırırdı. Hərdənbir haradansa atışma səsləri gələr, sonra da hər yerə sükut çökürdü. Belə təsəvvür yaranırdı ki, hər iki tərəf getdilər mövqelərində yatmağa. Ona görə də belə bir vəziyyətdə gecə növbəsinə çıxmaq onun üçün cəza deyil, əyləncə  və istirahət idi.

Amma o, hələ də Karapetin milliyyətcə erməni olduğunu bilmirdi...

Bir neçə gün keçəndən sonra, Orxan havadan hiss elədi ki, onlar hücuma hazırlaşırlar. Onun belə fikirləşməyə əlində xeyli sübutu var idi. Əvvəlcə piyada dəstələri gəldi, Erkan bəy də tez-tez qərargahda görünməyə başladı. Zabitlər daha tələbkar olmuşdular, hər işə bir mız qoyurdular. Gözlənilmədən əsgərlərin  ərzaq təminatı və yeməkləri də  yaxşılaşmışdı.  Əvəllər bir mərci şorbası və çörəklə kifayətlənirdilərsə, indi mərcinin içərisində quyruqlu ət də olurdu. Çörəyin yanında pendir də verirdilər. Qarnı tox əsgərin, döyüşməyə də gücü olur. Yarıac əsgər isə, elə səngərdə oturub qalacaq.

İyunun 20-də qara qulaqadlandırılan Osmanlı ordusunun generalının elçi adyutantıErkan  bəyə bir məktub gətirib tez də geri qayıtdı. 

Hərbi hissədə  yaxın günlərdə cəbhədə mühüm hadisələrin olacağı bardə söz-söhbətlər dolaşırdı.

(DAVAMI VAR)

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.