Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Qədim türk diyarı, "Bilqamıs" dastanında adı keçən Adanada beynəlxalq poeziya bayramı təntənəli şəkildə qeyd olunub. Dünya şairlərinin Adanada bir araya gələrək şeir gününü qeyd etməsi mədəniyyətin bütün dəyərlər üzərində qələbəsini bir daha bəyan edib.
Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli də 20 - 21 mart tarixində Adanada Çukurova Universitetində keçirilən Dünya Şeir Günününə həsr edilmiş 1-ci Uluslararası Çukurova Şeir Günləri tədbirində
iştirak edib. Elə tədbir barədə bilgiləri də Təranə xanımdan aldıq.
Tədbirin açılışında çıxış edən Fən Ədəbiyyat fakültəsinin dekan müavini Dos. Dr. Bilge Karqagöllü şeirin mədəniyyətləri birləşdirən qüvvə olduğunu vurğulayıb. Çukurova universitetində birincisi gerçəkləşdirilən Dünya Şeir Günlərinin şeir dolu könülləri bir araya gətirdiyini, milli ədəbiyyata, universitetin həyatına, tələbələrin mənəvi tərbiyəsinə ciddi təsiri olacağını qeyd edib. Dos. Dr. Bilge Karqagöllü tədbirdə iştirak edən şairləri, ədəbiyyatşünas alimləri və şeirsevərləri Dünya Şeir Günü münasibətilə təbrik edib.
Adana Böyükşəhər Bələdiyyəsi, Çukurova Universiteti və Altın Kozanın əməkdaşlığı ilə bu il ilk dəfə təşkil edilən “Uluslararası Çukurova Şeir Günləri” tədbirində Quzey Kıbrıs Türk Cümhuriyyətinin Mədəniyyət İdarəsinin müdiri, şair Şirin Zaferyıldızı Zaimağaoğlu çıxış edərək şeirin "qəlbləri yaxşılaşdıran və birləşdirən" güc olduğunu diqqətə çatdırıb. O, “Şeir kimi dünya yaratmaq ümidimizin azaldığı bu günlərdə şeir kimi olun, övladlarınızı şeirlə böyüdün, şeirsiz qalmayın” səslənişi ilə salona müraciət edib və öz şeirlərini oxuyub.
Fən Ədəbiyyat Fakültəsinin Dekanı Prof. Dr. Faruk Karadağ ixrisasca fizik olmasına baxmayaraq şeirə sevgisi, söz sənətinə qarşı həssaslığı, eləcə də ədəbiyyatçı kimi mükəmməl nitqi ilə tədbir iştirakçılarında xüsusi rəğbət doğurub. Fakültə dekanı bu kimi ədəbi tədbirlərin tələbə gənclərin yaddaşında dərin iz buraxacağını, universitetin elmi və ədəbi mədəni həyatına töhfələr verəcəyini qeyd edib.
1-ci Uluslararası Çukurova Şeir Günlərinin 20 Mart Cümə axşamı günü Çukurova Universiteti Konqres Mərkəzində başlayan ilk tədbirində Aşıq Veysələ həsr olunmuş elmi məruzələr dinlənilib, musiqi əsərləri səslənib, xalq sənəti örnəkləri sərgilənib. Eləcə də müxtəlif ölkələrdən tədbirə dəvət edilən şairlərin əsərlərindən ibarət stendlər hazırlanıb, onlar öz stendlərində oxucular üçün kitablarını imzalayıblar.
1-ci Uluslararası Çukurova Şeir Günlərinin lk günü bütünlükdə xalq şeirinə həsr edilib. İkinci günündə isə Çukurova Universiteti Mithat Özsan Amfiteatrında 21 Mart Dünya Şeir Günündə ənənəvi və müasir poeziya nümayiş olunub. Müxtəlif ölkələrdən alimlərin, şairlərin, aşıqların iştirak etdiyi 1-ci Uluslararası Çukurova Şeir Günləri tədbirində 21 Mart Dünya Poeziya Günü münasibətilə təşkil edilən "Ənənəvi və müasir şeir" başlığı altında keçirilən şeir günlərində şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Təranə Turan Rəhimli çıxış edib və şeirlərini oxuyub. O, nitqində qeyd edib: "Gözəllik dünyanı xilas edəcək deyimi var. Mənə görə ən ali gözəllik şeirdir, çünki o insan qəlbinə və ruhuna dərindən təsir edə bilir, könlümüzün ən zərif tellərinə toxunur, şüurları təzələyir. Buna görə də dünyanı şeir xilas edəcək. Ədəbi dostluqlar xalqların dostliğunu möhkəmləndirərək bəşəriyyəti sülh yoluna çıxaracaq. Şeir məhz belə bir gücə malikdir."
Təranə Turan Rəhimlinin 44 günlük Vətən müharibəsinin yaşatdığı zəfər həyəcanı ilə yazdığı, eləcə də türkçüıük, turançılıq mövzusunda qələmə aldığı şeirləri dinləyicilərin sevgi və rəğbəti ilə qarşılanıb. Əsrin faciəsi sayılan, Türkiyədə şəhərləri viran qoyan 6 fevral zəlzələsi ilə bağlı
"Bu gün onuncu gündür" şeirinin hüzn, kədər dolu misraları isə iki xalqın xeyirdə, şərdə birliyinin, Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi kimi dərin duyğular yaşadıb. Türkiyəli şair və araşdırmaçı, Prof. Dr. Metin Turan "Günümüzdə Anadolu xalq şeiri" mövzusunda məruzəsi, ədəbi söhbətləri və şeirləri ilə tədbirə xüsusi rəng qatıb.
Prof.Dr. Salahaddin Bekki, Prof.Dr.Refiye Okuşluk Şenesen, Dos.Dr. Esra Tarhan, Dos.Dr. İsmail Şenesen, Dos.Dr. Ayhan Karakaş, Dr.Zekiye Çağımlar "Aşıq şeiri ənənınin izində" adlı paneldə maraqlı elmi mərizələrlə çıxış ediblər. Aşıq Mədəni Karataş və Ozan Dertli Polatın deyişmələri salonun gur alqışları ilə qarşılanıb. Aşıq Veysəlin sazını səhnəyə gətirib həmin sazı sevgi və sənət məsuliyyəti ilə dilə gətirən, ifasıyla əlindəki müqəddəs əmanətin haqqını verən Şentürk İyidoğan iştirakçıları heyran edib.
Şair və tərcüməçi Aytekin Karacaçoban bir-birindən dərin fəlsəfi anlamlı şeirləri və fransız dilindən bədii tərcümələri ilə iştirakçıların diqqətini cəlb edib. Fransız şairləri və tərcüməçiləri Sylvain Cavailies, Claire Lajus həm fransızca, həm də türkcə şeirlərini səsləndiriblər. İstanbul Universitetinin müəllimi olan Claire Lajus araşdırmaları və pedaqoji fəaliyyəti ilə türk gəncliyinin həyatına təsirini, Sylvian Cavailies isə tərcümələriylə Türkiyə əsəbi həyatına qatqılarını nəzərə çatdırıb. Hər iki fransız şairin türkcə təmiz, aydın nitqi xüsusi rəğbətlə qarşılanıb.
Tanınmış şairlər Nisa Leyla, Demet Duyuler, Taner Cindoruk, Haydar Ünal, Bilge Karqa, Seval Arslan, Duran Aydın, Bahar Faris, Ayfer Karakaş, İlhan Kemal, M.Demirel Bahacanoğlu, Mustafa Özke, Durmuş Ali Özkale, Neslihan Dağlı, Ruhan Mavruk, Hülya Başak Ekmekçi şeirlərini oxuyublar.
Tədbirin sonunda iştirakçılara plaketlər və təşəkkürnamələr təqdim edilib.
Tədbir çərçivəsində Çukurova Universiteti şəhərciyini gəzən, Seyhan su hövzəsinin əsrarəngiz mənzərəsinə heyran qalan iştirakçılar Fən Ədəbiyyat Fakültəsini də ziyarət ediblər. Prof. Dr. Bedri Aydoğan, Prof. Dr. Ayşehan Deniz Abığa, universitetin İnzibati İşlər Müdiri Demet Duyuler zəngin kitabxanası ilə diqqəti çəkən, qədim milli əşyaları ilə muzeyi xatırladan otaqlarında şairləri qonaq ediblər.
Poeziya günləri qapanış ziyafəti və şəhər gəzintisi ilə başa çatıb. Adanada gerçəkləşən, öz işini uğurla başa çatdıran 1-ci Uluslararası Çukurova Şeir Günləri iştirakçıların yaddaşında dərin iz buraxıb.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)