Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və İncəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.
Bu dəfə sizləri qırğız şairi, tərcüməçisi, müəllimi Altınbek İsmailin yaradıcılığı ilə tanış edəcəyik.
Təqdim edir: Joldıbek Kaçkunbayev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi
Altınbek İSMAİL 1982-ci ildə Oş bölgəsinin Köldük kəndində doğulub. 2005-ci ildə MANAS Universitetinin Türkologiya fakultəsini bitirib. Türk ədəbiyyatı və şeiri, özəlliklə təsəvvüf şairləri və şeirləri üzrə mütəxəssis olan şair, Yunus Əmrənin, Mövlananın, Bəxtiyar Vahabzadənin əsərlərindən örnəkləri qırğızcaya çevirərək, yayımlayıb. 2005-ci ildə DGTYB-nin təmsilçisi seçilib. 2006-cı ildə isə Qırğız Respublikası Milli Yazıçılar Birliyinə üzv qəbul edilib. Hazırda MANAS Universitetində çalışır. Şairin “Daş güzgü” şeirlər kitabı 2008-ci ildə ilk dəfə, 2009-cu ildə isə təkrar nəşr edilib.
Şeirləri qırğız dilindən Azərbaycan dilinə çevirən İbrahim İlyaslıdır.
İÇİMDƏKİ ADAM
Nədənsə qorxulu tər basır məni,
Qorxular yığılıb, tərs asır məni;
Boşluq zəmisinə yıxılır zaman, –
Mən şeir yazıram... şeir yazır məni.
Arzular puç oldu, sındı qanadım,
Gün döydü, odunda kəmiyim yandı;
Boylanıb göyüzlü aynalara mən,
Bir xeyli özümün seyrinə daldım...
Köksümü qovurdu qəlbin atəşi,
yandı budaqlarım, yaşıl yarpağım;
Qəlbimin oduna su səpsin barı, -
bir soyuq daş tapıb, hey qucaqladım...
Sümürüb cismimin alovlarını,
bir qüvvə o daşa çəkib ötürdü.
Od tutan canımı heç bilmirəm kim,
bir uçrum başına dartıb gətirdi...
Dinləyib rüzgarın xoş avazını,
Mən şeirə sarıldım, tək-tənha qaldım.
Əslimi bulmadım Yer üzündə mən,
Dolandım dünyanı, xəyala daldım.
Gecəm gündüz oldu, gündüzüm gecə,
Günəş hardan çıxdı, hayanda batdı?..
İlk dəfə özümü gördüm, onda da,
Gördüm ki, bir kölgə ardınca çatdı...
Ciyərim od tutdu... su içirmədi,
İçimdəki yanğı heç kiçilmədi;
Gördüm, nə divanlar tuturmuş mənə
İçimdəki adam – öz içimdəki..!
Qabaran dəniztək hey dalğalandım,
Duydum: güzgüdəki adam nə çəkir...
Bilənlər bilir ki, mən ömrüm boyu,
Özümdən qorxmuşam, öz içimdəki...
EŞQ ELANI
Köhnə yatağından çağlayıb-daşan
Bir düşüncə məni özümdən aldı.
Sözləri qış kimi bir şeir yazdım,
O bir gənc qızaydı... – xatirə qalsın.
Gözləri önündə kinolent kimi
Canlandı olaylar oxuyanların...
Qısqanclıq duyunca, qaldı yarısı,
Gəldim evdəkinə oxuyum barı...
Xanımım hirslənib çıxdı özündən, –
Savaşdıq, danışdıq dan ağarınca...
“Kimə vurulmusan?” sorğu-sualı
Uzandı, uzandı, ta usanınca...
Doğrusu, nə deyim, aldadıb onu,
Gerçəyi desəm də, o inanmamış.
Axır ki, yorulub cəngi-cidaldan,
Yatdı axşamadək Allah saxlamış.
Anlam verməyib də, sözün məğzinə,
Düşünüb, burda yad ünvan tapacaq.
Subay vaxtımızı xatırlayıb da,
Mən ona yazmışıdım bu şeiri ancaq...
QIRĞIZISTAN
Kim dünyadan dövlət umar, çox-azdan,
Kim baxt umar göydə Aydan, ulduzdan.
Özgələri bilməm, ancaq mənimçün,
Qırğızıstan dövlət-vardı, ad-sandı!
Əsil dünya nə minnətdə, nə haqda...
İnsanlar var – saf əməldən uzaqda;
Özgələri bilməm, ancaq mənimçün,
Qırğızıstan namus, həm də vicdandı!
Özü üçün şöhrət gəzən, taxt quran,
Şahlar gördük, yıxıldı da o taxtdan;
Özgələri bilməm, ancaq mənimçün,
Qırğızıstan uca durur səmadan!
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)