Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Osmanlı tarixində sərt qaydaları və dəmir iradəsi ilə tanınan Sultan IV Murad 1623-cü ildə - cəmi 11 yaşında taxta çıxmış və qısa, lakin təsirli hakimiyyəti dövründə imperiyanı yenidən gücləndirmişdir. Onun adı qanun-qaydanı bərpa etməsi, içki və tütün qadağaları, eləcə də Bağdad səfəri ilə tarixə həkk olunub.
IV Muradın taxta çıxdığı illər Osmanlı tarixinin ən çətin dövrlərindən biri idi. Sarayda qətllər, xəzinənin tükənməsi və anarxiya hökm sürürdü. Dövlətin faktiki idarəsi əvvəlcə anası Kösem Sultan və vəzirlər heyətinin əlində idi. Lakin Murad böyüdükcə gücü ələ alaraq sərt idarə üsulu ilə ölkədə sabitliyi bərpa etdi.
Sultan IV Muradın hakimiyyətinin ən diqqətçəkən cəhətlərindən biri sərt qaydaları idi. O, dövlətin zəifləməsinin əsas səbəblərindən birinin tütün, içki və əxlaqsız həyat olduğunu düşünərək bu vərdişlərə qarşı sərt tədbirlər gördü. Axşamlar küçələrdə içki içən və ya tütün çəkənlərə qarşı ciddi cəzalar tətbiq etdi. Hətta bəzi rəvayətlərə görə, Murad bəzən gecələr paltarını dəyişib adi bir vətəndaş kimi şəhərdə gəzərək qaydaları pozanları öz gözləri ilə görürdü. Onun sərtliyi nəticəsində bir müddət paytaxtda asayiş tamamilə bərpa olundu.
IV Muradın ən böyük hərbi uğuru 1638-ci il Bağdad səfəri idi. O, uzun illər Səfəvilərin əlində olan Bağdadı almaq üçün böyük bir ordu topladı. Qışın sərt soyuğuna baxmayaraq, özü ön cəbhədə döyüşərək Osmanlı əsgərlərinə ruh verdi. Bağdad 40 günlük mühasirədən sonra Osmanlının əlinə keçdi. Bu qələbə Muradın həm sərkərdə, həm də döyüşçü kimi nə qədər güclü olduğunu göstərdi.
Sultan IV Murad cəmi 27 yaşında vəfat etdi. Bəzi mənbələr onun serroz xəstəliyindən öldüyünü desə də, digər mənbələr onun ölümünü saray içindəki zəhərlənmələrlə əlaqələndirir. Onun hakimiyyəti qısa sürsə də, Osmanlı dövlətinin zəifləməsinin qarşısını aldı və imperiyanı yenidən gücləndirdi.
Sultan IV Murad təkcə sərt hökmdar deyil, həm də musiqiyə, şeirə və sənətə marağı olan bir padşah idi. Əsərlərində “Muradi” təxəllüsündən istifadə edirdi.
O, Osmanlı tarixində qorxusuz döyüşçü, sərt qanunları olan padşah və nizam-intizamı sevən bir hökmdar kimi yadda qaldı. Əgər uzun müddət yaşasaydı, bəlkə də Osmanlı imperiyası daha uzun müddət gücünü qoruyub saxlaya bilərdi.
Sultan IV. Murad və qorxmaz gənc
Sultan IV Muradın adını eşidən hər kəs onun sərt qanunlarını, qorxmaz döyüşçü ruhunu və gecələr şəhəri təkbaşına gəzdiyini bilirdi. Bir gün o, yenə adi bir insan kimi paltarını dəyişib İstanbul küçələrinə çıxdı. Küçələr sakit idi, amma dar bir dalanda bir qrup adam pıçıltı ilə söhbət edirdi. Sultan səssizcə onlara yaxınlaşdı və qulaq verdi.
— Padşah çox sərtdir, bizə nəfəs almağa belə imkan vermir, — deyə biri dilləndi.
— Amma qorxuram, eşitmişəm ki, qanunu pozanları özü cəzalandırır, — digəri əlavə etdi.
Sultan Murad gülümsədi. İnsanların qorxduğunu bilirdi, amma o, ölkənin qayda-qanunla idarə olunmasını istəyirdi. Elə bu anda arxadan cəsarətli bir səs eşidildi:
— Padşah nə edirsə, xalq üçün edir! Osmanlı dövlətinin güclü olması üçün dəmir yumruq lazımdır!
Sultan Murad dönüb baxdı. Cavan bir oğlan idi. Gözü qətiyyətlə yanır, baxışları qorxu tanımırdı. Murad yaxınlaşdı və soruşdu:
— Sən niyə qorxmursan?
— Haqq olan yerdə qorxu olmaz! — oğlan inamla cavab verdi.
Sultan bir anlıq dayandı, sonra gülümsədi. Oğlanın çiyninə toxunub dedi:
— Sən qorxmazsan, cəsarətlisən. Sabah saraya gəl, səni görmək istəyirəm.
Ertəsi gün oğlan saraya getdi və Sultan Murad onu öz qvardiyasına qəbul etdi. O gündən sonra həmin gənc Osmanlının ən şücaətli əsgərlərindən birinə çevrildi. Murad isə bir daha anladı ki, xalq içində hələ də cəsarətli və sadiq insanlar var.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)