Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Nobel mükafatçısı, Türk alimi, Professor Dr. Aziz Sancara TÜRKSOY Daimi Şurasının Azərbaycanın Şuşa şəhərində keçirilmiş 40-cı iclasında qəbul etdiyi qərara əsasən “Türk Dünyası Mədəniyyət Elçisi” adı təqdim edildi.
TÜRKSOY-un rəsmi saytı xəbər verir ki, 2025-ci il yanvarın 19-da ABŞ-ın Şimali Karolina ştatında yerləşən Aziz&Gwen Sancar Fondundakı Sancar Mədəniyyət Mərkəzində keçirilən mərasimdə TÜRKSOY-un baş katibi Sultan Rayev xüsusi hazırlanmış Türk Dünyası Mədəniyyət Elçisi nişanının TÜRKSOY Daimi Şurasının üzvü olan nazirlərin yekdilliklə qəbul etdiyi qərara əsasən təqdim edildiyini bildirdi.
“Türk Dünyasının Qüruru və İlham Mənbəyi”
Baş katib Sultan Rayev mərasimdəki çıxışında Prof. Dr. Aziz Sancarın Türk Dünyasının qüruru və ilham mənbəyi olduğunu vurğulayaraq belə dedi:
“Hörmətli Aziz Sancar, siz yalnız bir alim deyilsiniz, həm də Türk Dünyasının ortaq şüurunu və elmi dahisini əks etdirən bir dəyərsiniz. Nobel mükafatı ilə bütün bəşəriyyətə töhfə verən işləriniz, elmi nailiyyətləriniz qədər Türk mədəniyyətinin dəyərlərini əks etdirən təvazökarlığınız və çalışqanlığınızla bəşəriyyət üçün nümunəvi bir simasınız. Kökünüzə bağlılığınız və dünyanın ən prestijli platformalarında qazandığınız uğurlar bizim üçün böyük motivasiya mənbəyidir. Bu ad, sizə bir təşəkkürdən daha artıq olaraq Türk Dünyasının minnətdarlığının ifadəsidir. TÜRKSOY üzvü ölkələr adından sizə bu adı təqdim etməkdən qürur duyuruq.”
TÜRKSOY-un Türk Dünyasındakı Rolu
Rayev TÜRKSOY-un Türk Dünyasının mədəni zənginliklərini qoruma və tanıtma missiyasını xüsusi vurğulayaraq qeyd etdi:
“TÜRKSOY, Türk Dünyasında qurulan ilk hökumətlərarası əməkdaşlıq təşkilatı olaraq 30 ildən çoxdur bu coğrafiyanın mədəni inteqrasiyası üçün önəmli vəzifələr yerinə yetirmişdir. Türk Dünyasının birliyi, qədim millətimizin ən vacib dayağıdır.”
Tədbirdə Emosional Anlar Yaşandı
TÜRKSOY-un tanıtım filmi ilə açılan tədbirdə moderatorluğu Aziz&Gwen Sancar Fondu İdarə Heyətinin sədri İsmayıl Arslan etdi. Tədbir Türkiyənin Vaşinqton səfirliyinin müşaviri Melih Seyfəttin Güngör, Sancar ailəsinin dostları, müxtəlif yaş qruplarından uşaqlar və universitet tələbələrinin daxil olduğu təxminən 150 dəvətlinin iştirakı ilə keçirildi.
Tədbirdən əvvəl Prof. Dr. Aziz Sancar, baş katib Sultan Rayev və heyəti Mərkəzin müxtəlif bölmələrinə gəzinti etdirərək gələcək layihələrlə bağlı məlumat verdi. Qonaqlar Sancar salona daxil olarkən onu alqışlarla qarşıladılar.
Türk Dünyası Mədəniyyət Elçisi Nişanı Təqdim Olundu
Türkiyə səfirliyinin müşaviri və TÜRKSOY-un baş katibi çıxış etdikdən sonra Türk Dünyası Mədəniyyət Elçisi nişanı, böyük alqışlarla Prof. Dr. Aziz Sancara təqdim olundu. Sancar bu ada görə böyük xoşbəxtlik duyduğunu ifadə edərək Türk Dünyasının potensialına diqqət çəkdi:
“Birlikdə hərəkət etmək və elmə daha çox əhəmiyyət vermək, Türk Dünyasını dünyanın ən güclü dövlətləri arasına çıxaracaq.”
Bu Mənim Xəyallarımdan Biri idi
Sancar, ona təqdim olunan “Türk Dünyası Mədəniyyət Elçisi” adını həyatının ən önəmli mükafatı kimi xarakterizə edərək qeyd etdi:
“Bu nişan mənim üçün bütün mükafatlardan daha qiymətlidir. Bu mənim xəyallarımdan biri idi. TÜRKSOY çox dəyərli bir qurumdur və bizi dünyada layiqincə təmsil edəcəyinə inanıram.”
Türk Dünyasında Birlik Şüuru
Aziz Sancar, Türk Dünyasında gördüyü birlik şüurunun möhkəm olduğunu vurğuladı:
“Türk Dünyası birliyini hər ziyarətimdə hiss etdim və bu mənim üçün böyük fəxrdir.”
Türk Dünyası Birliyini Əks etdirən Hədiyyələr
Tədbirin sonunda Sancara Türk Dünyasının zəngin mədəniyyətini əks etdirən hədiyyələr təqdim olundu. Hədiyyələr arasında Kazaxıstandan çapan, Qırğızıstandan qalpaq, Azərbaycandan Qarabağ zəfərini simvolizə edən xarı bülbül nişanı və daha bir neçə simvolik əşyalar yer aldı.
Türk Dünyası Kültür Elçisi Nişanı: Birliyin Simvolu
TÜRKSOY-un təqdim etdiyi nişan Türk Dünyasının birliyini və gələcəyini simvolizə edir. Nişan, mədəniyyət və tariximizin birləşdiyi möhtəşəm bir rəmz olaraq qəbul edilir.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)