Türk dünyası: 2025-ci ildə bizdən gözləntilər, bizim gözlədiklərimiz… Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Türk dünyası, geniş coğrafi sınırları, qədim mədəni irsi və zəngin tarixi ilə qlobal səhnədə özəl və önəmli mövqe tutur. 2025-ci il bu mirası gələcəyə daşımaq üçün yeni fürsətlər və çətinliklərlə dolu bir il olaraq qarşılanır. Bu gün Türk dünyası həm iç dayanışmanın gücləndirilməsi, həm də uluslararası arenada öz təsirini artırmaq baxımından yeni bir mərhələyə qədəm qoymaqdadır.

 

Bizdən gözləntilər

 

Türk dünyasına olan gözləntilər çoxşaxəlidir. Bura mədəniyyətin qorunması və təşviqi, iqtisadi işbirliyinin artırılması və siyasi dayanışma daxildir. Qlobal miqyasda gözləntilərdən biri Türk dünyasının iqlim dəyişikliyi, texnoloji devrim və sosial problemlər kimi çağırışlarda daha aktiv rol almasıdır.

 

Mədəniyyət və dil: 

UNESCO-nun qərarlarına əsaslanan milli dillərin qorunması, türk mədəniyyətinin birgə festival və layihələr vasitəsilə tanıdılması əsas görəvlərdən biridir. Bizdən gözlənilən bu irsi itirməmək, əksinə onu bəşəriyyətin sərvətinə çevirməkdir;

 

Texnoloji inkişaf: 

Türk dövlətləri birgə texnoparklar qurmaqla süni intellekt, bioinformatika və enerji sahələrində işbirliyini artırmalıdır. Dünya bizdən innovasiya və yaradıcılıq baxımından örnəklər gözləyir;

 

Geosiyasi inteqrasiya: 

Türk dünyasının Avrasiya məkanında güclü işbirliyi modeli formalaşdırması, iqtisadi inteqrasiyanı dərinləşdirməsi və yeni daşımaçılıq yolları ilə ticarət həcmini artırması uluslararası ictimaiyyətin diqqət mərkəzindədir.

 

Bizim gözlədiklərimiz

 

Türk dünyası da dünya ictimaiyyətindən qarşılıqlı sayğı və ədalətli işbirliyi gözləyir. Əsas gözləntilər arasında qlobal qərarvermə sürəclərində daha ədalətli yanaşma və mədəniyyətlərarası dialoq dayanır.

 

Eım, təhsil: 

Türk dünyası gənc nəsillərinin uluslararası aləmdə rəqabətədavamlı olmasını təmin etmək üçün qlobal elmi işbirliyindən daha çox dəstək gözləyir. Ortaq universitetlər və təqaüd proqramları bu baxımdan vacibdir;

 

Sülh və təhlükəsizlik: 

Türk dövlətləri, özəlliklə də Güney Qafqaz və Türkistan (Orta Asiya) bölgələrində davamlı sülhün təmin olunması üçün uluslararası strukturlardan fəal dəstək gözləyir;

 

Qloballaşma və milli kimlik: 

Türk dünyası milli dəyərlərini qorumaqla qlobal proseslərə inteqrasiya etmək istəyir. Biz dünya ilə mübarizə deyil, işbirliyi istəyirik.

 

2025-ci ilin çağırışı: 

gələcək üçün strateji yanaşma

 

Bu il Türk dünyası üçün həm tarixi bir fürsət, həm də ciddi məsuliyyət ilidir. İkili münasibətlərdən çıxıb çoxşaxəli işbirliyi modellərinə keçmək, milli sınırları aşaraq “Türk ailəsi” - “Bizim evimiz” şüurunu qurmaq əsas hədəflərdən biridir. Bu yolda təkcə hökumətlər deyil, aydınlar, alimlər və hər bir fərd məsuliyyət daşıyır.

 

Türk dünyası ədalətli, rəqabətədavamlı və bəşəri dəyərlərə töhfə verən bir qüvvə olaraq həm gözləntiləri qarşılamağa, həm də öz ideallarını gerçəkləşdirməyə qadirdir. 2025-ci ilin Türk dünyası — öz köklərinə söykənən, amma üfüqü gələcəkdə - üfüqötəsində olan bir dünyadır.

BAYRAĞIMIZ UCA OLSUN!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.