Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Daşkənd Dövlət Transport Universitetinin birgə layihəsi ilə Azərbaycan və özbək xalqının böyük oğlu, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadəyə həsr edilmiş “Maqsud Şeyxzadənin ədəbi yaradıcılığı və müasirlik” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Mədəniyyət Mərkəzindən AzərTAC-a bildirilib ki, konfransda Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, ABŞ, Çin və digər ölkələrdən də alimlər iştirak ediblər.
Tədbir Daşkənd Dövlət Transport Universitetinin Maqsud Şeyxzadə adına konfrans zalında təşkil olunub. Bu ali məktəbin prorektoru dosent Dilşod Baratov Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olmasından bəhs edib. Belə bir tədbirin təşkili və Daşkənd Dövlət Transport Universiteti ilə daim həmkarlıq etdikləri üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz dərin minnətdarlığını bildirən prorektor konfrans iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Gülşən Kəngərli Maqsud Şeyxzadənin ədəbi irsinə Özbəkistanda xüsusi diqqət ayrılmasının onda böyük fəxarət hissi yaratdığını və iki qardaş xalq arasındakı ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində Şeyxzadə yaradıcılığının xüsusi rol oynadığını vurğulayıb.
Qazaxıstanlı alim professor Nurlan Minqibayev isə M.Şeyxzadə yaradıcılığının qazax ədəbiyyatında təsirlərindən söz açıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Azərbaycanın böyük oğlu Maqsud Şeyxzadənin özbək ədəbiyyatı və mədəniyyətində özünəməxsus yer tutduğunu qeyd edib. M.Şeyxzadə yaradıcılığının təkcə özbək ədəbiyyatına deyil, eləcə də özbək mədəniyyəti, incəsənətinin bütün sahələrinə təsir etməsindən danışıb.
Konfransda məruzə ilə çıxış edənlər ABŞ Hofstra Universitetinin professoru Elyar Kərimov (onlayn), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Ülvi (onlayn), Çinin Heyibey Universitetinin dosenti Jessi Liua, Kastamonu Universitetinin əməkdaşı dosent Murad Halmet (onlayn) Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin dosenti Aybibi İsgəndərova, Əməkdar jurnalist Flora Qumar və başqaları Maqsud Şeyxzadənin həyat və yaradıcılığından söz açıblar.
Elmi konfrans daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bədii hissə ilə davam edib.
Bədii hissənin təqdimatından əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Mərkəzin Maqsud Şeyxzadə yaradıcılığını hər zaman diqqətdə saxladığını, hər il onunla bağlı nəşrlərin, filmlərin, məqalə və televiziya verilişlərinin hazırlanması layihəsinə dəstək verildiyini, konfrans və seminarların keçirildiyini qeyd edib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistanın “Media Art” film kompaniyası tərəfindən hazırlanmış, şairə həsr edilən “Maqsud Şeyxzadə - İki xalqın oğlu” adlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, filmdə Azərbaycan və Özbəkistandan olan alimlərin, incəsənət və mədəniyyət xadimlərinin Maqsud Şeyxzadə yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.
Konfransın ədəbi-bədii hissəsində Daşkənd Dövlət Transport Universiteti tələbələrinin iştirakı ilə Maqsud Şeyxzadənin əsərlərindən ibarət şeir kompozisiyaları, tamaşa-səhnəciklər və Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupunun ifasında milli rəqslərimiz nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)