Pozitiv, xoştəbiət, xeyirxah, səmimi insan, əsl şair -Faiq BALABƏYLİ

Şəhla Qasımova, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün

 

Mən Azərbaycanı sevirəm... Onun dilini, musiqisini, ədəbiyyatını sevirəm... Səxavətli, əliaçıq, təmiz ürəkli dostlarlarımın yaşadığı bu gözəl ölkə üçün həmişə darıxıram... 

 

Burada mənim üçün doğma olan bir çox yaradıcı adam var, onlar mənim dostlarımdır. Bunlardan biri istedadlı jurnalist, yaradıcı şəxsiyyət, ruhun incə bilicisi, şair Faiq Balabəylidir. İndi onunla nə vaxt tanış olduğumuzu, ünsiyyət qurmağa başladığımızı xatırlaya bilmirəm. Bəlkə də 2013 və ya 2014-cü il idi... Yadıma düşmür... Ancaq mənə elə gəlir ki, onu bütün ömrüm boyu tanıyıram. Sadəcə onu xatırlayıram ki, ilk olaraq Facebook-da tanış olub ünsiyyətə başladıq. Onunla ünsiyyət qurmaq asan və xoş oldu. O, İlk söhbətdə bir jurnalist kimi internet qəzetdə dərc etmək üçün bir neçə suala cavab verməyimi təklif etdi. Mən Azərbaycan şair və yazıçılarının əsərlərini tərcümə etdiyimdən və bu tərcümələr Özbəkistanın qəzet və jurnallarında dərc olunduğundan, həmən razılaşdım. Təbii ki, müsahibə sualları ədəbiyyatla bağlı idi. Söhbət çox səmimi alındı. Onunla dostluğumuz belə başladı... 

 

Faiq həmişə mənə bacı deyir, mən də ona qardaş deyirəm. Bəzən uca və təntənəli səslə deyir, əziz bacım, sən mənim başımın tacı! Bu mənim üçün çox xoşdur. Bir dəfə mənə mesaj yazdı, “bibisi” deyə müraciət etdi: Əgər sən mənim bacımsansa, demək övladlarım üçün də bibi olacaqsan. Bəs mən sənin övladların üçün kim olacağam? 

Ona yazdım ki, sən onlar üçün dayısan. İndi biz bir-birimizə elə belə də müraciət edirik, o bibisi, mən isə dayısı, deyirəm. Həm də bu yazışmada düşündüm ki, Faiq bu yolla Azərbaycan dilini nə qədər yaxşı bildiyimi və müəyyən qohumların adını necə başa düşdüyümü yoxladı. Dedi, afərin! Hiss etdim ki, o, ürəkdən sevindi. Qeyd etdiyim ki, elə o vaxtdan bəri ona "dayısı" deyirəm, Faiq isə mənə "bibisi" deyə  müraciət edir. Hətta telefonuma da onun adını "Faiq Dayısı" deyə yazmışam.

Ailəsini tanıyıram. Çox qayğıkeş, təvazökar, nəzakətli insanlardı... Evində də qonaq olmuşam. Həmin gün onun evində bir gülməli epizod yaddaşımda həkk olundu. Onun həyat yoldaşı, gözəl, qonaqpərvər və bacarıqlı ev sahibəsi Kəmalə xanım Azərbaycan yeməklərindən plov, dolma, dovğa hazırlamışdı. Gülərüzlü bu gözəl xanım bizi mehribanlıqla qarşıladı. Faiq bəyin oğlu Turalla, gəlini ilə tanış etdi (qızı Aytəkin evdə deyildi, universitetdə dərsdə idi), sonra qonaqları masaya dəvət elədi, boşqablara yemək qoymağa başladı. Stəkanlarda dovga gətirdilər. Boşqabımın içinə plov qoydu. Plov özbək plovundan fərqli idi, qeyri-adi dadı da çox xoş idi. Bu yeməyi çox bəyəndim. Plovu yedim, təriflədim və ev sahiblərinə təşəkkür etdim. Sonra dolmanı boşqabıma qoydu. Dolma çox dadlı idi, amma artıq çətinliklə, zorla yeyirdim. Çünki hər dəfə mənim qonaqpərvər qardaşım boşqabıma çoxlu yemək qoyurdi. Ancaq istəmədim ki, boşqabda yemək qalsin, çünki düşündüm ki, sona qədər yeməsəm, hörmətsizlik olar, utandım. Faiq boşqabımın boş olduğunu görüb yenə eyni miqdarda dolmanı boşqabıma qoydu. Donub qaldım, daha heç nə yeyə bilmirdim axı. Ona dedim, qardaş, mən daha yeyə bilmərəm. Onun üzünü görsəydiniz... Mənə çox ciddi baxdı və dedi:  

- Qız! Ye daaa!!!

Deyəsən, qardaşım boşqabımda yemək qalmadığına görə bacısı çox ac olduğunu düşünüb... 

Hələ də təbəssümlə xatırlayıram...

Mən dəfələrlə Bakıda olmuşam. Faiq hər dəfə mənimlə görüşməyə, heç olmasa bir neçə dəqiqə danışmağa tələsir. Həmişə hədiyyələrlə gəlir. Mən də ona milli bir şey gətirməyə çalışıram.

Təəssüf ki, insanın həyatı yalnız sevincli hadisələrdən, xoşbəxt günlərdən ibarət olmur. Faiqin həyatı da istisna deyil. O, həyatında çox çətinliklər yaşadı. Ancaq düşünürəm ki, bunların arasında ən ciddisi ürək əməliyyatıdır. Biz onun üçün çox narahat idik. Dua edirdik. Bacardığımız qədər onu dəstəkləyirdik. O günlərdə onun bir neçə şeirini rus dilinə tərcümə etdim. Allaha şükür, əməliyyat uğurlu oldu. İndi gözəl nəvələrin,- Dənizin, Aylinin, Fatehin, adaşı Faiqin sevimli babasıdır, yorğunluğu bilmir, yazır, yaradır. 

Dənizin iki yaşı tamam olanda onun adına bir şeir kitabı dərc etdirdi. Kitaba Faiqin baba olmaq sevincinə qatılan qələm dostlarının balaca Dənizə həsr etdiyi şerlər daxil idi və mənim də o kitabda şeirim var.

Onunla həmişə əlaqə saxlayırıq. Bir-birimizə tərcümə işlərində kömək edirik, bayram günlərində telefonla təbrik eləyirik.

Mənə elə gəlir ki, Faiq heç də uzaqda yaşamır, haradasa yaxınlıqdadır. Həm də mənə elə gəlir ki, o mənim sinif yoldaşım və ya institut yoldaşımdır. Niyə, deyirsiz? Çünki insan yalnız yaşıdları arasında özünü gənc, şən, qayğısız hiss edir. Elə mən də onunla danışanda özümü belə hiss edirəm. Onun şad səsi məni hər zaman ruhlandırır.

Bu il onun 60 yaşı tamam oldu! İnana bilmirəm! O, mənim üçün həmişə gəncdir. Çünki o, həmişə pozitivdir, böyük optimistdir, xoştəbiət, xeyirxah, səmimi insandır. Hələ də 60 yaşında olduğuna inanmıram, amma yubileyini sağlamlıqla qarşıladığına çox şadam. 

Sənə can sağlığı arzulayıram, əziz qardaşım. Özün dediyin kimi, çox yaşa, xoş yaşa! Ömrün boyu sənə uğurlar, gözəl ailənin sevgisi və dəstəyi həmrah olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.