Böyük Turanın əhəmiyyəti bir daha xatırlandı - REPORTAJ Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

“Türk Dünyasından Hekayələr” kitabının təqdimatında iştirak etdiyim gün məni dərin təəssüratlarla baş-başa qoydu. Bu kitab türk xalqlarının zəngin mədəniyyətini, bir-birindən maraqlı hekayələri bir araya gətirərək oxuculara, sanki, unudulmaz bir səyahət təqdim edir. Hekayələri Azərbaycan dilinə tərcümə edən Məleykə xanım Mirzəli bu işdə böyük əmək sərf edərək türk ədəbiyyatının səsi ilə bizi tanış etdi.

 

 

Təqdimatda çıxış edənlər arasında Məti Osmanoğlu və Yeganə İsmayılova da vardı. Hər ikisinin nitqində türk xalqlarının birliyi, ortaq tarixi və gələcəkdə bu birliyin daha da güclənməsi ilə bağlı fikirlər xüsusilə vurğulandı. Onların dilindən çıxan hər söz Böyük Turanın əhəmiyyətini bir daha xatırlatdı. Onlar türklərin birliyi, mədəni və tarixi yaxınlığı haqqında danışaraq Böyük Turan ideyasının vacibliyini vurğuladılar. Bu çıxışlar türk xalqlarının güclü əlaqələrini və gələcəkdə bir-birinə daha da sıx bağlı olmasının vacibliyini bir daha göstərdi.

Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın çıxışı isə dinləyicilər arasında xüsusi ruh yüksəkliyi yaratdı. O, türklərin bir-birinə bağlılığını, ortaq mədəniyyətin gücünü və birliyin yalnız mədəniyyətdə deyil, gələcəkdə hər sahədə önəmli olduğunu vurğuladı. 

Bu təqdimatda hər kəsin dilində türk birliyinin gücü, türk dünyasının əbədi dostluğu və qarşılıqlı dəstəyi əks olundu. Kitabda olduğu kimi çıxış edənlərin nitqində də türklərin tarixi kökləri və ortaq gələcəyi parlaq şəkildə təsvir edildi.

Təqdimat türk dünyasının həm tarixi, həm də mədəni cəhətdən nə qədər zəngin və güclü olduğunu bir daha bizə göstərdi. Türklər bir-birinə dəstək olduqca birlikdə daha böyük uğurlar əldə edəcəklər.

Təqdimatın xüsusi məqamlarından biri də kiçik bacımın orada iştirak etməsi idi. 

 

 

O, diqqətlə çıxışları dinlədi və bu müzakirələrin onda böyük maraq oyatdığını danışığından  hiss etdim. Onun gözlərində bu birlik və ortaq mədəniyyət haqqında xoş təəssüratların yarandığını görmək mənim üçün də çox sevindirici idi.

Bu cür tədbirlər gənc nəslin öz köklərinə olan bağlılığını gücləndirir və gələcəkdə türklər arasında əlaqələrin daha da inkişaf edəcəyinə inam yaradır. 

Təqdimatda Qənirə Paşayevanın xatirəsi də unudulmadı. Onun ölümündən bir il keçsə də, bizlərə qoyub getdiyi dəyərlər və ideyalar hələ də qəlbimizdə yaşayır. Qənirə xanımın türk dünyası üçün göstərdiyi zəhmət və apardığı mübarizə biz gənclərə ilham verməkdə davam edir. Bizim onun mirasını davam etdirməmiz Türk dünyasının güclənməsində əhəmiyyətli bir addımdır. Qənirə Paşayevanın gördüyü işlər və gətirdiyi yeniliklər bizə bir örnək olmalıdır.

Bu tədbirdə iştirak edən hər kəs onun ideallarını yaşatmaq üçün bir araya gəlmişdi. Bu, yalnız bir xatirə yox, eyni zamanda gələcəkdəki fəaliyyətlərimiz üçün bir vəddir. Qənirə xanımın ruhu, bu birliyin və davamlılığın əhəmiyyətini bizə bir daha xatırlatdı.

Türk xalqları bir-birinə dayaq olduqca Böyük Turanın ideyası reallığa çevrilə bilər. Biz Ulu Öndərin bizə mirası olan Azərbaycanımızı başda Cənab Ali Baş Komandan olmaqla yaşadıb, inkişaf etdirməyə and içmiş, yenilməz bir xalqıq. Yaşasın Azərbaycan! Yaşasın Türk Dünyası! 

 

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.