Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçirilir. Bu gün oktyabrın 2-dir və səhər saat 10-da sərginin təntənəli açılış mərasimi olub.
Sərgidə Türk Mədəniyyəti və İrsi Fondu da yaxından iştirak edəcək.
Bu gün - oktyabrın 2-də saat 14-də Lütfizadə təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından tanınmış qazax ədibi Kemel Tokayevin “Xüsusi tapşırıq” kitabının təqdimatı olacaq.
Həmin gün saat 16-da Füzuli təqdimat zonasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Füzuli irsinin əbədiləşdirilməsi ilə bağlı Fərman və Sərəncamlarını ehtiva edən “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabı təqdim ediləcək.
Oktyabrın 5-də saat 10-da Yaşıl zona” təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından tanınmış qazax yazıçısı Bardibek Sokrakbayevin “Mənim adım Kojadır” kitabının təqdimatı və 100 illik yubileyi mərasimi keçiriləcək.
Həmin gün saat 11-də Füzuli təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından görkəmli qazax yazıçısı Malik Otarbayevin “Gözlədiyimiz xoşbəxtlik” kitabının təqdimat mərasimi olacaq.
Nəhayət, oktyabrın 7-də saat 14-də Lütfizadə təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından türkmən ədəbiyyatının klassik şairi Məhdimqulu Faraqinin “Aşiq olmuşam” adlı şeirlər kitabı təqdim ediləcək.
Həmin gün saat 16-da isə Lütfizadə təqdimat zonasında “Türk dünyasının elmi inciləri” seriyasından Qazaxıstan Respublikasının dövlət və elm xadimi Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabının təqdimat mərasimi baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)