Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, baş qərargahı Bakıda yerləşən və türkdilli dövlətlər üzv olduğu beynəlxalq təşkilat olan Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə 23 sentyabrda İstanbulda Ərazi İdarəetmə Təcrübə Paylaşımı Proqramının açılışı olmuşdu, 5 gün davam edən proqram bu gün yekunlaşacaq.
Təcrübə Paylaşma Proqramında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistandan yüksək səviyyəli menecerlər iştirak edirlər.
Proqram Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Fatih Bələdiyyəsi, İstanbul Ticarət Universiteti və Türk Dünyası Vəqfinin töhfələri ilə həyata keçirilir.
Proqram çərçivəsində iştirakçılar Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Milli Saraylar Müdirliyi, Vəqflər Ümumi Müdirliyi, Gelibolu Tarixi Ərazi Müdirliyi, Çanaqqala Savaşları Gelibolu Tarixi Ərazi Müdirliyi, İstanbul Tarixi Ərazilər Bölgəsi Müdirliyi, Fatih Bələdiyyəsi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) tərəfindən həyata keçirilən ərazi idarəçiliyi təcrübələri haqqında nəzəri və praktiki biliklər əldə etməkdədirlər.
Bu gün - 27 sentyabr 2024-cü il tarixində İstanbul Ticarət Universitetinin Sütlüce Kampusunda keçiriləcək Təcrübə Paylaşımı Proqramının sonuncu günü səhər sessiyalarının ilkində Türk Dünyası Ərazi İdarəetmə Dərnəyi Vizyon Seminarı iştirakçıları arasında ünsiyyət və qarşılıqlı əlaqənin artırılmasına dair ideyaları müzakirə edəcək. Qurumlarla birlikdə layihələr inkişaf etdiriləcək və ortaq qanunvericilik üzərində çalışılacaq. Bu seminardan sonra iştirakçılar öz ölkələrində mədəni irs və konservasiya təcrübələri haqqında təqdimatlar edəcəklər.
Bu gün ictimaiyyətə açıq olan proqramın günorta seansları İstanbul Ticarət Universitetinin Sütlüce Kampusunun konfrans zalında saat 14:00-da başlayacaq. Günortadan sonra keçiriləcək ilk sessiyanın moderatorluğu Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu və Yıldız Texniki Universitetindən Prof. Zeynep Gül Ünal, Gürcüstan Universitetindən Prof. James K. Reap və Liverpool Universitetindən Prof. Soumyen Bandyopadhyay-ın məruzəçi olacağı "Türk Dünyasında Mədəni İrs və Qorunma" adlı panel keçiriləcək. Bu paneldən sonra tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti və beynəlxalq təşkilatların nümayəndələrinin yekun nitqləri ilə yekunlaşacaq.
Türk Mədəniyyəti və İrsi Fondu haqqında:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun əsasnaməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (hazırda Türk Dövlətləri Təşkilatı kimi tanınır) Bişkek Zirvə toplantısında 23 avqust 2012-ci ildə qəbul edilmişdir. Fond öz fəaliyyətinə 11 sentyabr 2015-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astana Zirvə toplantısında səfir Günay Əfəndiyevanın Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olunması ilə başlayıb. Beynəlxalq təşkilat statusuna malik olan Fondun Katibliyi Bakıda yerləşir. Hazırda Fonda Qazaxıstanın keçmiş mədəniyyət naziri Aktoti Raimkulova rəhbərlik etməkdədir.
Türk Mədəniyyəti və İrsi Fondu layihə və proqramların dəstəklənməsi və həyata keçirilməsi yolu ilə türkdilli xalqların mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi daşıyır. Bu məqsədlərə çatmaq üçün Fond müvafiq qurumlarla əməkdaşlıq edir və türk xalqları arasında mədəniyyət, təhsil, elm, insan hüquqları, turizm, informasiya və kommunikasiya sahələrində və digər prioritet sahələrdə fəaliyyətə dəstək verir.
Türk Mədəniyyəti və İrsi Fondu aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
* Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği;
* Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı elmi-texniki problemlərin həlli;
* seminarların, treninqlərin, konfransların, konqreslərin və sahə tədqiqatlarıyla sərgilərinin təşkili;
* Dövri nəşrlərin elektron və çap formatında hazırlanması;
* müsabiqələr, festivallar, turnirlər və s. tənzimləmə;
* türkdilli xalqların yaşadığı bölgələrdə ənənəvi və tətbiqi sənətin canlandırılması, dəstəklənməsi və inkişafı;
* Sənətkarlara, rəssamlara və digər yaradıcı sənətçilərə əqli mülkiyyət hüquqlarının qorunmasında köməklik etmək.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)