Aktotu Raimkulova: “Türk Mədəniyyəti və İrsi Fondu türk irsinin qorunmasına töhfə verir”

 

Təşkilatımızın missiyası türk dünyasının mədəniyyəti və irsinin dəstəklənməsi, populyarlaşdırılması və qorunmasıdır.

Bu barədə AzərTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova Astanada "Füzuli – 530 misra" kitabının təqdimatı zamanı bildirib.

"Dövlət başçılarımızın tapşırıqlarına uyğun olaraq, biz ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstəririk", - deyə o vurğulayıb.

Raimkulovanın sözlərinə görə, Fondun işi türk irsinin qorunması və yayılması üçün elmi yanaşma, kataloqlaşdırma və sistemləşdirmədən ibarətdir.

"Biz digər türk təşkilatları ilə birlikdə, əsrlərlə yaşı olan türk dünyasının yazıçılarının, alimlərinin və şairlərinin yaratdığı ümumtürk irsinin nəşri və təbliğinə öz töhfəmizi verdiyimiz üçün böyük qürur hissi keçiririk", - deyə o bildirib.

Fond tərəfindən nəşr edilmiş Məhəmməd Füzuliyə həsr olunmuş kitabın təqdimatından danışan Aktotu Raimkulova, böyük şairin şərəfinə Azərbaycanda və bütün dünyada tədbirlərin keçirildiyini deyib.

"Onun gözəl poeziyası hər yerdə səslənir. Biz çox şadıq ki, Bakıda yerləşən Mədəniyyət və İrs Fondu Füzuli irsinin təbliğinə öz töhfəsini verib və onun qəzəllərini, poemalarını və şeirlərini qazax dilinə tərcümə edib. Bu sahədə təcrübəmiz var: biz bütün böyük əsərləri türk dünyasının dillərinə tərcümə edirik", - deyə fondun prezidenti vurğulayıb.

O qeyd edib ki, gələcəkdə digər dillərə - qırğız və özbək dillərinə tərcümələr planlaşdırılır.

"Artıq xeyli iş görülüb, böyük Füzulinin qəzəl və poemalarının Fondumuzun dəstəyi ilə qazax dilinə tərcümə edilməsindən məmnunluq duyuruq", - deyə o əlavə edib.

Raimkulova bildirib ki, görkəmli sənətkarların əsərləri türk dillərinə tərcümə olunaraq bütün türk dünyası üçün əlçatan hala gətirilir.

"Bu, bizim ümumi mədəni irsimizdir və Türk Mədəniyyəti və İrsi Fondu öz töhfəsini verir. Biz buna çox şadıq, çünki o, türk xalqları arasında birliyi gücləndirməyə xidmət edir", - deyə o yekunlaşdırıb.

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.