“Türk dünyasından hekayələr” adlı antologiya nəşr olunub

Azərbaycan Respublikası Gənclər Fondunun fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Məleykə Mirzəlinin həyata keçirdiyi “Türk dünyası hekayələrdə” adlı layihə çərçivəsində “Türk dünyasından hekayələr” kitabı nəşr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalının verdiyi məlumata görə, kitabda türk dünyasının müxtəlif ölkə və topluluqlarından olan çağdaş yazarların yaradıcılıq örnəkləri yer alıb. Türk inanc sisteminin, etnoqrafik ünsürlərinin, milli dəyərlərinin, tarixinin, ədəbiyyatının və s. əks olunduğu hekayələr seçilərək Azərbaycan türkcəsinə uyğunlaşdırılıb və kitablaşdırılıb.

Antologiya aşağıdakı hekayələrdən ibarətdir:

•​Çağdaş ədəbiyyatımızdan Şəmil Sadiqin “Tanrının şeytan axtarışı” adlı hekayəsi;

•​Güney Azərbaycan ədəbiyyatından Ümid Nəccarinin “Ucalan bayraqlar, susmayan şüarlar” adlı hekayəsi;

•​Türk ədəbiyyatından Emre A.Aladağın “Qarğa lələyi” adlı hekayəsi;

•​Özbək ədəbiyyatından Şəhadət Uluğun “Böyük tənhalıq” adlı hekayəsi;

•​Qazax ədəbiyyatından Malik Otarbayevin “Son odun” adlı hekayəsi;

•​Qırğız ədəbiyyatından Gülzadə Stanaliyevanın “Nəzər” adlı hekayəsi;

•​Krım-tatar ədəbiyyatından Zera Bəkirovanın “Həyatımın ən ağır günü” adlı hekayəsi;

•​Tatar ədəbiyyatından Leis Zülqərneyin “Əlvida” adlı hekayəsi;

•​Türkmən ədəbiyyatından Toylu Canadovun “Təxəllüs” adlı hekayəsi;

•​Uyğur ədəbiyyatından Mahmud Muhammədin “Doppa haqqında” adlı hekayəsi;

•​Yakut ədəbiyyatından Arqafena Kuzminanın “Alaaci” adlı hekayəsi.

Kitabın 2024-cü il 28 sentyabr (15:00) tarixində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təqdimatı planlaşdırılır.

Qeyd edək ki, layihə rəhbəri M.Mirzəli Bakı Dövlət Universitetinin “Türk dilləri” ixtisası üzrə doktorantıdır, həmçinin BDU-da müəllim olaraq fəaliyyət göstərir. Müəllifin tərcüməsində bundan öncə “Çağdaş tatar hekayələri antologiyası” da yayınlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.