Astanada Qazaxıstan Xalqları Assambleyasının təşkilatçılığı ilə “Milli dəyərlər – millətin xəzinəsi” adlı festival keçirilib.
AzərTAC-ın şəhər akimliyinə istinadla verdiyi xəbərə görə, tədbirdə qazax xalqının mədəniyyətini, dekorativ-tətbiqi sənət növləri ilə tanışlığı, dostluq və sülhü təbliğ edən şəhər etnomədəni birliklərinin nümayəndələri iştirak ediblər.
Onların arasında qazax, rus, ukraynalı, tatar, qaraqalpaq, özbək, azərbaycanlı və digər millətlərin nümayəndələri olub.
“Bugünkü tədbirin məqsədi qazax xalqının mədəniyyətini, o cümlədən adət-ənənələrini və incəsənətini nümayiş etdirmək, xalqların mədəni identikliyini müəyyən etməklə, etnomədəni irsi qorumaq və yaymaqdır”, - deyə “Jayxun” Qaraqalpaq Etnomədəni Birliyinin sədri Tazabike Saliyeva bildirib.
Festival çərçivəsində keçəçilik üzrə ustad dərsi təşkil olunub. İştirakçılar keçə məmulatlarının hazırlanma texnikası ilə tanış olmaqla yanaşı, ixtisaslı ustaların rəhbərliyi altında özləri də onu sınaqdan keçiriblər.
Tədbirdə Qazax Xalq Çalğı Alətləri Ansamblının çıxışı iştirakçılara bayram əhvali-ruhiyyəsi bəxş edib.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)