Təranə Turan Rəhimli, filologiya elmləri doktoru, dosent - “Ədəbiyyat və incəsənət üçün”
Uyğur ədəbiyyatı müasir dünya xəritəsində Monqolustan, Çin, Orta Asiya torpaqlarının sərhədləri daxilindəki müəyyən ərazilərdə qədim dövrlərdən yaşayıb fəaliyyət göstərən uyğurların yüksək mədəniyyəti və zəngin milli-tarixi ənənələri əsasında yaranıb formalaşmış, inkişaf etmişdir.
Uyğurların dövlətçilik tarixi adını məşhur Köktürk və ya Orhun abidələrindən tanıdığımız əzəmətli Orhun Uyğur xaqanlığından başlayır. Bu qüdrətli dövlət süquta uğradıqdan sonra İdikut, Sarı uyğur və Qaraxanlılar kimi üç uyğur dövləti qurulur ki, onların üçü də tarix səhnəsində elm, mədəniyyət abidələri ilə dərin izlər qoymuşdur. Qədim uyğur dövləti İdikut haqqında elmi fikir və mülahizələrlə, bədii təsəvvürlərlə tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, uyğurlar öz zəngin mədəniyyətləri ilə torpaqlarının həmsərhəd olduğu, qaynayıb-qarışdığı qonşu dövlətlərin inkişafına həmişə nüfuzedici təsir göstərmişlər. Başqa türk xalqları kimi uyğurların da Qaraxanlı dövləti və Qızıl Orda dövrlərinə aid qədim Türk ədəbi-mədəni mirasının sahibi olduğu danılmazdır. Türkiyəli ədəbiyyatşünas Yaqub Öməroğlu uyğur ədəbiyyatının uzaq əsrlərdən gələn ədəbi ənənələr üzərində yüksəldiyinə diqqəti çəkərək yazır: “Çin sərhədləri daxilindəki Sincan Uyğur vilayətində uyğur ədəbiyyatının qədim dövrlərdən davam edib gələn söz sənəti ənənəsinin olduğu aşkardır. Abdu Şükür, Şah Məhəmməd, Məhəmməd Rahim Kaşkari, Məhəmməd Rəşid Enihisari, Məhəmməd İmin Hirkati, Molla Naci, Niyazi, Qasımi, Məhəmməd Sadiq Kaşkari, Əbdürəhim Nizari kimi uyğur ədəbiyyatının təməl daşını qoyan mümtaz şəxsiyyətlərdən qalan mirası Bilal Nazimlər, Ziya Səmədilər, Hizmet Əbdülinlər davam etdirdi.”
Uyğur ədəbiyyatının tarixindən bəhs edərkən bu ədəbiyyatın mühüm bir şaxəsinin yarandığı Qazaxıstandakı inkişaf yoluna ayrıca nəzər salmaq lazımdır. Çünki uyğur ədəbiyyatının Qazaxıstanın ədəbi-mədəni inkişafında özünəməxsus yeri olduğu kimi, Qazaxıstan dövlətinin və qazax millətinin də bu ədəbiyyatın təbliğində, başqa millətlər tərəfindən tanınmasında və sevilməsində mühüm xidmətləri vardır. Qazaxıstanda uyğur dilində qəzet və jurnalların, almanaxların nəşri, uyğur yazıçılarının əsərlərinin ədəbi ictimaiyyət tərəfindən diqqət görməsi, böyük oxucu rəğbəti ilə qarşılanması, Qazaxıstan Yazıçılar Birliyində Uyğur ədəbiyyatı şöbəsinin fəaliyyət göstərməsi bu ədəbiyyata qarşı səngiməyən marağın göstəricisidir. Qazaxıstan Yazıçılar Birliyinin yaradıldığı ilk vaxtlardan İ.Sattirov, İ.İskanderov kimi yazıçıların şeirlərinin çap edilməsi, C.Asimov, A.Sadirov və K.Hasonovun səhnə əsərlərinin tamaşaya qoyulması, məşhur qazax yazıçılarının əsərlərinin uyğur dilinə tərcüməsi, hər iki millətin yazıçılarının əsərlərinin iki dildə – qazax və uyğur dillərində nəşri uyğur dili və ədəbiyyatının Qazaxıstanda hansı nüfuza sahib olduğunu təsdiqləyir. Qazax və uyğur millətlərinin tarixi qohumluğunu, soy-köklərinin eyni əcdadlara gedib çıxdığını unutmayan hər iki millət bu doğmalıq münasibətlərini bu gün də qoruyub saxlayır. Bu milli qohumluğun təbliği baxımından uyğur ədəbiyyatının əhəmiyyətli rolunu ayrıca qeyd etmək lazımdır.
Milli mədəniyyətin, milli tarixi dəyərlərin, mənəvi mirasın hər zaman diqqət mərkəzində olması, unudulmaması üçün bütün mənəvi gücünü səfərbər edən çağdaş uyğur yazıçıları içərisində Əhmədcan Əşirinin ədəbi fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Yazıçının “İdikut” romanı uyğur millətinin qiymətli mənəvi abidəsi hesab olunmağa layiqdir.
Əhmədcan Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətində Şelek rayonunun Malıbay kəndində doğulmuşdur. 1956-cı ildə Panfilov şəhər Pedaqoji Peşə Məktəbini, 1961-ci ildə Əl Fərabi adına Qazaxıstan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1961-62-ci illərdə Qazaxıstan Dövlət Radiosunun uyğur bölməsində çalışmış, 1962-65-ci illərdə İ.Altensarin adına Pedaqoji Elmlər Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1965-ci ildə aspiranturanı bitirib Almatı vilayəti Talqar rayonunda müəllim işləməyə başlamışdır. 1970-82-ci illərdə “Kommunizm tuqi” (əvvəlki adı “Uyğur avazi) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. Əhmədcan Əşiri 1969-cu ildən üzvü olduğu Qazaxıstan Yazıçılar Birliyində 1982-ci ildə Uyğur Ədəbiyyatı şöbəsinin məsləhətçisi təyin olunur. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında birliyin idarə heyətinin sədri seçilir. 1991-95-ci illərdə “Arzu jurnalının baş redaktoru olmuşdur. O, Qazaxıstanın mədəni, ictimai və siyasi həyatının ən fəal üzvlərindən biri kimi öndə olub, Yazıçılar Birliyinin partiya bürosunun katibi, partiyanın Almatı vilayət komitəsinin üzvü, keçmiş SSRİ Ədəbiyyat fondunun idarə heyətinin üzvü, “Prostor” jurnalı redaksiya heyətinin üzvü, 2002-ci ildən Qazaxıstan Respublikası Dövlət Mükafat Komissiyasının üzvü kimi yorulmaz fəaliyyəti ilə seçilmişdir. 2006-2007-ci illərdə Qazaxıstan Yazıçılar Birliyinin Uyğur ədəbiyyatı şöbəsinin müdiri olmuşdur.
Bu illər ərzində yazıçının “Mən unudulmazam”, “Belə yaşamaq istəyirəm”, “Nurana”, “Solmaz çiçək”, “Torpağın göz yaşları” povestləri, “Tənha nanə”, “İdikut” romanları çap olunmuşdur. Yazıçının ədəbi mühitdə böyük əks-səda doğuran “Solmaz çiçək”, “Nurana” povestləri və “Tənha nanə” romanı rus, qazax, özbək, qırğız, ukrayna, çeçen-inquş, yakut və başqa dillərə tərcümə olunmuşdur. “Torpağın göz yaşları” povesti isə 1989-cu ildə çin dilində, uyğurların da yaşadığı Çin Xalq Respublikasında “Sinzyan” nəşriyyatında nəşr edilmişdir. Yazıçının böyük oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanan “İdikut” romanı 2003-cü ildə qazax dilində Qazaxıstanda, 2010-cu ildə rus dilinə tərcümə edilərək Moskvada, 2016-cı ildə Türkiyə türkcəsinə çevrilərək Ankarada çap olunub.
“İdikut” romanının davamı olan “Bavurcuk Art Tekin” romanı isə 2013-cü ildə nəşr edilmişdir. Həmin ildə yazıçının “Dili ziya” romanı da Moskvada işıq üzü görmüşdür.
Əhmədcan Əşiri uyğur milli dramaturgiyasının inkişafında da çoxsaylı uğurlara imza atmış, əsərləri Qazaxıstan Uyğur Teatrında səhnə təcəssümü tapmışdır. O, “Doğulanlar ölmürlər” publisistik, “Mukamçi”, “İdikut” tarixi, “Dekhanin” ekoloji, “Məharətli” kəskin satirik dramlarının müəllifidir.
Ədəbi tərcümə sahəsində də uğurlara imza atan uyğur yazıçısı Anton Pavloviç Çexovun “Albalı bağı”, Kuanqıt Şangitbayevin “Ah, bu cigitlər”, Federiko Qarsia Lorkanın “Qanlı toy” pyeslərini tərcümə etmişdir.
Görkəmli yazıçının söz sənətinə, mədəniyyətə xidmətləri Qazaxıstan hökuməti tərəfindən yüksək qiymətləndirilmiş, o, bir çox mötəbər fəxri adların və mükafatların sahibi olmuşdur. 1994-2005-ci illərdə Qazaxıstan Dövlət Təqaüdü almış, 2003-cü ildə “İdikut” romanına görə “İlham” mükafatı laureatı olmuş, “Əməkdə fərqlənmə” medalı və “Astana” medalı ilə təltif edilmişdir. 1988-ci ildə ali təltif olan Qazaxıstan Ali Sovetinin fəxri fərmanına layiq görülmüş, 2005-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə “Qazaxıstan Respublikası Əməkdar İncəsənət Xadimi” adını almışdır. 2011-ci ildə ədəbi xidmətlərinə görə Nursultan Nazarbayev tərəfindən fəxri fərmanla təqdir edilmişdir.
Uyğur yazıçısının “İdikut” romanını yaradıcılığının zirvəsi hesab etmək olar. “İdikut” oxucuda uyğur milli varlığının kamil ifadəsi, uyğur həyatının ensiklopediyası kimi dolğun bədii təəssürat yaradır. Paytaxtı Turfan şəhəri olan İdikut dövləti miladdan sonra İdikut Pan Təkin xan tərəfindən 850-ci ildə yaradılıb. “İdikut” sözünün mənası “ulu bəxt”, ulu səadət” olduğundan hökmdarların Allah tərəfindən seçildiyinə, uca bir tale ilə doğulduğuna işarə olaraq dövlət başçısının adının əvvəlinə bu söz əlavə edilirdi. Beləliklə, İdikut dövlətinin adı gözəl tale və xöşbəxtliyi ifadə edirdi. Əhmədcan Əşirinin romanında da ilk başda bu ölkəni qayğısız, xoşbəxt, öz maddi və mənəvi sərvətlərindən məmnun, hökmdar sarıdan bəxti gətirən görürük. Lakin bu xoşbəxt dövlət, bərəkətli torpaqları, yüksək milli mədəniyyəti, sənətkarlığı, elmi, təhsili ilə qonşu dövlətlərin diqqətini öz üzərinə çəkən İdikutu tarixin ən çətin sınaqları gözləyir. Tarixdən də bəlli olduğu kimi, İdikut uyğur dövləti yalnız 850-1125-ci illərdə müstəqil dövlət kimi yaşaya bilib. Tarixin sonrakı dönəmlərində onun nemətlərinə həris ölkələrin tamahkarlığı İdikutun azadlığını əlindən alır. 1125-1209-cu illərdə Qara Kıtanlardan, 1209-1335-ci illərdə Çingiz xanın imperatorluğundan yarımasılı vəziyyətdə yaşayır.
Uyğur İdikut dövlətinin konkret tarixi dövrü haqqında təsəvvür formalaşdıran bu tarixi romanın aparıcı qəhrəmanı Çingiz xanın görkəmli sərkərdəsi olmuş uyğur xanı Bavurcuk Art Təkindir. Əhmədcan Əşiri bu obraz vasitəsilə əsərin əsas ideyasını açır, dövlət idarəçiliyində milli azadlıq mənafeyinin bütün maraqlardan öndə gəldiyini, milli müstəqilliyi qorumaq naminə bir dövlət başçısının nə kimi qurbanlar vermək iqtidarında olduğunu nəzərə çatdırır. Yazıçı Bavurcuk Art Təkinin ağıllı siyasəti, Çingiz xanın vassallığını könüllü qəbul etməsi sayəsində öz vətənini monqol atlarının dırnaqları altında məhv olmaqdan qoruduğunu, uyğur İdikut dövlətini süquta uğramaqdan, ölkəni xaraba qalmaqdan xilas etdiyini göstərir. Bütövlükdə əsərin bədii pafosu nəyin bahasına olursa-olsun, dövləti, milləti düşməndən qorumaq, onu tarixin yaddaşından silinməyə qoymamaq həqiqətinin izahına yönəlir.
Bavurcuk Art Təkin həmişə həqiqətin tərəfində dayanan, çəkinmədən, yorulmadan ədaləti bərpa etmək naminə mübarizə aparan bir qəhrəmandır. Əsərin əvvəlində atası İyən Tömürlə mükaliməsində də, Çingiz xanla dialoqlarında da onun əsas həyat prinsipinin ədalət olduğunu müşahidə edirik. O, xalqının varlığı, mövcudluğu naminə Çingiz xana təslim olsa da, onun qərarlarını qəbul etsə də, söhbətlərində və davranışlarında qəlbinin dəırinliklərindəki səsə, azadlığını heç kimə güzəştə getməmək andına sadiqdir.
Bavurcuk Art Təkin xalqa güvənən və onun etibarını qazanan bir hökmdardır. O, hər bir qərarını xalqına güvənərək verir, millətin taleyüklü məsələlərinin həllində nə qədər mürəkkəb situasiyalara düşsə də, İdikutluların onu anlayacağını, ona haqq verəcəyini bilir. Çünki İdikut xanı ilə sadə xalqı birləşdirən gözəgörünməz, sehrli bağlar var.
Romanın “Əsrarəngiz ordu” bölümündə atası İyən Tömürün əmri ilə edam kürsüsünə qaldırılan Bavurcuk Art Təkini bu haqsız cəzadan, dar ağacından xilas edən özünün yaratdığı ordu olur. Lakin onu böyük sevgiylə öz İdikutu seçən və axıradək ona sadiq qalan xalqdır. Ölkəni idarə etməkdə çətinlik çəkən, rəiyyətin min bir əziyyətlə qazandığı ruzusunu yarımasılı vəziyyətdə olduğu Kıtanlara vergi verməklə çoxdan xalqın gözündən düşən, Kıtanlara girov olaraq verdiyi oğlunun vətəninə geri qayıtdığı üçün edamına qərar verən İyən Tömür sonunda xalqın qəzəbinə gəlir. Edamdan xilas edildiyi an başındakı örtü çıxarılınca atasının öldürüldüyünü görüb özünün sağ qalmasına sevinə bilməyən Bavurcuk Art Təkinlə Atay Salinin dialoqu bu baxımdan diqqəti çəkir: “Bavurçuk Art Təkinin bütün bədəni titrədi, fəryad qoparıb uşaq kimi ağlamağa başladı:
- Mənim atam! Atamı nədən öldürdünüz?!
- Xalqın hökmü belədir,- Atay Sali dedi, onu öz doğma balası kimi bağrına basdı, qıvrım saçlarını sığallayıb təsəlli verdi. - Bundan sonra sənin atan da, anan da xalqdır.”
Baş rahib Atay Salinin “atan da, ana da xalqdır” kəlməsi həmin o müdhiş və eyni zamanda, yenidən doğulduğu gündən İdikutun həyat devizinə çevrilir. O, nəinki məzar daşına “İdikut İyən Tömür, xalqın qəzəbinə düçar olmuş” sözləri yazılan atasının səhvlərini təkrarlamır, əksinə xalqı həmişə özündən yüksəkdə görür. Yeri gələndə sahib olduğu hər şeyi xalqının yolunda, millətinin varlığı uğrunda fəda etməyə hazırdır. Məhz buna görə dünyanı çulğayan təhlükəni – Çingiz xan xaqanlığının dəhşətli müharibələrini öz ölkəsindən uzaq tutmaq üçün ağlasığmaz dərəcədə böyük qurbanlar verir.
Bavurcuk Art Təkinin xalqının əmin amanlığı üçün Çingiz xanla bağladığı sazişin gətirəcəyi fəlakətlərdən ilk dəfə onu xəbərdar edən Çingiz xanın qızı Altun Bikə idi. Sazişin şərtlərinə görə evlənəcəyi bu zərif və qeyri-adi intuisiyaya malik xaqan qızının müdhiş “proqnozu” gerçəkləşməsin deyə İdikut daim ayıq-sayıq olur. Lakin onun bu ayıq-sayıqlığı, tədbirli, ehtiyatlı siyasəti öz evinin içində sevimli həyat yoldaşı Aygümüş Məlikənin namusunu monqol noyanı Anquratın təcavüzündən qorumağa yetmir. Xalqını monqolların təcavüzündən uzaq tutmağı bacaran hökmdar xəbəri belə olmadan ailəsini qurban verir. Monqol xaqanı onun ən yaxşı sərkərdələrini cəsarətli çıxışlarına görə, haqqın tərəfində dayandıqları üçün amansızcasına qətlə yetirir. Tarixin tək-tək yetirə biləcəyi hünərli igidlərinin, ordu başçılarının məhvi Bavurcuk Art Təkinin ürəyində sağalmaz yara açır, günlərlə, həftələrlə gözünə yuxu getmir. Lakin yeganə təsəllisi onu yaşadır. Bu təsəlli – Beşbalıq, Turfan kimi gözəl İdikut şəhərlərinin monqollar tərəfindən yandırılıb külünün göyə sovrulmamasıdır, cənnətə bənzəyən İdikut bağlarında barını yığıb yığışdıra bilmədikləri meyvə ağaclarının məhv edilməməsidir, günahsız körpə uşaqların vəhşiliklə öldürülməməsidir, məsum gənc qızların, iffətli qadınların namusunun əldən getməməsidir, igidlərin alçalmaması, qocaların təhqir olunmamasıdır... Böyütdüyü oğullar monqol ordusunun tərkibində döyüşüb həlak olsalar da, analar Çingiz xanın güdaza verdiyi igid balalar üçün göz yaşı töksə də, İdikut dövlətinin yaşamasıdır. Ən əsası, monqolların təcavüzündən sonra bir çox millətlərin yaşadığı faciənin baş verməməsi, uyğur millətinin genetik fondunun dəyişməməsidir.
Öz millətini, idarə etdiyi dövləti Çingiz xanın qorxunc yürüşlərindən, sadist siyasətindən qoruya bilən İdikut hökmdarı Bavurcuk Art Təkin əzəmətli dövlət başçısı, cəngavər sərkərdə, müdrik siyasətçi kimi Türkün qüdrətini əks etdirir. “İdikut” romanı ulu türkün – adını daş kitabələrə, tarixi səlnamələrə, dastanlara yazmış, əsrlərin hafizəsinə köçürmüş ulu bir millətin, uca bir qövmün tarix meydanındakı heykəli kimi qürur hissi doğurur.
Oxucuya bu əzəmətli heykəlin, milli-mənəvi abidənin önündə ehtiramla baş əymək, uyğur İdikut dövlətinin timsalında Türkün qəhrəman keçmişini bir daha xatırlayıb Türk birliyi ideyasına inamla sarılmaq qalır.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)