XARİCİ ƏDƏBİYYAT - Özbək şairi Cahangir Nomozovun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı özbək şairi Cahangir Nomozovun şeirlərini təqdim edir. Şeirləri özbək dilindən dilimizə  Şahməmməd Dağlaroğlu çevirmişdir. 

 

 

RUHUN SƏBİR DƏRSİ

 

Özümü anladım, sənisə danıb,

Bu dünya fanidir, sevgi min əsrin.

Yağışlar dilədim, utanıb, yanıb,

Göz yaşları axdı Həsən Bəsrinin.

 

Özümü itirdim bir an içində

Məcnunluq iztirab, cənnətlik azar,

Ruhu cəm et deyib eşqin gücündə

“Məlamət” et dedi, pir Həmdun Qəssar.

 

Dörd tərəfim Qiblə, hər yan işıqlı,

Sərxoşam, xəyalım göy eşqindədi.

Sevgidə huşyar ol, oyaq ol deyə,

Səsini qaldırdı Cünəyd Bağdadi.

 

Yollarım eşq ilə yaşıllanardı,

Dövrəyə səslərdi “Zikri dövran”i.

Ruhuma səbirdən dərs oxudardı,

Şeyxül Abdulqədir özü – Cilani.

 

Açılardı bir-bir səmada sirlər,

Dünya tanınardı geniş bu ara.

Gözlərim qamaşardı, parladı nurlar,

Bir nəzər salanda Nəcməddin Kübra.

 

Ayrılıb gedirəm özümdən özüm,

Göylərim yamyaşıl, bir gözəl- mavi.

Təsbehə çevrildi indi hər sözüm,

Dualar etməkdə Əhməd Yəsəvi.

 

 

YUXULARDAKI OYAQ

 

Köhnə təşvişlərə sarmaşıb qaldım,

Yenə iztirabdan çıxmadı başım.

Boşa ağlamaram deyirdim, sonda,

Yağış olub axır gözümdən yaşım.

 

Bu gün gözlərimdə qayğılar şəkli,

Köhnə kitab kimi, toz basıb könlüm.

Yersiz xəzan oldu ümid güllərim,

Dəli küləklər tək  dağılmış ömrüm.

 

Mən oyaq qalıram yuxularımda,

Dualar edirəm xoş yatışımda.

Harada itirib qoydum özümü,

Huşumda deyiləm, hətta huşumda.

 

Göydəki ulduzlar – qayğı-həsrətim,

Zil qara gecədir, ən sadiq dostum.

Özümün özümə gəlir nifrətim,

Məgər sevilmədin, sevmədin, köksüm?

 

Məni xatirata  çəkir xəyallar,

Əlimdə qırışmış bir topa şəkil.

Təkrar yenə mənə dönüb gələydin,

Cansız şəkillərdə sən bəxt idin, bil.

 

Sinəmdə ilahi dərdlər gül açdı,

Böyük məhəbbət, eşq dönür nəzmə.

Qəlblərdə əbədi, daim səslənir,

Mənim ürəyimdən doğulan nəğmə.

 

Ruhum, məğlub olma rütubətlərə,

Həmişə hazır ol, güləşə, cəngə.

Qəlbdə dünya-dünya arzular ilə,

Nurlu sübh önünə çıxdım yenicə.

 

Ürəyim, təmiz ol, ağ kağız kimi,

Arzular başqadır, məqsədlər türfə.

Bunda rahatlığa yer yoxdur, əsla,

Sənin adın bəxtdir, yeni səhifə.

 

 

HƏR BİR DƏQİQƏMİ SÖZLƏRƏ YAZDIM

 

Bağlandım arzunun zəncirlərinə,

Gərəyindən artıq duydum ehtiras.

Eşq varmı könlümdə, ömrümdə mənim,

Bilmirəm kimləri etmişəm xilas?

 

İstədim, ürəkdə canlandı tüğyan

Gücləndi nəfsimin küləkləri də.

Qəlbimdə təlatüm, ruhumda üsyan

Məyusam, kövrəyəm, bu qədər sirdə.

 

Duyğular tufan tək daşmaqda dinməz

Təşbeh, şeirlərim söz çevirməsi.

Sözsüz, öz-özümə gəldim diksinməz,

İndi məndən mənlik üz çevirməzmi?

 

Hər bir dəqiqəmi sözlərə yazdım,

Hər ötən günümü eylədim kitab.

Qayğı-şadlığımı hesaba aldım,

Hələ də özümə gətirmirəm tab.

 

Bildim, anladım ki, nə varsa sərab,

Dünyəvi, ötəri çox dərdi gördüm..

Sevgidən yaranmış ürəyim xarab, 

Eşqin gecələrin yatıb ötürdüm...

 

Aldanıb aldanmış xəyallarıma,

Faydasız öymədə baharlar, yazlar.

Müəzzinlər azan verdiyi anda

Zirəklikdə məni ötdü xoruzlar...

 

 

EY BAHARIM 

 

Ey baharım, sən hardasan, ey baharım?

Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.

Kim dinləyər, ürəyimdə ahu-zarım,

Dərdlərimlə kağızlara üz tutmuşam.

 

Ey baharım, sən hardasan, ey baharım?

Sənsiz ömrüm gül açmadan xəzan oldu.

Yaddaşsızdır aydan aydın arzularım,

Örpəyini tapa bilmək yaman oldu.

 

Ey baharım, sən hardasan, ey baharım?

Ürəkdəki ümidlərim sönüb bitdi.

Sən olmasan ilham mənə biganədir,

Qələmimin qara rəngi bitib getdi.

 

Ey baharım, sən hardasan, ey baharım?

Darıxıram, qəlbə hisslər salıb, qayıt.

Canım, candan ötdü mənim arzularım,

Yenə mənə şadlıqları alıb, qayıt.

 

Ey baharım, sən hardasan, ey baharım?

Gəl, indi gəl, qəlbimə yol başla  indi.

Məni əsla tərk eləmə ömür boyu,

Sən gəl, mənim ürəyimdə yaşa indi.

 

 

EŞQ

 

Eşqsiz qalaraq, verməyəsən can,

Eşq ilə can ver ki, diri qalasan.

Mövlanə Cəlaləddin Rumi

 

Bu sevən  ürəyim sızlayıb ağrıyar,

Sümüklərim donar, buzlayıb ağrıyar.

Elə bil möhtacam bir yeni eşqə,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Niyə  deyib bahar, payız ağrınmam,

Alnımı bassa da tər, duz, ağrınmam.

Ağlıma gəlməsə bir qız, ağrınmam,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Duyğusuz bir mahnı, hava istəməm,

Heç kimə heç zaman dava istəməm.

Bu dərdimə çarə, dəva istəməm,

Qəlbim bunu sayar  ayıb, ağrıyar.

 

Nə qədər ağırdır hissiz yaşamaq,

Adsız, nişanəsiz, izsiz yaşamaq.

Həyat deyil axı eşqsiz yaşamaq,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

İçimdən içimə dolar nəfəsim,

Getdiyin tərəfdə solar nəfəsim.

Adını söyləsəm, güllər  nəfəsim,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Kövrəyəm, göylərə baxıram hər an,

Bu dərdlər ürəyi etməkdədir qan.

Hər gecə yuxusuz, dərdli, nigaran,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Eşqsiz nədir mənim insanlıq qədrim,

Eşqin haqqındadır hər şeir sətrim.

Ey İlahi, mənim müqəddəs dərdim,

Ey İlahi, yalnız aşiqlik dərdi,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.