“Ədəbiyyat və incəsənət” portalı Türkyə şairi Mahmud bəy Hasgülün şeirlərini təqdim edir. Mahmud bəy Hasgül Türkiyə Yazıçılar Birliyinin Tokat şöbəsinin başqanıdır.
Şeirləri dilimizə Təbriz təmsilçimiz Əli Çağla tərcümə edib.
SƏNDƏNDİR
Durğun suya düşən yağış damlası,
Bu qəlb belə titrəyirsə səndəndir.
Möcüzəydi ruhumun can tapması,
Bu qəlb səndən getməyirsə, səndəndir.
Ömrüm əllərindən badələr içir,
Köksüm qəfəsində min bir quş uçur,
Çillə gecəsi də sürətlə keçir,
Artıq mənə yetməyirsə, səndəndir.
İnan qəm yemərəm artıq ölsəm də,
İlk dəfə gül açdı könül xanəmdə,
Min deprem yaşamış bu viranəmdə,
Artıq bayquş ötməyirsə səndəndir.
Sən həyat pay verdin axır çağımda,
Çiçəklər açıldı viran bağımda,
Hər dəfə od tutan könül dağımda,
Artıq duman tütməyirsə, səndəndir.
Can vermək kimiydi girmək yuxuya,
Hər gecə düşərdim qanlı pusquya,
Yediyim yeməyə, içdiyim suya,
Fələk zəhər qatmayırsa, səndəndirş
Yaşamaq deyirdik biz buna sözdə,
Nə canım qalmışdı, nə qanım üzdə,
Ən kiçik dalğada, qara dənizdə,
Gəmilərim batnayırsa, səndəndir.
MİNNƏT EYLƏMƏM
Nəsimiyə nəzirə
Xar içində bitən qönçə gülə minnət eyləməm,
Dünya qovğasına düşüb qula minnət eyləməm,
Üç-dörd acizin əlimdə qalsa mübarək bu yol;
İt izində yerimərəm, yola minnət eyləməm.
Necə bir aləmdir belə hamı gedər karına,
Üç quruşa fəda edər, baxmaz etibarına,
Ərdəm, qeyrət, şərəf yoxsa nə qalar ki, varına,
Məqam, mövqe, şanü-şöhrət, pula minnət eyləməm.
İnsanlıqdan xəbərsizlər insanlara kor baxar,
Ürəyi kiçik olanlar, böyük medallar taxar,
Bu saxta Hind qumaşları boy göstərsə nə çıxar,
Atlaz yelkənlər yıxmışam, çula minnət eyləməm.
Ey Nəsimi sən Hasgüllər gülşəninin xanısan,
Zalımlara pəncə sıxan məzlumlar sultanısan,
Şeytan hökmdar olsa da, sən haqqın xaqanısan,
Haqq adıyla ötməyirsə bülbülə minnət eyləməm.
ÖNƏRİ
Başqa bağçalarda cənnət axtarma,
Əməklə, səbirlə göyərt bağını.
Həyat bəlkə sənə cəhənnəm, amma –
Özün başlat, özün qızıl çağını.
Min bir möhnət ilə yaşayırsan da,
Hər gün xəyalında daşıyırsan da,
Gecə yatağında üşüyürsən də,
Yandır alovunla qəlb ocağını.
Hər səhər bülbüllər bağa çıxırlar,
Zəfəran gülləri sənə baxırlar,
İndi çağlayaraq sular axırlar,
Yatma, dur kəşfə çıx sən öz dağını.
Nə axırın qalır, nə də əvvəlin,
Saxta çiçəklərə dəyməsin əlin,
Əslində səadət evində gəlin –
Ədəblə, hörmətlə aç yaşmağını.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)